Trampın emissarları bu gün Putinlə Ukraynanın taleyini masaya çıxaracaq
ABŞ və Ukrayna nümayəndələri Floridada (Mayami) kritik danışıqlar aparıblar. Ukrayna nümayəndə heyəti ilə görüşdə dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşner iştirak edib.
Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edir. Umerov vəzifəsindən azad edilmiş Andrey Yermakın yerinə nümayəndə heyətinin rəhbəri təyin edilib.
“The Washington Post” yazdığına görə, ABŞ administrasiyası bu həftə Ukrayna Prezidenti Volodimir Zelenskini münaqişənin həlli ilə bağlı sülh sazişinə razılıq verməyə təşviq edəcək. Bildirilir ki, Zelenski hazırda “çətin siyasi dövr” yaşayır. Onun ən yaxın köməkçisi, Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermak ətrafında baş qaldıran korrupsiya qalmaqalı ölkə prezidentini ciddi siyasi risklərlə üz-üzə qoyur. Nəşr qeyd edir ki, yeni həftə ABŞ tərəfindən Zelenskini yeni təzyiq dalğası gözləyir və Vaşinqton onun sülh razılaşmasını irəlilətməsini tələb edəcək.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna üzrə dialoqu davam etdirmək üçün dekabrın 2-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ukrayna üzrə danışıqların uğurunda maraqlıdır və buna görə proses media üzərindən “meqafon rejimində” aparılmayacaq. Onun sözlərinə görə, görüşün əvvəlindən qısa görüntülər yayımlanacaq və yekunda KİV üçün bəyanat da istisna olunmur. Peskov Yermakın vəzifədən uzaqlaşdırılmasının Ukrayna ilə danışıqlara təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bunun yalnız “praktikanın göstərəcəyi” məsələ olduğunu deyib. Görüşün gündəliyi açıqlanmasa da, tərəflərin əsas mövzusunun Ukrayna üzrə danışıqlar prosesi olacağı bildirilir.
“Axios” nəşri isə bu xüsusda qeyd edib ki, ABŞ çərşənbə axşamı (2 dekabr) Rusiya Prezidenti Vladimir Putinə təqdim etmək məqsədilə Floridada sülh planının iki əsas bəndi - ərazi və təhlükəsizlik zəmanətləri üzrə razılığa gəlmək niyyətindədir. Nəşr yazıb ki, bu məsələlər Mayamidə Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların diqqət mərkəzində olacaq.
Görüşdən əvvəl isə yüksək vəzifəli bir Amerika rəsmisi vurğulayıb ki, “ukraynalılar onlardan nə gözlədiyimizi bilirlər”. Nəşrin məlumatına görə, Putin çərşənbə axşamı ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkovla görüşə bilər.
Öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş Komandanı, Londondakı səfir Valeri Zalujnı ölkəsinin ərazi bütövlüyü və təhlükəsizlik prioritetləri ilə bağlı kəskin bəyanatla çıxış edib. Onun sözlərinə görə, Rusiya üçün hədəf təkcə Donetsk və Luqansk deyil, bütün Ukraynadır.
Zalujnı bildirib ki, Donetski güzəştə getmək barədə müzakirələr yolverilməzdir və bu, Ukraynanın gələcək təhlükəsizliyini təhlükə altına atar. “Ukrayna Donetski əsla güzəştə getməməlidir. Münaqişə yalnız təmas xəttində dondurula bilər. Biz NATO-ya indi üzv ola bilmirik, amma üzvlük hüququmuz mütləq qorunmalıdır”, - deyə o vurğulayıb.
General əlavə edib ki, Rusiya ilə müharibənin hələ uzun müddət davam etməsi mümkündür və bu səbəbdən Ukraynanın strateji ittifaqlara açıq qalması həyati əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Zalujnı Zelenskinin yerinə ən real namizəd sayılır. Amma göründüyü kimi, Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində onun mövqeyi Zelenskidən fərqlənmir.
Kreml ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə çərşənbə axşamı günün ikinci yarısında görüşəcəyini təsdiqləyib.
Rusiyalı politoloq Sergey Markov isə Floridada danışıqların uğursuz olduğunu bildirib: “ABŞ və Ukrayna arasında Floridada keçirilən danışıqlar yekunlaşıb. Nəticələr haqqında bir az sonra "sızmalardan" öyrənəcəyik. Hələlik diplomatik dildən sadə dilə tərcümə olunarsa, belə demək olar:
- Ukrayna qüvvələrinin Donbasdan çıxarılması ilə bağlı razılaşma demək olar ki, əldə edilib.
