Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, keçmiş CHP sədri Kamal Kılıçdaroğlunun “CHP təmizlənməli və prosesə cəlb olunmalıdır” sözlərini şərh edərək müxalifətdəki korrupsiya ittihamlarına diqqət çəkib.
Musavat.com xəbər verir ki, prezident bildirib ki, Kılıçdaroğlu da artıq partiya daxilindəki rüşvət və korrupsiya iddialarından narahatlığını gizlətmir.
G20 Zirvəsindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Prezident Ərdoğan deyib:
“Cənab Kılıçdaroğlunun bəslədikləri ilanlardan narahat olduğunu və üsyan etdiyini görürük. O, CHP-ni rüşvət, şantaj, oğurluq və korrupsiya girdabına sürükləyən düşüncə tərzindən narahat olduğunu açıq şəkildə bildirir”.
Ərdoğan vurğulayıb ki, dövlət idarəçiliyində xalqın etibarını itirənlərə qarşı ən sərt addımlar atılmalıdır:
“Biz heç vaxt heç kimin, millətin pulunun bir qəpiyini belə öz maraq qruplarına verməsinə icazə verməmişik, verməyəcəyik. Kimsə mövcud sistemdən tunel qazıb korrupsiya və rüşvət üçün yol açırsa, o yollar bağlanacaq.”
Prezident partiyanın hazırkı rəhbərliyini korrupsiya ittihamlarını gizlətməyə çalışmaqda günahlandırıb:
“Bu o deməkdir ki, ortada rüşvət maşını var və Kılıçdaroğlu da bunu etiraf edir. Bu gün CHP rəhbərliyinin əsas məqsədi məhkəməlik iddiaları ört-basdır etmək və partiyanın düşdüyü bataqlığı gizlətməkdir. Ümid edirik ki, CHP üzvləri partiyalarını bu girdabdan xilas edə biləcəklər”.
Musavat.com






