Bu, İranın Xəzər dənizində Ukrayna dronunun zavalına gəlmiş yük gəmisidir.
Göründüyü kimi, gəmi zərbədən zədələnib və batmaq üzrədir, onu artıq heç nə xilas edə bilməz.
Yaxşı ki, Türkmənistan dənizçiləri gəminin göyərtəsindəki 14 nəfəri (ekipaj üzvləri və başqaları) xilas ediblər.
Beləcə, İranın “Rona”sı son dəfə fit və SOS siqnalı verərək suyun dibinə gedib.
Verilən açıqlamalardan aydın olur ki, Həştərxana gedən “Rona”nın yükü silah imiş və qayıdıb gələndə qənd gətirməyəcəkmiş, ona görə də legitim hədəf olub. Bunu Ukrayna tərəfi deyir.
İran isə gəmidə silah olmadığını bildirir və “Rona”ya hücumu beynəlxalq konvensiyaların kobudcasına pozulması aktı hesab edir.
Ancaq bu, müharibədir, burada incə davranışlar olmur, nə olursa, qabaca olur. Ayrıca, müasir savaşlarda döyüşən tərəflərin birinə silah və ya hər hansı bir strateji material göndərən ölkələr müharibəyə qoşulmuş sayılır.
Bu baxımdan hazırda Rusiya və Ukrayna arasında gedən müharibəyə ABŞ başda olmaqla bir xeyli NATO ölkəsi qoşulmuş hesab oluna bilər. Onlar Ukraynaya pul, ərzaq, silah-sursat, kəşfiyyat məlumatları, əczaçılıq ləvazimatları, bir sözlə, bu ölkənin müharibə aparması üçün lazım olan hər şeyi verirlər.
Şimali Koreya öz əsgərləri, İran isə “Şəhid” adlı dronları ilə müharibədə Rusiya tərəfdən çıxış edir.
Budur, İran müharibəyə qarışmağın bədəlini “Rona”sı ilə ödədi. Bu, həm də Rusiya üçün, rusca desək, “rana” (yara) oldu. Çünki şimal qonşumuz son həftələrdə çox ağır dron hücumlarına məruz qalır. Federasiyanın ard-arda vurulan neft email zavodları o boyda ölkədə yanacaq qıtlığı yaradır.
Şimali Koreya çox uzaqdadır, Ukraynanın əli, raketi, dronu ora çatmır. Ancaq Xəzər dənizi, İran Ukraynaya yaxındır. Dünənə qədər Rusiya Xəzərdəki bastionundan Ukraynaya raket göndərirdisə, bu gün Ukraynadan Xəzərdək hədəfə hava zərbəsi vurulur.
Ən qorxulusu odur ki, o dronlar və raketlər başımızın üstündən uçuşur.
Musavat.com






