Göygöl rayonunda yerləşən Tüllallar–Ağ Yoxuş mədən layihəsində qızıl filizi daşıyan ağır tonnajlı yük avtomobilinin qəzaya uğradığı bildirilir.
Musavat.com-a daxil olan məlumata görə, hadisə 21 iyun 2026-cı il tarixində layihə ərazisində baş verib. Bildirilir ki, yükdaşıma xidmətini həyata keçirən "Aslanoğlu" MMC-yə məxsus olduğu göstərilən Az 77 JF 799 dövlət qeydiyyat nişanlı ağır tonnajlı yük maşını hərəkətdə olarkən aşıb.
Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, hadisə yerindən təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Məlumatda iddia olunur ki, "Aslanoğlu" MMC-nin faktiki sahibi Göygöl şəhər bələdiyyəsinin sədri Oqtay Mənsimovdur. Şirkətin balansında olan yük avtomobillərinə gəlincə isə həmin nəqliyyat vasitələrinin bir hissəsinin müxtəlif vəzifəli şəxslərə məxsus olduğu bildirilir. Bu sırada Göygölün keçmiş icra başçısı Elvin Paşayevə, eləcə də digər vəzifəli şəxslərə və incəsənət nümayəndələrinə aid olduğu deyilən nəqliyyat vasitələrinin də olduğu söylənilir.
Baş vermiş qəza ilə bağlı aparılan müzakirələr zamanı da Oqtay Mənsimov həmin şəxslərdən bəzilərinin adını çəkərək onlardan dəstək aldığını bildirib. Bildirilir ki, "Aslanoğlu" MMC-də buna bənzər istehsalat və yol-nəqliyyat hadisələri vaxtaşırı baş versə də, bu faktlar ictimaiyyətə açıqlanmır.
Bununla yanaşı, məlumatda mədən layihəsinin həyata keçirildiyi ərazidə bir sıra ekoloji və tikinti xarakterli qanun pozuntularının baş verdiyi də iddia olunur. Belə ki, Tüllallar mədən sahəsi yaxınlığında kamp salınması məqsədilə dağ yamaclarının ağır texnika ilə yarıldığı, sürüşməyə meyilli meşə massivlərinə müdaxilə edildiyi bildirilir. İddialara əsasən, Zurnabad kəndi yaxınlığındakı "Çiçəkli" kiçik su elektrik stansiyasının yerləşdiyi çayın yatağından tikinti materialları çıxarılır, nəticədə çay hövzəsi və ətraf landşaft dəyişdirilir. Həmçinin Topalhəsənli–Tüllallar avtomobil yolunun kənarında yük maşınlarının təmiri üçün dağ yamacının qanunsuz şəkildə yarıldığı, ərazinin zəbt edildiyi və burada xüsusi texnikaların saxlanıldığı da iddialar arasındadır.
Qeyd edək ki, yazıda yer alan məlumat və iddialarla bağlı adıçəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
E.Məmmədəliyev,
Musavat.com






