Rusiya-Ukrayna müharibəsindən sonra müdafiə siyasətini köklü şəkildə yenidən quran Almaniya hərbi sahədə yeni mərhələyə keçir. Berlin artıq təkcə tank, raket və digər silahların alınmasına deyil, həm də süni intellekt, pilotsuz sistemlər və hərbi texnologiyalar hazırlayan startaplara birbaşa investisiya yatırmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, Almaniya hökumətinin planına əsasən, ölkənin əsas müdafiə büdcəsinin 2026-cı ildəki 82,2 milyard avrodan 2027-ci ildə 109 milyard avroya çatdırılması nəzərdə tutulur. Ukraynaya ayrılan yardımlar və digər təhlükəsizlik xərcləri də əlavə olunduqda ümumi müdafiə xərclərinin 130 milyard avronu keçəcəyi gözlənilir.
Berlin 2026–2030-cu illər ərzində müdafiə sahəsinə təxminən 783,8 milyard avro vəsait ayırmağı planlaşdırır. Məqsəd müdafiə xərclərinin ÜDM-dəki payını 2029-cu ildən etibarən 3,5 faizə çatdırmaqdır.
Yeni strategiyanın əsas yeniliklərindən biri müdafiə texnologiyaları hazırlayan şirkətlərə dövlət tərəfindən birbaşa investisiya edilməsidir. Hazırlanan mexanizmə əsasən, hökumət zəruri hesab etdiyi şirkətlərin səhmlərini alaraq onlara ortaq ola biləcək.
İnvestisiyaların əsasən süni intellekt, pilotsuz uçuş aparatları, hərbi robotlar və digər yüksək texnologiyalı müdafiə sistemləri hazırlayan müəssisələrə yönəldilməsi planlaşdırılır. Bundan əlavə, dövlət bankı KfW investisiya prosesində iştirak edəcək, şirkətlər üçün vergi güzəştləri tətbiq olunacaq və müdafiə sifarişlərinə çıxış prosedurları sadələşdiriləcək.
Mütəxəssislərin fikrincə, Ukrayna müharibəsi müasir döyüş meydanında süni intellekt, pilotsuz sistemlər və robot texnologiyalarının həlledici rol oynadığını göstərib. Bu səbəbdən Almaniya ənənəvi silah istehsalı ilə yanaşı, innovativ müdafiə həllərinin inkişafına üstünlük verməyə başlayıb.
Berlin eyni zamanda perspektivli yerli texnologiya şirkətlərinin xarici investorlar tərəfindən alınmasının qarşısını almağı və strateji texnologiyaların ölkə daxilində saxlanmasını hədəfləyir.
Startaplara yönələn investisiyalar Almaniyanın genişmiqyaslı hərbi modernləşmə proqramının yalnız bir hissəsidir. Ölkə ABŞ-dan Tomahawk qanadlı raketləri və Typhon quru bazalı raket sistemlərini almaq üçün razılıq əldə edib. Bundan başqa, Almaniyanın Rheinmetall şirkəti ilə ABŞ-ın Lockheed Martin şirkəti ATACMS taktiki ballistik raketlərinin Almaniyada istehsalı ilə bağlı əməkdaşlıq sazişi imzalayıb.
Həmçinin Almaniya Hərbi Dəniz Qüvvələri üçün lazer silah sistemlərinin hazırlanması istiqamətində də iri həcmli layihələr həyata keçirilir. Analitiklər hesab edirlər ki, bu addımlar Avropada təhlükəsizlik mühitinin dəyişməsi fonunda Almaniyanın müdafiə strategiyasında baş verən ən böyük transformasiyalardan birini əks etdirir.
Musavat.com






