“İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin yenidən "Zəngəzur dəhlizi"nə qarşı çıxması İran siyasətinin regiona münasibətdə hələ də aydınlaşmamasının göstəricisidir. Bəzən biz İranın bu dəhlizin açılmasına loyal münasibətini eşidirik, bəzən isə çox sərt ritorikalarla çıxış etdiyinin şahidi oluruq”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputatın fikrincə, bu, daha çox Ermənistanın sürüşkən, bəzən isə aldadıcı mövqeyi ilə əlaqədardır:
“Əgər ərazi Ermənistana aiddirsə və beynəlxalq hüquq çərçivəsində Ermənistan sərhədləri daxilində tanınıbsa, o zaman hər hansı qonşu ölkənin, o cümlədən İranın Ermənistanın daxili işlərinə müdaxilə etməsi yolverilməzdir. Ermənistan İranla münasibətdə öz mövqeyini birdəfəlik, qəti şəkildə ifadə etmir. Çünki gələcək perspektivdə İrandan Azərbaycana qarşı yararlanmaq məqsədi güdür. Əgər Ermənistan rəsmi şəkildə bəyan etsə ki, "Zəngəzur dəhlizi"nin keçəcəyi ərazi onun yurisdiksiyası altındadır və bu ərazidə istədiyi kimi davranacaq, bu zaman İranın gerçəkliyi dəyişmək üçün əlindən heç nə gəlməz”.
H.Babaoğlu vurğulayıb ki, Azərbaycanın mövqeyi aydın və dəqiqdir:
“Azərbaycan "Zəngəzur dəhlizi"nin açılmasında israrlıdır və bu dəhliz açılacaq. Azərbaycan yeni reallıqda elə şərtlər formalaşdırıb ki, dəhlizin açılmaması mümkün deyil. Ermənistan istəsə belə, bunu qarşısını ala bilməz. O ki qaldı Əli Əkbər Vilayətinin “Tramp marşrutu”nu "Zəngəzur dəhlizi" ilə eyniləşdirməsinə, bu, öncədən də bəlli olan mövqe idi. Sadəcə İran seçkiöncəsi Rusiya vasitəsilə Ermənistana təzyiq göstərməyə çalışır. İran həm Ermənistanı Rusiyanın orbitinə qaytarmağa, həm də Cənubi Qafqazda öz mövqelərini gücləndirməyə çalışır. Çünki İran və Rusiya Cənubi Qafqazda müstəmləkəçilik cəhdlərinin iki qanadıdır. Birinin zəifləməsi digəri üçün də təsirsiz ötüşmür. Ona görə də bu proseslərə yalnız "Zəngəzur dəhlizi" kontekstində deyil, həm də Rusiyanın İrana xəbərdarlığı kimi qiymətləndirilməlidir”.
Nigar HƏSƏNLİ,
Musavat.com






