Epşteyn dosyelərində sensasiya: Klintonun çoxsaylı fotoları üzə çıxdı
ABŞ-da Ceffri Epşteyn işi üzrə açıqlanan yeni məxfi materiallar geniş rezonans doğurub.
Musavat.com xəbər verir ki, sənədlərdə ABŞ-ın sabiq prezidenti Bill Klintonun adına və fotolarına dəfələrlə rast gəlinir. Yeni materiallarda Epşteynin adasını ziyarət etmiş şəxslər arasında dünya şöhrətli musiqiçi, The Rolling Stones qrupunun solisti Mik Caggerin də adı çəkilir.
Bundan başqa, dosyelərdə ABŞ-dan ondan çox siyasətçi və yüksəkvəzifəli məmurun adının yer aldığı bildirilir. Sənədlərin tam məzmunu hələ ictimaiyyətə açıqlanmasa da, artıq siyasi və media dairələrində ciddi müzakirələr başlayıb.
Qalmaqallı işlə bağlı daha əvvəl internetdə Epşteynə aid olduğu iddia edilən yazışmalar da yayılmışdı. Həmin yazışmalarda Epşteynin Ağ Evin keçmiş baş strateqi ilə əlaqə saxlayaraq, Rusiya prezidenti Vladimir Putində Donald Trampa aid kompromat materialların olub-olmaması ilə maraqlandığı iddia olunur.

Media mənbələrində bildirilir ki, yazışmalarda adı çəkilən “Bubba” ləqəbi 1992-ci ildən etibarən Bill Klintona aid edilir. Bu iddialar isə ABŞ-da siyasi qalmaqalı daha da dərinləşdirib.
Qeyd edək ki, Epşteyn işi dünya siyasəti, biznes və şou-biznes elitasını əhatə edən ən böyük qalmaqallardan biri olaraq qalır və yeni açıqlamalar bu dosyelərin hələ uzun müddət gündəmdə olacağını göstərir.
***
Ceffri Epşteyn qalmaqalı ətrafında yayılan yeni iddialar beynəlxalq gündəmi yenidən silkələyib.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə və bir sıra qeyri-rəsmi mənbələrdə yayılan məlumatlara görə, Maykl Cekson və ABŞ-ın sabiq prezidenti Bill Klintonun Epşteynə məxsus adada görüşdüyü iddia edilir. Məlumatlar hələlik rəsmi sənədlərlə təsdiqlənməsə də, məsələ geniş müzakirələrə səbəb olub.
Qalmaqalın daha da böyüməsinə səbəb olan məqam isə “Bubba” adlı şəxs ətrafında dolaşan şayiələrdir. Belə ki, daha əvvəl ABŞ prezidenti Donald Trampla bağlı yayılan və sosial mediada böyük rezonans doğuran iddialarda naməlum “Bubba”dan bəhs olunurdu. İnternet istifadəçiləri bu ləqəbin Bill Klintona aid ola biləcəyini irəli sürüblər.

Analitiklər qeyd edirlər ki, Epşteyn dosyelərinin açıqlanması fonunda bu cür iddiaların ortaya çıxması təsadüfi deyil və yaxın saatlarda daha səs-küylü adların gündəmə gələcəyi istisna edilmir.
Qeyd edək ki, Epşteyn işi uzun illərdir dünya siyasəti, şou-biznes və maliyyə elitasının bir sıra tanınmış simaları ilə mümkün əlaqələr səbəbilə qlobal qalmaqal olaraq qalır. Yeni sənədlərin və faktların açıqlanması bu qalmaqalı daha da dərinləşdirə bilər.
Musavat.com






