İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Hindistana yenə “qarmaq atır”- İrəvan Dəmir Yumruq üçün darıxıb...

742 27.01.2026 00:45 Dünya A A

Ermənistan durmadan Hindistandan "imdad diləyir". Son olaraq, xarici işlər naziri Ararat Mirzoyan Hindistanın Respublika Günü münasibətilə həmkarı Subramanyam Cayşankarı təbrik edərkən açıq şəkildə bildirib ki, Ermənistan Hindistanla əməkdaşlığın bütün sahələrində yeni təşəbbüslər irəli sürməyə və münasibətləri yüksək səviyyəyə qaldırmağa hazırdır.

Burada əsas diqqətçəkən məqam odur ki, bu əməkdaşlıq yalnız diplomatik jest deyil. Belə ki, son illərdə Ermənistan Hindistandan müasir silahlar, raket sistemləri və yüksək texnologiyalı müdafiə avadanlıqları alaraq ordusunu gücləndirməyə cəhd edir. Bu da Azərbaycan tərəfin diqqətindən yayına bilməz. Görünən odur ki, sanki Ermənistan növbəti Dəmir Yumruq üçün darıxıb...

Mövzu ilə bağlı Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Musavat.com saytına açıqlamasında bildirib ki, Ermənistan ilə Hindistanın hərbi yaxınlaşması Ermənistan üçün elə də faydalı nəticələr verə bilməz: “Əksinə, bu, Ermənistanın təhlükəsizliyini artıran yox, daha da riskli edən bir məqamdır. Çünki Hindistanın Cənubi Qafqazda heç bir real təsir imkanı yoxdur. Ermənistanı müdafiə edə biləcək qədər hərbi-siyasi potensiala da sahib deyil.

Hətta nəzəri olaraq təsəvvür etsək ki, Cənubi Qafqazda Ermənistanın da iştirak etdiyi hər hansı bir münaqişə baş verir, Hindistan bu halda heç bir formada Ermənistanı müdafiə edə bilməz. Ona görə də məncə, Ermənistan bu cür addımlarla regionda özünü daha da təcrid vəziyyətinə sala bilər.

Ermənistan bu addımla Cənubi Qafqazdan kənar bir geosiyasi oyunçunu regiona cəlb etməyə çalışır. Bu isə riskli və yol verilməməli bir məsələdir. Nə Cənubi Qafqaz ölkələri, nə də regiona qonşu dövlətlər bu məsələyə biganə qala bilməz və qalmamalıdırlar. Hindistan üçün Cənubi Qafqazda yer yoxdur”.

M. Göyüşlü qeyd edib ki, bu proses yeni bir silahlanma yarışına qoşulma kimi görünür ki, bu da əlavə problemlər yarada bilər: “Ermənistanın belə bir silahlanma yarışına qoşulmaq üçün nə iqtisadi, nə də hərbi gücü var. Üstəlik, Hindistan silahlarının keyfiyyəti və texniki göstəriciləri də yüksək səviyyədə deyil. Pakistanla Hindistan arasında bir neçə gün davam edən müharibədə Hindistanın məğlubiyyətini hamımız müşahidə etdik. Bu da Hindistan silahlarının effektivliyinin məhdud olduğunu göstərir. Bu daha çox geosiyasi bir məsələdir. Pakistan–Azərbaycan–Türkiyə yaxınlaşmasına Hindistanın cavab vermək cəhdi kimi görürəm və bu cəhd effektiv deyil. Hindistan bu məsələlərdə sanki qıcıqlanıb, aqressiyası artıb və bu formada münasibət bildirməyə çalışır. Ermənistan isə Hindistanla birlikdə buna cavab verə biləcək gücdə deyil.

Ermənistan İstanbulun bir məhəlləsi qədər olan bir ölkədir. Yəni bu tip məsələlərdə real təsir imkanları yoxdur və ola da bilməz. Bu, süni şəkildə gərginliyi artırmaq cəhdidir. Düşünürəm ki, bir müddət sonra Ermənistan bu istiqamətdə atdığı addımlardan əl çəkəcək”.

Siyasi şərhçi əlavə edib ki, Ermənistan bir zamanlar Rusiyanın forpostu idi və indi tədricən bundan uzaqlaşır: "Görürlər ki, bu yol mənasızdır. Otuz ildən sonra bunu başa düşməyə başlayıblar. Hindistanla bağlı prosesin mənasız olduğunu anlamaq üçün isə 30 ilə ehtiyac olmayacaq. Bunu daha tez anlayacaq və bu cür addımlardan geri çəkiləcəklər.

Azərbaycan isə bu məsələni davamlı şəkildə gündəmdə saxlamalı, Ermənistanı diplomatik, siyasi və digər bütün vasitələrlə təzyiq altında tutmalıdır ki, bu istiqamətdə daha irəli gedib regionda əlavə gərginlik yaratmasın. Ümumilikdə, Ermənistan–Hindistan müttəfiqliyi real təhlükə və ya ciddi problem yarada biləcək səviyyədə deyil”.

Cavanşir Abbaslı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR