İnsanlara hürriyət, millətlərə istiqlal!

İki kəndimizi qaytarsalar, milyonlar qazanacaqlar

2832 19.12.2025 08:13 Siyasət A A

Rəsmi İrəvanın “bir addım irəli, iki addım geri” siyasətinə baxmayaraq, Azərbaycan sülhə doğru daha bir tarixi addım atdı - Ermənistana neft məhsulları göndərildi

Rəsmi İrəvanın “bir addım irəli, iki addım geri” siyasətinə baxmayaraq, ölkəmiz sülhə sadiqliyini bir daha əməli olaraq nümayiş etdirdi. Belə ki, Azərbaycan tərəfindən Ermənistana AI-95 markalı benzin ixracı həyata keçirilib. Musavat.com xəbər verir ki, SOCAR istehsalı olan yanacaqdan ümumilikdə 22 vaqon göndərilib. Mənbənin qeyd etdiyinə görə, bu ixrac tamamilə kommersiya xarakteri daşıyır və hər hansı siyasi və ya xüsusi razılaşma çərçivəsində həyata keçirilmir. Məlumata görə, AI-95 markalı benzinin ixracı regionda enerji bazarında formalaşan mövcud tələbat fonunda həyata keçirilib və proses neytral, açıq bazar mexanizmlərinə uyğun şəkildə icra olunub.

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycan Prezidentinə təşəkkür edib. Ekspertlər düşünürlər ki, məhz Qazax-İcevan yolu Ermənistana taxıl və neft daşınması üçün ən yaxşı yoldur və bərpa edilməlidir. Aydın məsələdir ki, bu, Gürcüstan üçün iqtisadi baxımdan heç də arzuolunan mənzərə deyil. Çünki bu tranzitdən qazanılan milyonlar indi Ermənistanın qazancına çevrilə bilər. Ekspertlər qeyd edir ki, dəmir yolunun bərpasının sürətlənməsi üçün Ermənistandakı esklavlarımızın qaytarılmasına zərurət var. Xüsusilə də dəmir yolu xəttinin keçdiyi kəndlər - Sofulu və Bərxudarlı kəndlərinin qaytarılması və sürətli olaraq, Qazaxdan həmin kəndlərə həm avtomobil, həm də dəmir yolunun inşası ən real yoldur. Azərbaycan bu istiqamətdə işləri tez həyata keçirə bilər. 

WhatsApp Image 2025-12-19 at 10.59.33 (1).jpeg (18 KB)

Elşad Mirbəşir 

Politoloq, siyasi elmlər doktoru Elşad Mirbəşir “Yeni Müsavat”a açıqlamasında öncə bəzi xatırlatmalar etdi: “Bir neçə gün öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan gələn ilin birinci rübündə sərhədlərin növbəti hissəsində demarkasiya prosesinin həyata keçiriləcəyini bildirdi. Bunun hansı istiqamətdə ediləcəyi ilə bağlı suala isə cavab vermədi və bu haqda aydın təsəvvürlərə malik olmadığını dedi. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası davamlı müzakirə predmetidir və bu məsələ kifayət qədər aktualdır. Artıq ölkəmiz Ermənistana tranzit yükdaşımalarına şərait yaratmaqdadır. Bununla biz bir daha sülh ritorikasında tam səmimi olduğumuzu nümayiş etdiririk. Qazaxıstandan, Rusiyadan yüklərin Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılması təcrübəsi artıq yarandı. Noyabr ayında Rusiyadan ilk buğda partiyası Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırıldı. Bunun ardınca Qazaxıstan taxılının da Azərbaycan vasitəsilə Ermənistana göndərilməsi ilə bağlı razılıq əldə olundu. Bütün bunlar regionda iqtisadi layihələrin həyata keçirilməsi, kommunikasiyaların açılması kimi mühüm prosesin komponentləridir”. E.Mirbəşir qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında mal dövriyyəsi imkanlarının da yaradılması istiqamətində müəyyən hərəkətlənmə müşahidə olunmaqdadır: “Belə ki, noyabr ayının 28-də Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan arasında Qəbələdə baş tutmuş görüş çərçivəsində ölkəmizdən neft və neft məhsullarının Ermənistana ixrac edilməsi məsələsi də müzakirə olundu. Sözsüz ki, bu daha dinamik şəkildə nəqliyyat istiqamətlərinin müəyyənləşdirilməsi və sərhəd xətlərinin dəqiqləşdirilməsi işlərinin aparılmasını tələb edir. Bu mənada bu gün belə bir mövqe mövcuddur ki, Qazax-İcevan istiqamətində yüklərin Ermənistana ötürülməsi daha əlverişlidir. Müvafiq olaraq, məhz həmin istiqamətdə sərhədlərin növbəti mərhələdə demarkasiyasının aparılmasınin prioritet olacağını düşünmək mümkündür”. 

