“Azərbaycan ali təhsilində ixtisaslara yenidən baxılmalıdır. Ali məktəblərə tələbə qəbulu kampaniyası təkcə abituriyentlərin seçim prosesi deyil, bu həm də Azərbaycanın gələcək iqtisadiyyatının, əmək bazarının və innovasiya potensialının necə formalaşacağını müəyyən edən strateji mərhələdir”.
Bu sözləri Musavat.com-a açıqlamasında ADPU-nin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru İlham Əhmədov deyib.

Dosent vurğulayıb ki, ali təhsil bugünün və gələcəyin kadrlarını hazırlamalıdır:
“Təəssüf ki, ölkədə bu proses hələ də plan yerlərinin bölüşdürülməsi kimi başa düşülür. Halbuki süni intellekt (Sİ) dövründə əsas məsələ rəqəmsal iqtisadiyyat üçün hansı mütəxəssislərin hazırlanması kimi olmalıdır. Əgər bu məsələyə elmi əsaslandırılmış cavabı yoxdursa, onda qəbul planları təsadüfi xarakter daşıyacaq. Universitet bugünkü vakansiyalar üçün deyil, məzun olduqdan sonrakı 10 ildə işləyəcək insanların hazırlığını təmin etməlidir. Bu səbəbdən ali təhsilin planlaşdırılması həm cari əmək bazarına, həm də onun gələcək transformasiyasına əsaslanmalıdır.
Süni intellekt, robototexnika, avtomatlaşdırma və rəqəmsal iqtisadiyyat yüzlərlə peşəni ləğv edir, məzmununu dəyişir. Bəziləri isə kökündən yenilənəcək. Belə bir şəraitdə ən təhlükəli yanaşma keçmiş statistikanı gələcəyin proqnozu kimi təqdim etməkdir. XX əsrdə əmək bazarı ləng inkişaf edirdi, bununla belə 70-80-ci illərdə ali məktəblərimiz mərkəzləşdirilmiş halda əmək bazarının proqnozları əsasında qəbul planlarını konkret olaraq müəyyənləşdirə bilirdi. XXI əsrdə əmək bazarı sürətlə inkişaf etməyə başladı, universitetlərin isə qəbul planlarını proqnozlaşdırılması işi nazirlik və universitetlər tərəfindən səmərəli qurula bilmədi. Biz 20 il əvvəl TN-ə bu məsələ ilə əlaqəli layihə təklif etmişdirk. TN bu ideyanı bəyəndi və onun icrasının zəruriliyini xüsusi qeyd etdi. Amma həmişə olduğu kimi, lazımlı layihənin icrasına maliyyə tapılmadı. Beləliklə, növbəti aktual bir layihə təşəbbüsü yenə də kağız üzərində qaldı.
İnkişaf etmiş ölkələrdə ali təhsil planlaşdırılması aşağıdakı məlumatlara əsaslanır: “Uzunmüddətli iqtisadi inkişaf strategiyası; demoqrafik dəyişikliklər; texnoloji transformasiya; süni intellektin peşələrə təsiri; regional inkişaf prioritetləri; yaşıl iqtisadiyyat və rəqəmsal transformasiya proqramları. Azərbaycanda isə belə sistemli və ictimaiyyət üçün açıq, uzunmüddətli əmək bazarı proqnozları hələ də yoxdur. Nəticədə universitetlər çox vaxt əmək bazarının sifarişçisinə deyil, mövcud ənənələrə uyğun fəaliyyət göstərirlər”.
Bəs “tələbat olmayan ixtisaslara plan yerləri azaldılsın, yoxsa ləğv edilsin" sualını İlham Əhmədov bu cür cavablandırıb: “Bu suala birmənalı cavab vermək çətindir. Hər hansı ixtisasın ləğvi, bu sahənin gələcəkdə perspektivsiz olduğu elmi şəkildə sübut edildikdə mümkündür. Əks halda problem ixtisasın özündə deyil, onun köhnəlmiş məzmununda ola bilər.
Məsələn, klassik proqramlaşdırma artıq Sİ əsaslı proqram mühəndisliyinə çevrilir; mühasibat uçotu data analitikası ilə inteqrasiya olunur; hüquqşünaslıq Sİ hüququ və rəqəmsal hüquq istiqamətində inkişaf edir; jurnalistika Sİ və media analitikası ilə tamamlanır. Deməli, əsas məsələ ixtisasların bağlanması deyil, onların transformasiyasıdır.
Yeni ixtisasların açılması təsadüfi qərar deyil. Bu ciddi elmi proses olmalıdır. Bunun üçün qlobal texnoloji trendləri, beynəlxalq təşkilatların proqnozları, ölkənin sənaye siyasəti, rəqəmsal iqtisadiyyat strategiyası, müdafiə sənayesi və texnoloji təhlükəsizlik prioritetləri, innovasiya ekosisteminin inkişaf istiqamətləri nəzərə alınmalıdır. Əks halda universitetlər gələcəyin deyil, keçmişin mütəxəssislərini hazırlayacaq”.

Dosentin fikrincə, ali təhsillə əmək bazarı arasında formal əlaqələr mövcud olsa da, sistemli inteqrasiya zəifdir: “İnkişaf etmiş ölkələrdə böyük şirkətlər kurikulumların hazırlanmasında iştirak edir. Universitet-sənaye laboratoriyaları yaradılır. Tələbələr real layihələr üzərində işləyirlər. Məzunların məşğulluq göstəriciləri universitetlərin fəaliyyətinin əsas indikatorlarından biri hesab olunur. Azərbaycan reallığında isə əmək bazarının universitet proqramlarına təsiri məhdud olduğundan, bəzi məzunlar öz ixtisası üzrə iş tapmaqda çətinlik çəkir, işəgötürənlər isə uyğun bacarıqlara malik kadr çatışmazlığından şikayət edirlər".
İlham Əhmədov həmçinin, yaxın illərdə yeni peşələr üzrə mütəxəssislərə tələbatın artacağını gözləyir: “Bu sırada süni intellekt mühəndisliyi, məlumat elmi, kibertəhlükəsizlik, robototexnika, bioinformatika, rəqəmsal səhiyyə, yaşıl enerji texnologiyaları, ağıllı kənd təsərrüfatı, Sİ etikası və hüququ, təhsil texnologiyaları və s.-dir. Bununla yanaşı, ənənəvi ixtisas sahiblərinin də Sİ bacarıqları ilə zənginləşdirilməsi vacibdir. Gələcəyin müəllimi, hüquqşünası, iqtisadçısı və ya həkimi süni intellekt alətlərindən peşəkar şəkildə istifadə etməyi bacarmalıdır.
Qəbul planlarının təyininin müasir modeli bu göstəricilərə əsaslanmalıdır: əmək bazarının 10–15 illik proqnozu, məzunların məşğulluq səviyyəsi, əməkhaqqı dinamikası, texnoloji dəyişikliklərin sürəti, regional inkişaf ehtiyacları, beynəlxalq rəqabət qabiliyyəti, strateji təhlükəsizlik və texnoloji suverenlik, universitetlərin elmi və innovasiya potensialı. Bu meyarlar olmadan qəbul planlarının müəyyənləşdirilməsi resursların səmərəsiz istifadəsinə gətirə bilər”.
İlham Əhmədov sonda maraqlı təkliflə çıxış edib. Onun fikrincə, Azərbaycanda ali təhsil siyasətinin elmi əsaslarla qurulması üçün müstəqil “Milli bacarıqlar və gələcək peşələrin proqnozlaşdırması” mərkəzinin yaradılması məqsədəuyğundur olardı: “Belə bir mərkəz əmək bazarını davamlı təhlil edər, Sİ vasitəsilə gələcək peşələri proqnozlaşdırar, universitetlər üçün qəbul planları üzrə tövsiyələr hazırlayar, yeni ixtisasların yaradılmasını elmi əsaslandırar, hökumətə insan kapitalı siyasəti üzrə analitik dəstək verər. Bu istiqamətdə biz unikal model üzərində işləyirik.
Layihə “peşə seçimi və karyera-naviqasiya sistemi” kimi adlanır. Bu layihənin ilkin versiyasını 1992-ci ildə ölkənin bir neçə universitetində uğurl reallaşdırmışdıq. Öz dövrü üçün innovativ olan bu layihə mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi. Daha sonra universitetlərə qəbul qaydaları dəyişdirildiyi üçün ixtisas seçimi tam təsadüfi proseslərə tabe edildi, bu səbəbdən layihənin inkişafını saxladıq. 2003-ci ildə qrant hesabına layihəni qismən inkişaf etdirsək də onun sonrakı inkişafına imkan olmadı. Bu gün bu layihə ölkədə insan kapitalınıın inkişafı üçün potensiala malikdir. Layihəni yaxın gələcəkdə startap kimi formalaşdırmağı düşünürük. Amma insan kapitalının inkişafında maraqlı olan dövlət və özəl qurumlar dəstək versə, proses sürətlənə bilərdi.
Göründüyü kimi universitetlərə 2026-cı ilin qəbul kampaniyası təkcə neçə nəfərin hansı universitetə qəbul olunacağı məsələsi deyil. Bu kampaniya Azərbaycanın yaxın 20 ildə hansı insan kapitalına malik olacağını müəyyən edən strateji qərarlar toplusudur. Bu məqamda əsas məsələ "hansı ixtisası bağlayaq" sualı deyil. Daha vacib məsələ Sİ və rəqəmsal iqtisadiyyat dövründə Azərbaycan hansı bilik və bacarıqlara malik mütəxəssislərə ehtiyac duyacaq, ali təhsil sistemi bu ehtiyacı indidən necə qarşılayacaq kimi olmalıdır. Bu sual elmi əsaslarla cavablandırılmasa, qəbul planları yalnız statistik göstəricilər olaraq qalacaq. Unutmayaq ki, ali təhsil siyasəti ölkənin uzunmüddətli iqtisadi inkişafı, texnoloji suverenliyi və qlobal rəqabət qabiliyyətinin formalaşdırılmasının əsas alətlərindən biridir".
Xalidə Gəray,
Musavat.com






