Son illər Azərbaycanda mənzil bazarında müşahidə olunan kəskin qiymət artımı həm alıcıların, həm də ekspertlərin diqqət mərkəzində olub. Lakin son statistik göstəricilər bazarda yeni mərhələnin başlandığını göstərir. Qiymət artım tempinin zəifləməsi daşınmaz əmlak sektorunda sabitləşmə meyillərinin gücləndiyi barədə fikirləri aktuallaşdırıb.
Mövzu ilə bağlı Musavat.com-a danışan iqtisadçı Eldəniz Əmirov qeyd edib ki, bu dəyişiklik təsadüfi deyil və onun arxasında dövlət maliyyəsinin idarə olunmasında həyata keçirilən yeni yanaşmalar, investisiya axınlarının istiqamətinin dəyişməsi və bazarın fundamental iqtisadi qanunauyğunluqları dayanır:
"2026-cı ildən büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin daha da güclənəcəyi, qeyri-səmərəli xərclərin qarşısının daha ciddi şəkildə alınacağı gözlənilirdi. Bu isə müxtəlif yollarla bazara daxil olan iri həcmli vəsaitlərin əvvəlki illərdə olduğu kimi daşınmaz əmlak sektoruna yönəlməsinin qarşısını ala bilərdi. Son illərdə mənzil bazarında qiymətlərin sürətlə bahalaşmasının əsas səbəblərindən biri məhz istehsal və real investisiyalar əvəzinə kapitalın daşınmaz əmlaka yönəldilməsi olub. Nəticədə bazarda real yaşayış tələbindən daha çox investisiya və kapitalın qorunması məqsədilə formalaşan əlavə tələb yaranıb və bu da qiymətlərin iqtisadi əsasları üstələyən templə artmasına səbəb olub. Son günlər açıqlanan rəsmi statistika həmin proqnozun özünü doğrultmağa başladığını göstərir. Belə ki, mənzil qiymətlərinin artım tempi ardıcıl şəkildə zəifləyir. Rüblük artım 2025-ci ilin IV rübündə 3,1 faiz olduğu halda, 2026-cı ilin I rübündə 2,2 faizə, II rübdə isə 1,6 faizə enib. Bu prosesə ipoteka bazarında artım tempinin zəifləməsi, kredit faizlərinin yüksəlməsi, yeni tikililərin bazara çıxması, eləcə də şəhərin mərkəzində aparılan söküntü və yenidənqurma layihələri də təsir göstərir".

Bununla belə, Eldəniz Əmirov hesab edir ki, əsas səbəb yalnız bu amillərlə məhdudlaşmır. İqtisadçı bildirib ki, dövlət maliyyəsində səmərəliliyin artması fonunda əvvəlki illərdə bazara daxil olan qeyri-produktiv vəsaitlərin həcminin tədricən azalması, eləcə də daşınmaz əmlaka yönələn investisiya xarakterli kapitalın zəifləməsi bazarda müşahidə olunan dəyişikliklərin əsas səbəblərindən biridir.
İqtisadçının qənaətincə, qarşıdakı dövrdə də mənzil bazarında qiymət artımının tempi tədricən aşağı düşəcək və müəyyən müddətdən sonra bazar stabilləşəcək:
"Bu prosesin hansı müddətdə başa çatacağı dövlət maliyyəsinə nəzarətin davamlılığından, ipoteka bazarındakı vəziyyətdən, faiz dərəcələrinin səviyyəsindən, əhalinin gəlirlərinin artım tempindən və iqtisadiyyatın digər sahələrində alternativ investisiya imkanlarının formalaşmasından asılı olacaq. Bu dəyişiklik nəticəsində daşınmaz əmlak bazarı əvvəlki illərdə olduğu kimi sürətli gəlir əldə etmək və kapitalı qorumaq üçün ən cəlbedici investisiya aləti statusunu tədricən itirəcək. Qiymətlərin formalaşmasında isə spekulyativ tələbdən daha çox real alıcılıq qabiliyyəti və fundamental iqtisadi göstəricilər həlledici rol oynayacaq".
Eldəniz Əmirov vurğulayıb ki, uzunmüddətli perspektivdə bu proses mənzil bazarının daha sağlam iqtisadi əsaslar üzərində formalaşmasına, eyni zamanda mənzillərin vətəndaşlar üçün daha əlçatan olmasına şərait yarada bilər. Onun fikrincə, daşınmaz əmlak bazarının əsas funksiyası investisiya vasitəsi olmaqdan daha çox insanların mənzil ehtiyacını ödəməkdən ibarət olmalıdır.
Xalidə Gəray
Musavat.com






