Xəzər Universitetində tanınmış siyasi şərhçi, professor Ramiz Yunusun tələbələr və professor-müəllim heyəti qarşısında mühazirəsi keçirilib.
Musavat.com xəbər verir ki, mövzu “Dünyada geosiyasi xaos: təsirlər, risklər və Azərbaycanla Cənubi Qafqaz üçün imkanlar” olub.
Tədbiri universitetin təsisçisi, akademik Hamlet İsaxanlı açaraq qlobal dəyişikliklərin Azərbaycan üçün yeni reallıqlar yaratdığını vurğulayıb.
Mühazirəyə başlayan Ramiz Yunus hazırkı beynəlxalq sistemin sürətlə dəyişdiyini bildirib:
“Donald Trampın prezidentliyi dövründə yeni dünya düzəni yarana bilər. Ukrayna–Rusiya müharibəsi 4 ildir davam edir və dünya artıq çoxqütblü, konfliktli mozaikaya çevrilib”.
Onun sözlərinə görə, ABŞ–Çin qarşıdurması sadəcə iqtisadi və texnoloji rəqabət deyil, bu, sivilizasiyaların yeni modelləri uğrunda mübarizədir:
“Çin iqtisadi gücü ilə nəhəng coğrafiyaları idarə edir. Tramp və Si Cinpinin görüşündən sonra sabitliyin olması təsadüfü deyil”.

R. Yunus bildirib ki, süni intellekt, yüksək texnologiya və kiberhücumlar yaxın illərin əsas güc alətinə çevriləcək:
“Azərbaycan bu proseslərə ayaq uydurmalıdır. Yeni güc mənbəyi məhz texnologiyadır”.
Enerji təhlükəsizliyinə toxunan professor Azərbaycanın hələ uzun müddət neft-qazın qlobal əhəmiyyətindən faydalanacağını, lakin “yaşıl enerji”yə keçidin qaçılmaz olduğunu söyləyib:
“Qarabağda yaşıl enerji üçün geniş imkanlar yaranıb”.
Ramiz Yunus regiondakı siyasi dinamikanı təhlil edərək deyib:
“Coğrafiya hər ölkənin taleyidir. Cənubi Qafqaz hələ də həssasdır. Vaşinqtonda 8 avqustda sülh müqaviləsi paraflandı, Tramp yol xəritəsi müzakirə olundu”.
O, Ermənistanda baş verən prosesləri də diqqətlə izləmək lazım olduğunu vurğulayıb:
“Ermənistandakı siyasi ssenariləri yaxından izləməliyik. Hər versiyaya hazır olmalıyıq”.

Professorun sözlərinə görə, Azərbaycan qlobal xaos fonunda öz mövqeyini daha da gücləndirməlidir:
“Son 5 ildə Azərbaycan sübut etdi ki, qələbə nələrə yol açır. Xaos dövründə ən güclü silah birlik və yaradıcılıqdır. Azərbaycan gələcəyini milli həmrəyliyə və elmə əsaslanaraq qurmalıdır”.
Sual-cavab sessiyasında Ramiz Yunus Qərbin regiondakı siyasətinə toxunub:
“ABŞ-ın və Qərbin ikili standartlarını Ukrayna-Rusiya müharibəsində, Saakaşviliyə münasibətdə, ən əsası isə vətənimizə qarşı gördüm”.
O, ABŞ-yə köçdüyü ərəfədə İkinci Qarabağ müharibəsinin hələ başlamadığını xatırladaraq əlavə edib:
“BBC-də, səfirliklərdə mənə sual verirdilər: niyə Azərbaycanı müdafiə edirsiniz? Deyirdim, bəs kimi etməliyəm? Siz Gürcüstanı, Ukraynanı satdınız. Qərb ikibaşlı oyun aparırdı. Qrant alanların siyasi oyunlarını gördüm. Tramp buna görə USAID-in bir çox proqramını bağladı.

Bizim üstünlüyümüz 10 milyonluq xalqın birliyidir. Daxildən güclü olsaq, qonşuların taleyini yaşamayacağıq. Qarabağ bizi birləşdirdi və bu birliyi davam etdirməliyik”.
R.Yunus Azərbaycan-Ermənistan münasibətlərinə dair fikirlərini belə yekunlaşdırıb:
“Ermənistanda sülh və sabitlik yalnız bir neçə nəsildən sonra mümkün olacaq. Cəmiyyət özü seçim etməlidir: sülh istəyir, yoxsa müharibə”.


Şahanə Rəhimli
Musavat.com






