İnsanlara hürriyət, millətlərə istiqlal!

Burada DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

900 27.07.2026 13:38 Dünya A A

Fransanın cənub-qərbində davam edən genişmiqyaslı meşə yanğınları ölkədə ciddi fövqəladə vəziyyət yaradıb. Girond departamentində başlayan alovlar Bordo şəhəri istiqamətində irəlilədiyi üçün indiyədək 220 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Yanğınların söndürülməsinə yüzlərlə yanğınsöndürən, xüsusi aviasiya vasitələri və fermerlər də cəlb olunub.

Musavat.com xəbər verir ki, Fransanın ən böyük şəhərlərindən biri olan Bordo hazırda yanğın təhlükəsi ilə üz-üzədir. Güclü külək və yüksək temperatur səbəbindən alovların sürətlə yayılması şəhər ətrafında qalın tüstü qatının yaranmasına səbəb olub.

Sakinlərin bir qismi evlərini tərk edib, minlərlə insan isə Bordodakı sərgi mərkəzində yaradılmış müvəqqəti sığınacaqlarda yerləşdirilib. Rəsmilər hələlik şəhərin tam təxliyəsi barədə qərar verməsələr də, vəziyyətin daim nəzarətdə saxlanıldığını bildirirlər.

Yanğınların söndürülməsi üçün yüzlərlə yanğınsöndürən gecə-gündüz fəaliyyət göstərir. Əraziyə su daşıyan təyyarələr cəlb olunub, yerli fermerlər isə traktorlarına qoşduqları su çənləri ilə alovla mübarizəyə dəstək verirlər.

Eyni zamanda, meşələrdən xilas edilən vəhşi heyvanlar və ev heyvanları təhlükəsiz ərazilərə aparılır. Baytarlar onların müalicəsi və mühafizəsi ilə məşğul olur.

Rəsmi məlumata görə, Girond bölgəsində baş verən yanğınlar nəticəsində indiyədək 42 min hektardan çox ərazi yanıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bu yay ölkə üzrə ümumilikdə 115 min hektar meşə və yaşıllıq sahəsi alovların qurbanı olub ki, bu da son illərin orta göstəricisindən dəfələrlə yüksəkdir.

Meteoroloqlar Bordo və ətraf bölgələrdə yaxın günlərdə havanın temperaturunun 41 dərəcəyədək yüksələcəyini proqnozlaşdırırlar. Mütəxəssislər hesab edirlər ki, isti hava və dəyişkən küləklər yanğınların söndürülməsini daha da çətinləşdirə bilər.

Fransa hakimiyyəti sakinləri rəsmi xəbərdarlıqlara əməl etməyə, təxliyə göstərişi veriləcəyi halda isə təhlükəsiz ərazilərə dərhal keçməyə çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR