İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadakı etirazlarda Kreml “izi” ? - ilginc açıqlamalar

327 27.07.2026 12:58 Dünya A A

Rusiyanın amansız hücumları davam etdiyi vaxtda Ukraynada daxili gərginlik də getdikcə artır. Vaxtaşırı aksiyalar təşkil olunur, kadr dəyişikliklərinə etirazlar ictimai səviyyədə təşkil edilir. Ötən həftənin son günləri də Kiyevdə və Ukraynanın digər şəhərlərində Mixail Fyodorovun Müdafiə Nazirliyinin rəhbəri vəzifəsindən azad edilməsinə qarşı artıq onuncu kütləvi etiraz aksiyası keçirilib. “Ukrayinska Pravda” nəşrinin yaydığı məlumata görə, paytaxta toplaşanlar “Fyodorov-Drapatı, bizi məğlub edə bilməzsiniz”, “Müharibədə məzuniyyət olmur”, “Bizim yerimizə orada duranları dəstəkləyirik” və “Deputatlar, iş başına” şüarlarını səsləndiriblər. Bildirilir ki, Fyodorovun müdafiə naziri vəzifəsinə qaytarılması tələbləri ilə yanaşı, Veteranların İşləri üzrə Nazirliyin rəhbəri vəzifəsinə Vitali Kimin gətirilməsi ilə bağlı çağırışlar da edilib. Fyodorovun istefasına qarşı aksiyalar həmçinin Lvov, İvano-Frankovsk, Ujqorod, Dnepr, Xmelnitski, Çerkassı, Nikolayev və digər yaşayış məntəqələrində də keçirilib. Bu arada, Ukraynada cəbhədəki ağır vəziyyət fonunda hərbi rəhbərlik ilə siyasi-inzibati idarəçilik arasında aylardır gizlədilən ciddi qarşıdurma rəsmən üzə çıxıb.

Mixail Fyodorov yenidən Ukrayna Müdafiə Nazirliyinə rəhbərlik etmək  istədiyini bəyan edib

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Sky News” telekanalına verdiyi sensasion müsahibədə ordunun Baş komandanı Oleksandr Sırski ilə Müdafiə Nazirliyi (Rüstəm Umerov və rəqəmsal transformasiya naziri Mixail Fyodorovun rəhbərlik etdiyi hərbi-texnoloji strukturlar nəzərdə tutulur) arasında aylarla davam edən ciddi ixtilafların və fikir ayrılıqlarının mövcud olduğunu bəyan edib.

Dövlət başçısı bu daxili çəkişmələrin effektiv hərbi idarəetməyə çox ciddi maneələr törətdiyini açıq şəkildə etiraf edib. Zelenski yaxın vaxtlarda Rusiya ordusunun şəxsi heyətinin daha 500 min nəfər artırıla biləcəyi barədə kəşfiyyat məlumatlarına sahib olduqlarını bildirərək, bu böyük təhlükəyə qarşı Ukraynada yeni mobilizasiya yanaşmasının tətbiq edilməsinin və hərbi komandanlıqla müdafiə qurumu arasında tam koordinasiyanın qurulmasının həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ölkədəki ballistik raketlərə qarşı hava hücumundan müdafiə (HHM) sistemlərinin kəskin çatışmazlığına da diqqət çəkən Ukrayna lideri müxtəlif dövlət və hərbi strukturlar arasındakı daxili intriqaları və çəkişmələri araşdırmağa artıq vaxtının olmadığını bildirib. Zelenski ordu rəhbərliyinə və Müdafiə Nazirliyinə sərt ultimatum verərək, Ukrayna səması tamamilə və etibarlı şəkildə qorunana qədər tərəflərin “hər gün yox, hər saat” sıx qarşılıqlı əlaqədə işləməli olduqlarını qətiyyətlə tələb edib.