- Onlar Ukrayna üçün təhlükəsizlik zəmanətləri, yəni neytrallıq və Ukrayna qüvvələrinin sayı və silahlanmasına məhdudiyyətlər məsələsində razılığa gələ bilmədi.
- Danışıqlar davam edəcək.
- Uitkoff mövqeləri bir-birinə yaxınlaşdırmaq üçün Moskvaya uçacaq.
- Amerikalılar hiyləgərlik edirlər. Əslində onlar indi sadəcə, Zelenskiyə sülh üçün göstəriş verə bilər. Razılığa gələ bilməyiblərsə, bu o deməkdir ki, nədənsə amerikalılar Zelenskinin sülhə razılıq verməsini istəmir", - o bildirib.
ABŞ və Ukrayna nümayəndə heyətlərinin Floridadakı 5 saatlıq görüşü əsasən gələcək sülh razılaşması çərçivəsində Rusiya ilə sərhədin hansı xətt üzrə müəyyən olunmasına həsr olunub. Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı maraqlı məlumat yayıb. “Axios”a danışan iki ukraynalı rəsminin sözlərinə görə, danışıqlar mürəkkəb və gərgin olsa da, “produktiv” keçib. Məlumata görə, Kreml təkid edir ki, Rusiya Donbas üzərində tam nəzarət əldə etməyənədək döyüşləri dayandırmayacaq. ABŞ isə Ukraynadan bu ərazinin verilməsi müqabilində Vladimir Putini sülhə razı salmağı mümkün hesab edir. Lakin bu, Kiyev üçün son dərəcə ağrılı və daxili siyasi baxımdan partlayıcı güzəşt sayılır.
Bir saatlıq geniş formatlı görüşdən sonra müzakirələr iki tərəfdən yalnız üç nümayəndənin iştirakı ilə davam edib. ABŞ-ni xüsusi nümayəndə Stiv Uitkoff, dövlət katibi Marko Rubio və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edib. Ukrayna tərəfdən iştirak edənlər - Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov, Baş Qərargah rəisi Andrey Qnatov və hərbi kəşfiyyat rəis müavini Vadim Skibitski olub.
“Axios”un sitat gətirdiyi ukraynalı rəsmilərdən biri görüşü belə şərh edib: “Danışıqlar gərgin, lakin konstruktiv idi. ABŞ-nin prosesdə ciddi iştirakı yüksək qiymətləndirilir. Bizim məqsəd həm amerikalılara nəticə əldə etməyə kömək etmək, həm də dövlətçiliyimizi itirməməkdir”.
Donald Tramp da “Air Force One” bortunda jurnalistlərə açıqlama verərək danışıqların nəticələri barədə məlumatlandırıldığını və “razılaşma şanslarının yüksək olduğunu” bildirib.
Florida danışıqları Ukrayna üçün nə dərəcədə taleyüklü olacaq? Dekabr, nəhayət, atəşkəs gətirəcəkmi?

Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, ABŞ-nin təklif elədiyi sülh planı Ukraynanın dövlət və təhlükəsizlik maraqlarına o qədər ziddir ki, onun hər hansı bir formada dəyişdirilməsi və yeni maddələrin əlavə edilməsi ilə vəziyyət köklü şəkildə dəyişə bilməz: “28 maddəlik sülh planı sonradan müzakirə edilərək qısaldılsa da, yenə Ukraynanı təmin etmir və Ukraynanın maraqlarına qarşıdır. Ukrayna müharibəsi ilə bağlı aparılan danışıqlara hələ də Avropa İttifaqı təmsilçiləri və Avropa dövlətləri buraxılmır. Bu da o deməkdir ki, Rusiya ilə ABŞ arasında əldə olunacaq hər hansı razılaşma Avropa tərəfindən yenə də qəbul edilməyəcək. Xüsusilə Ukraynanın ərazi itkisi ilə barışacağı ilə bağlı məsələni özündə əks etdirən hər hansı bir razılaşmanı qəbul edəcəyi istisna olunur. Ona görə də Ukraynanın bütün elitası, cəmiyyəti, xalqı müharibənin ərazi güzəşti ilə həll olunması variantını yaxına belə buraxmaq istəmir. Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın mövcudluğunun legitimliyini əks etdirən hər hansı bir sənəd Ukrayna müharibəsinin həllinə gətirib çıxarmayacaq. Ən yaxşı halda mümkün olan o ola bilər ki, ərazi məsələlərini sonraya saxlamaq şərti ilə müəyyən aralıq məsələləri özündə əks etdirən atəşkəs sazişi imzalansın. Aparılan danışıqların bundan artıq müsbət nəticəsinin olacağı ehtimalı yoxdur”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






