Venesuela ətrafında baş verən hadisələr Rusiya-Ukrayna müharibəsini son günlərdə bir qədər kölgədə qoyub. Bununla belə, o istiqamətdə də hərəkətlilik dayanmayıb.
Parisdə “İstəklilər Koalisiya”sının iclasında iştirak edəcək ölkələrin liderləri üzərlərinə beş əsas bənddən ibarət öhdəliklər götürəcəklər. Bura dəstək üçün Ukraynada çoxmillətli hərbi qüvvələrin yerləşdirilməsi də daxildir.
APA xəbər verir ki, bu barədə “Evropeyskaya Pravda”ya Yelisey Sarayının adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.
Onun sözlərinə görə, iclasda müzakirə ediləcək əsas məsələlər atəşkəsin təmin edilməsi və onun monitorinqi, Ukrayna Silahlı Qüvvələrinə dəstəyin davam etdirilməsi, çoxmillətli qüvvələrin yerləşdirilmə formatı, Rusiyanın yeni təcavüzü zamanı müttəfiqlərin öhdəlikləri və uzunmüddətli müdafiə əməkdaşlığı olacaq.
Mənbə qeyd edib ki, iclasın əsas məqsədi “İstəklilər Koalisiya”sı çərçivəsində mümkün addımlar barədə qərar qəbul etmək və onları ABŞ tərəfi ilə koordinasiya etməkdir.
Ekspertlər hesab edirlər ki, bu hədəf gerçəkləşərsə, gələcəkdə Ukraynanın təhlükəsizliyi baxımından çox mühüm addımlardan biri olacaq.
Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a bildirdi ki, Ukrayna məsələsində Amerika Birləşmiş Ştatları ilə Avropa arasında yanaşma fərqi açıq şəkildə müşahidə olunur: " Avropa ölkələri ciddi şəkildə narahatdırlar ki, Rusiya Ukraynada irəlilədikcə bu proses birbaşa onların təhlükəsizlik mühitinə və sərhədlərinə real təhdid yarada bilər. Çünki Avropa Rusiyaya coğrafi baxımdan yaxın, hətta bəzi hallarda birbaşa təmas xəttində yerləşir. ABŞ isə bu təhlükəni eyni səviyyədə hiss etmir. Bunun əsas səbəbi Amerikanın Rusiya ilə Avropa istiqamətində birbaşa sərhəd təmasına malik olmamasıdır.
Məhz bu səbəbdən Avropa Ukraynanın qorunmasını kollektiv təhlükəsizlik məsələsi kimi görür. Bəzi Avropa ölkələrinin mövqeyi isə daha ehtiyatlıdır; onlar hesab edirlər ki, Rusiyanın uzunmüddətli hərbi potensialı Avropanın təhlükəsizlik arxitekturasını sarsıda və qitəni davamlı qorxu mühitində saxlaya bilər. ABŞ isə Avropanın bu narahatlığından öz strateji maraqları üçün məharətlə istifadə edir və prosesə daha çox qlobal güc balansı prizmasından yanaşır.
Bu kontekstdə yaxın gələcəkdə Avropanın Ukraynaya birbaşa hərbi kontingent yerləşdirəcəyi ehtimalı yüksək görünmür. Çünki Ukrayna məsələsinin real həlli üç əsas güc mərkəzinin — Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Rusiyanın — əldə edəcəyi razılaşmadan asılıdır. Bu üç aktor arasında hansı razılaşma formalaşacaqsa, Ukrayna faktiki olaraq onu qəbul etməyə məcbur qalacaq.
Xarici silahlı qüvvələrin Ukraynada yerləşdirilməsi isə yalnız müəyyən şərtlər daxilində mümkün ola bilər: cəbhə xətlərinin dəqiqləşdirilməsi, status-kvonun formalaşması və faktiki atəşkəs rejiminin yaranması. Bu mərhələlər baş vermədən Avropanın hərbi müdaxiləyə getməsi həm siyasi, həm də təhlükəsizlik baxımından real görünmür".
Cavanşir Abbaslı
Musavat.com






