ABŞ Vitse-prezidenti Ceyms Devid Vens Vaşinqtonla Təl-Əviv arasında Yaxın Şərq böhranı fonunda yaranan dərin strateji fikir ayrılıqlarını ilk dəfə rəsmi səviyyədə etiraf edən sensasion bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, Vitse-prezident ABŞ-ın regional hərbi əməliyyatlarda kor-koranə İsrail Baş naziri Benjamin Netanyahunun arxasınca getməyəcəyini və Ağ Evin müstəqil güc mərkəzi olduğunu nümayişkaranə şəkildə elan edib.
Vens iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin sərhədlərini cızaraq Netanyahunun aqressiv siyasətinə eyham vurub: "Netanyahu ABŞ-ın çox yaxın tərəfdaşı olan bir dövləti idarə edir. Lakin biz ən yaxın tərəfdaş olanda belə, bəzən maraqlarımız tam üst-üstə düşür, bəzən isə tamamilə ayrılır. Netanyahu öz ölkəsinin maraqlarını aqressiv şəkildə müdafiə edir. Bu isə o deməkdir ki, bəzi məsələlərdə biz onunla eyni dalğada oluruq, bəzən isə tamamilə fərqli dalğalarda hərəkət edirik. Onlar bir çox sahədə bizim üçün əla tərəfdaş olublar, lakin biz ilk növbədə Amerikanın maraqlarına nəyin xidmət etdiyinə diqqət yetirməliyik".
ABŞ rəsmisi bəyanatının sonunda İsrail rəhbərliyinə soyuq duş effekti verəcək açıq xəbərdarlıq ünvanlayıb və Vaşinqtonun Təl-Əvivin hərbi ambisiyalarına qurban verilməyəcəyini vurğulayıb: "Maraqlarımızın ayrıldığı məqamlarda – israillilər üçün təəssüf doğursa da – biz Amerika xalqının tərəfini seçməyə məcburuq və hər zaman da bunu edirik. Biz birlikdə işləməyə davam edəcəyik, lakin strateji maraqların toqquşduğu yerdə Birləşmiş Ştatlar yalnız və yalnız öz millətimizin ən ali mənafelərini rəhbər tutacaq və təqib edəcək".
Musavat.com






