Ermənistanda daxili siyasi proseslər yeni mərhələyə qədəm qoymaqdadır. Belə ki, hakimiyyətə qarşı sərt çağırışları və qalmaqallı həbsi ilə gündəmdə olan erməni iş adamı Samvel Karapetyanın ətrafında formalaşan qüvvələr siyasi arenaya açıq iddia ilə çıxıb. Karapetyanın tərəfdarları tərəfindən yaradılan və “Bizim yolumuz” hərəkatının bazasında formalaşdırılan “Güclü Ermənistan” adlı yeni siyasi partiya artıq rəsmi qeydiyyatdan keçib.
Müşahidəçilər bu addımı Ermənistanda mövcud hakimiyyətə alternativ güc mərkəzinin formalaşdırılması cəhdi kimi dəyərləndirir. Xüsusilə Karapetyanın hakimiyyətin devrilməsinə çağırışlar və maliyyə maxinasiyaları ittihamları ilə ev dustaqlığında saxlanılması fonunda partiyanın yaradılması ölkədə siyasi gərginliyin daha da artacağından xəbər verir.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanda ilin ilk 6 ayı kifayət qədər gərgin keçəcək.

Onun sözlərinə görə, parlament seçkiləri yaxınlaşdıqca Ermənistan siyasi səhnəsində mövcud hökumətə qarşı müxtəlif addımların atılacağı gözləniləndir:
“Çünki hazırkı hakimiyyətin Ermənistanın xilasına yönəlik apardığı siyasət kilsə və revanşistlərin mövcudluğunu təhdid edir. Bu daxili rıçaqlardan öz maraqları üçün istifadə edən Rusiya da parlament seçkilərində revanşistlərin qələbə qazanmasına çalışır. Rusiya Karapetyan üzərindən bu siyasəti aparmağa çalışırdı. Onun həbs edilməsi Rusiyanın planlarını pozdu.
“Güclü Ermənistan” partiyasının yaranması ilə Rusiyanın daxildəki rıçaqları parlament seçkilərinə qədər ciddi ictimai dəstək əldə etməyə və güclənməyə çalışırlar. Amma müşahidələr onu deməyə əsas verir ki, Ermənistan hökuməti digər alternativlərlə müqayisədə çox güclüdür. Xüsusilə kilsənin neytrallaşdırılması istiqamətində atılan tutarlı addımlar əvvəlki dönəmlərdən fərqli olaraq hökumətin güclü və qətiyyətli olduğunu göstərir. Kilsə tamamilə neytrallaşdırıldıqdan sonra bu, revanşistlərin də fəaliyyətinə ciddi şəkildə təsir edəcək. Parlament seçkiləri yaxınlaşdıqca ziddiyyətli məqamlar və gərgin proseslər özünü daha çox göstərəcək. Amma hökumət böyük ölçüdə daha çox imkanlara və ictimai dəstəyə sahibdir. Bu faktor parlament seçkisində də hökumətin qalib gəlməsini təmin edə bilər.
Ona görə də hesab edirəm ki, “Güclü Ermənistan” partiyası ilə ciddi nəticə əldə edilməsi mümkünsüz görünür. Paşinyana təzyiq vasitəsi rolunu oynamaqdan başqa bir nəticə əldə edə bilməyəcək”.
Cavanşir ABBASLI
Musavat.com