Politoloqun fikrincə, atılacaq ilkin addım Azərbaycan eksklavlarının dövlətimizin nəzarəti altına qaytarılmasından ibarət olmalıdır: “Düşünürəm ki, Ermənistan rəsmiləri də bunun zəruriliyini dərk edir. Sözsüz ki, bütün proseslər Azərbaycan dövlətinin haqlı və güc mövqeyinin təsiri altında cərəyan etməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsi və strateji yanaşması ölkəmizin ədalətli mövqelərini etibarlı şəkildə qorumaqda və təmin etməkdədir. Müvafiq olaraq, biz istisnasız olaraq hər qarış torpağımız üzərində suverenliyimizi tam bərpa etmək gücünə və iradəsinə sahib olduq. Eləcə də Qazax istiqamətində tranzit xətlərin keçəcəyi ərazilərlə bağlı ölkəmizin haqlı gözləntiləri təmin olunmalıdır. Nikol Paşiyan bunun alternativinin olmadığını etiraf da edərək deyib ki, ya əraziləri qaytarmalıyıq, ya da müharibə qaçılmaz olacaq. Növbəti müharibənin isə Ermənistana necə baha başa gələcəyi haqqında həm Ermənistan rəhbərliyində, həm də cəmiyyətində aydın təsəvvürlərin olduğu şübhəsizdir. Bu baxımdan, hesab edirəm ki, çox yaxın gələcəkdə, elə gələn ilin ilk rübündə ilkin olaraq Qazax-İcevan istiqamətində sərhədlərin dəqiqləşdirilməsi və demarkasiyası istiqamətində addımlar atıla bilər. Çünki dəmir yolu xəttinin və avtomobil yolunun çəkilməsi və ya bərpa olunması üçün Qazax rayonunun Sofulu və Bərxudarlı kəndlərinin dövlətimizin nəzarətinə qaytarılması mütləqdir. Sözsüz ki, bu, bütün hallarda baş verməlidir. Sadəcə olaraq, indiki kommunikasiyaların açıldığı bir şəraitdə sözügedən məsələdə daha da çevik addımların atılması gözləniləndir”.

Ekspert qeyd etdi ki, Azərbaycan-Ermənistan sərhədlərinin təxminən 12 km-lik hissəsinin artıq delimitasiyası və demarkasiyası aparılıb: “1000 km-dən artıq sərhəd xəttinin dəqiqləşdirilməsi isə uzunmüddətli prosesdir. Buna baxmayaraq, məsələ aktualdır və tərəflər arasında əsas müzakirə predmetlərindəndir. Bununla yanaşı, bir sıra məqamlara da diqqət yetirmək lazımdır. Belə ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyası imkanlarının yaranmasından Gürcüstanın müəyyən narahatlıq keçirdiyi müşahidə olunmaqdadır. Eləcə də, İran Zəngəzur dəhlizinin açılmasından narahatlıq keçirir. Bunun başlıca səbəbi ondan ibarətdir ki, həm Gürcüstanda, həm də İranda tranzit yükdaşımalarından gələn gəlirlərin itiriləcəyi düşüncəsi mövcuddur. Bu gün Gürcüstan ərazisindən Ermənistana təxmini 2 milyon tona qədər yük ötürülməkdədir. Buna baxmayaraq, iştirakçı tərəflərin öz maraqları var və ayrıca olaraq, regionda kommunikasiyaların açılması regionun bütün ölkələrinin gələcəyi üçün əhəmiyyətlidir”. E.Mirbəşir Bakı ilə İrəvanın mövqeyi arasındakı fərqə də diqqət çəkdi: “Azərbaycan tərəfi öz addımları ilə nümayiş etdirir ki, regionda kommunikasiyaların açılması üçün iradəyə sahib olmaqla yanaşı, həm də lazım olan bütün praktiki addımları atır. Lakin Ermənistan haqqında eyni sözləri demək olmaz. Sanki Ermənistan yenə də nəyisə gözləyir. Ya da bizim coğrafiyamızdan kənarda yerləşən siyasi dairələr yenidən regionda gərginlik elementlərini yaratmağa və mövcud sülh imkanlarını məhdudlaşdırmağa çalışırlar. Bu mənada, bir neçə gün öncə Aİ ilə Ermənistan arasında imzalanmış sənəddə regiondakı reallıqların təhrif olunmasını bu istiqamətdə cəhd kimi nəzərdən keçirmək olar. Lakin Ermənistan rəhbərliyi nəzərə almalıdır ki, bu gün onun təcrid vəziyyətindən çıxması üçün tarixi şanslar yaranıb. Çünki vaxtilə Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətini həyata keçirməklə, Ermənistan özünü bütün perspektivli layihələrdən təcrid etmişdir. Bu gün isə Ermənistan üçün yeni əməkdaşlıq və təmaslar imkanı yaranmışdır. Əgər Ermənistan sağlam məntiqə söykənəcəksə, mövcud imkanlardan yararlana biləcək. Əks təqdirdə, tarixi imkanları yenidən əldən vermiş olacaq”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR