Azərbaycanın "S&P" addımı: strateji hesablama, yoxsa ehtiyatlı mövqe?
“Standard & Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini bir pillə yüksəldərək “stabil”dən “müsbət”ə (BB+/B) qaldırıb. Bununla belə, Bakının tələbi ilə reytinqlər dərhal geri götürülüb. Agentlik rəsmi bəyanatında belə izah edib: “5 dekabr 2025-ci il tarixində "S&P Global Ratings" Azərbaycanın uzunmüddətli və qısamüddətli xarici və yerli valyuta reytinqlərini "BB+/B" səviyyəsində təsdiq edərək, proqnozunu sabitdən müsbətə dəyişdi. Biz sonradan emitentin tələbi ilə bu reytinqləri geri götürdük".
Maliyyə Nazirliyi “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin sonuncu reytinq qiymətləndirməsindən Azərbaycan hökumətinin müraciəti əsasında geri götürülməsi məsələsinə aydınlıq gətirib.
Nazirliyin rəsmi açıqlamasında bildirilib ki, Azərbaycan iqtisadiyyatında müşahidə olunan fundamental və davamlı müsbət meyllər fonunda ölkənin kredit reytinqi artıb və 2024-cü ildə “Fitch Ratings”, 2025-ci ildə isə “Moody’s Ratings” agentliyi tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəlib. Reytinq agentlikləri ilə əməkdaşlıq üzrə qeyd olunan beynəlxalq təcrübəyə uyğun olaraq, növbəti dövrdə də rəsmi müqavilə üzrə ödənişli əsaslarla yalnız iki agentliklə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub. Əldə olunmuş uğurlar və qarşılıqlı faydalı, effektiv əməkdaşlıq nəzərə alınaraq “Fitch Ratings” və “Moody’s Ratings” agentlikləri ilə imzalanan müqavilələr çərçivəsində ödənişli əsaslarla institusional əməkdaşlığın həyata keçirilməsi təmin olunub.
İki agentliyin qiymətləndirməsinin beynəlxalq kapital bazarlarına çıxış və borclanma prosedurlarının tənzimlənməsi üçün kifayət etdiyi nəzərə alınaraq, “S&P Global Ratings” agentliyi ilə əməkdaşlığın müqavilə öhdəliklərindən kənar davam etdirilməsi nəzərdə tutulub.
Maliyyə Nazirliyi növbəti illərdə də Azərbaycan Respublikasının suveren kredit reytinqinin qiymətləndirilməsi ilə bağlı aparıcı beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığını davam etdirəcək və ölkəmizdə müşahidə olunan fundamental və davamlı inkişafın kredit reytinqlərində əks olunması üçün tədbirlər görəcək.

Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov “Yeni Müsavat”a bildirdi ki, kredit reytinqi bir ölkənin borc öhdəliklərini yerinə yetirmə qabiliyyətini qiymətləndirən beynəlxalq ölçü vahididir. Onun sözlərinə görə, məhz bu ölçü vahidi ölkəyə maraq göstərən investorların risk qavrayışını formalaşdırır: “Reytinqlər ölkənin maliyyə sabitliyini, borclanma səviyyəsini, xarici uçotlara davamlılığını, müəyyən göstəricilər əsasında bilavasitə beynəlxalq bazarlara siqnal rolunu oynayır. Yəni reytinq nə qədər yüksəkdirsə, ölkə qlobal maliyyə bazarlarında etibarını artırır və daha sərfəli şərtlərlə maliyyə vəsaiti cəlb edə bilmə imkanlarına malik olur. Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin kredit reytinqi yüksək olduqda bunun müsbət təsiri daha ucuz borclanma imkanı yaradır, ölkə investorun etibarını qazanır, maliyyə sektorunda sabitlik güclənir, dövlət layihələrinin maliyyələşdirilməsi optimallaşır. Təbii ki, bunun mənfi tərəfləri də var. Azərbaycanın reytinqi geri götürməsi ilə bağlı səbəbləri maraqlı mənzərə ortaya qoyur. Beynəlxalq təcrübədə belə ehtimallar hər zaman olur. Səbəblərə gəlincə, adətən bir ölkənin borclanma ehtiyacının aşağı olması halında yüksək reytinqə ehtiyac duyulmaya bilir. Azərbaycanın xarici borcu hazırda çox aşağıdır, valyuta ehtiyatlarımızın 1/17 hissəsinə bərabərdir. Belə bir şəraitdə kredit reytinqi ölkənin maliyyə bazarına çıxış üçün həyati əhəmiyyət daşımır. Digər tərəfdən, reytinqin saxlanması xərclər və öhdəliklər tələb edir. Azərbaycan kimi ölkələrdə isə borclanmaya ehtiyacın minimum olması bu istiqamətdə xərci azaltmağı daha məqsədəuyğun edir. "S&P" Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müsbət amil kimi qeyd edib. Bəzi hallarda bu məsələ dövlətlər üçün həssas mərhələdə kredit reytinqinin yüksəlməsinə kömək edir, amma siyasi məqamları ortaya çıxarır. Bunun yaranmaması üçün prosesin müvəqqəti dayandırılması, yaxud geri çevrilməsi nəzəri cəhətdən mümkündür. Eyni zamanda strateji çevikliyi əldə saxlamaq üçün bəzi ölkələr reytinqin yaratdığı gözlənti çərçivəsindən çıxmağa çalışırlar. Fiskal siyasətdə daha sərbəst qərar vermək üçün kredit reytinqinin bir qədər geri götürülməsi daha məqsədəuyğun hesab edilir. Ümumilikdə isə Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”