20 faiz ərazi itkisinə məruz qalmış Ukrayna son vaxtlar Avropa İttifaqından aldığı dəstək və müasir silahlarla Rusiyanın dərinliklərinə zərbələr endirməklə revanş imkanları əldə edə bilib. Amma qəribəsi budur ki, məhz belə bir ərəfədə Zelenskiyə qarşı “qiyam” notları hiss edilməkdədir.
Ukraynadakı etirazların arxasında gerçəkdən vətəndaşların mövqeyi dayanır, yoxsa burada Rusiya kəşfiyyatının rolu, barmağı var? Ola bilərmi ki, Kreml Zelenskiyə qarşı yeni “Maydan hərəkatı” təşkil etsin? Hakimiyyət böhranı yarana və son nəticədə Rusiya istədiyinə nail ola, Kiyevi kapitulyasiyaya məruz qoya bilərmi?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında vəziyyətin elə də kritik olmadığını söyləyib: “Deməzdim ki, Ukraynada hakimiyyət böhranı yaşanır. Ukrayna müstəqilliyini qazandıqdan bəri xeyli prezident dəyişib, bu ölkədə xeyli hökumət böhranları yaşanıb, ixtilaflar olub, maydanlar olub. İndi müharibə getdiyinə görə, cəmiyyət düşmənə qarşı mübarizədə birləşib. Amma yenə də zaman-zaman, hətta bu vəziyyətdə belə, hakimiyyət içində fikir ixtilafları yarana bilər. Petro Poroşenkonun dövründə də belə idi. Xatırlayın, Petro Poroşenko Saakaşvilini Odessanın qubernatoru təyin etmişdi və bir Avakov soyadlı daxili işlər naziri var idi, keçmiş Bakı ermənisi var idi. Onunla Saakaşvili hökumətin iclasında hətta bir-birləri ilə söyüşürdülər, yəni bu qədər fikir ixtilafı var idi”.

Bu bombalama hamıya mesaj idi” - Elxan Şahinoğlu ilə müsahibə

E.Şahinoğlu əlavə edib ki, o dövrlərdən fərqli olaraq, Zelenskinin dövründə böyük, yəni ciddi fikir ixtilafları yaşanmayıb: “Çünki Zelenski prezident seçilən kimi, faktiki müharibə başladı və bütün cəmiyyət və siyasi elita işğalçıya qarşı vahid mövqedən çıxış etdi. Amma görünür indinin özündə də müəyyən fikirayrılıqları yaranır. Və Zelenski bu fikirayrılıqlarını dərinləşdirməmək üçün tez-tez belə kadr dəyişikliklərinə getmək məcburiyyətində qalır”.
Politoloq konkret olaraq son ixtilaflar və etirazlara da toxunub: “Bəli, Fyodorov önəmli bir fiqur idi, dron müharibəsinin əsas ideya müəlliflərindən biri olub və cəmiyyət düşünürdü ki, o, müdafiə naziri daha uzun müddət qalarsa, Ukrayna cəbhə bölgəsində uğurları arta bilər. Amma onunla Baş Qərargah rəisi arasında mövcud olan və getdikcə artan gərginlik Zelenskini seçim etməyə məcbur etdi. Zelenski əvvəlcə Fyodorovu istefaya göndərdi, amma Ukrayna cəmiyyətinin buna etirazının olduğunu görəndən sonra Baş Qərargah rəisi Sırskini də istefaya göndərdi ki, balansı itirməsin. İndi hər iki vəzifəyə yenə də hərbçiləri təyin edib. Yəni bu, Ukrayna cəmiyyətində müəyyən narazılığa səbəb olsa da, Sırskinin istefaya göndəriləməsindən sonra məncə, cəmiyyət sakitləşdi”.

E.Şahinoğlu müharibə getdiyi dövrdə Ukraynada yeni bir Maydan hərəkatını gözləmədiyini bildirib: “Əlbəttə, Rusiya çox istəyərdi aranı qatsın, insanlar küçələrə axışsın, hətta Ukraynada vətəndaş qarşıdurması başlasın. Müharibə başlayanda Rusiyanın ən büyük istəyi, arzusu bu idi. Kreml hesab edirdi ki, rus ordusu Kiyevə daxil olanda qarşıdurma başlayacaq, ruspərəst bir nəfəri hakimiyyətə gətirəcək. Amma bunların heç biri alınmadı. Mən hesab edirəm ki, Ukrayna cəmiyyəti Zelenskinin hansısa hərəkətlərindən narazı qalsa da, kütləvi şəkildə meydanlara axışıb hakimiyyəti zəiflətməyə də üstünlük verməyəcək ki, Rusiya da bu vəziyyətə görə sevinməsin”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR