Son günlər İranla Ukrayna arasında gərginlik sürətlə yüksəlir və tərəflərin qarşılıqlı bəyanatları yeni təhlükəli ssenariləri gündəmə gətirir. Xəzər dənizində İranın ticarət gəmisinə hücum edildiyi iddiasından sonra Tehranın ritorikası getdikcə sərtləşir. Rəsmi şəxslər isə Ukraynanın addımlarının cavabsız qalmayacağını bəyan edirlər. İran rəhbərliyindən ard-arda gələn xəbərdarlıqlar fonunda artıq diqqətlər münaqişənin mümkün genişlənmə ehtimalına yönəlib. Ehtimal budur ki, Tehran Ukrayna böhranına indiyədək görünməyən səviyyədə cəlb oluna, hətta Rusiyanın mövqeyini daha açıq şəkildə dəstəkləyən addımlar ata bilər. Bu iddialar hələlik rəsmi şəkildə təsdiqlənməsə də, İranın son açıqlamaları geosiyasi risklərin artdığını göstərir. Xüsusilə Xəzər dənizinin ilk dəfə Rusiya-Ukrayna müharibəsi kontekstində gündəmə gəlməsi regionun təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da gücləndirib.
Cənub qonşumuz Ukraynaya qarşı daha sərt mərhələyə keçməyə hazırlaşır? Tehran faktiki olaraq Kremlin yanında müharibəyə qoşulmaq mesajı verir? Rusiya-Ukrayna müharibəsi yeni cəbhə qazanır?

Politoloq Əli Orucov Musavat.com-a açıqlamasında Ukrayna-İran arasındakı gərginliyin ABŞ/İsrail koalisiyasının İrana hava zərbələri zamanı yarandığını söyləyib:
“Tehran təcavüzə məruz qalmasının cavabını İsrailə və Körfəz ölkələrinə raket və dron hücumları etməklə verdi. Bu zaman prezident Zelenski İsrailə və Körfəz ölkələrinə anti-dron avadanlıq təklif etdi. Tehran rejimini hiddətləndirən həmin addım Ukraynanı hədəfə çevirdi. Hədəflərə rəğmən, proseslərin gedişatı diplomatik müstəvidən o tərəfə getmədi. Lakin bu dəfə Ukrayna Xəzər dənizində İran gəmisini vurdu. Düşünürəm ki, Kiyevin zərbəsi Qərb müttəfiqləri üçün heç də arzulanan deyil. İran əgər Ukraynaya raket zərbələri endirərsə və ya müharibəyə cəlb olunarsa, Qərbin maliyyə və hərbi yükünü artıracaq, cəbhə xətti genişlənəcək. Ukraynanın İranla gərginliyinin daha da dərinləşməsi Rusiyaya sərf edir. Müharibənin coğrafiyasının genişlənməsi və qarşıduran tərəflərin sayının artması Rusiyanın da hərbi yükünü bir qədər azaldır, beynəlxalq vəziyyəti daha da mürəkkəbləşdirir. Hadisələrin bu cür axarı isə Ukraynanı qərbli müttəfiqləri arasında çətin duruma salır. Məncə, İran öz iradəsini və qətiyyətini dünyaya sübut etmək üçün müəyyən addımlar ata bilər. İki dövlət arasında eskalasiya Qərbin maraqlarına tamam zidd olduğundan Kiyevə təzyiqlər edərək çəkindirəcəklər. Ukraynaya da belə bir toqquşma lazım deyil”.
Cavanşir Abbaslı
Musavat.com






