Banklar üzərindən əməliyyatlar, bank kartları ilə ödənişlır genişləndikcə, bu sahədə fırıldaqçılıq halları da artır. Maliyyə sistemini sürətlə yeniləyən, müasir tələblərə uyğunlaşdıran hər bir ölkə belə halların da sürətli artımı ilə üzləşir.
Musavat.com bildirir ki, inkişaf etmiş ölkələrdə bank fırıldaqçılığına qarşı təsirli tədbirlərin tətbiqi bu sahədə vətəndaşların hüquqlarının qorunması üçün səmərəli həllərin formalaşdırılmasına imkan verir.
Azərbaycan da son illərdə təmassız ödənişlər, bank kartları ilə alış-verişlər sahəsində ciddi irəliləyişlər əldə edən ölkələrdən biridir. Bu proses vətəndaşlar üçün ağrılı olan dələduzluq hallarının da yüksək sürətlə artması ilə müşayiət olunmaqdadır. Bu səbəbdən də ölkəmiz 2025-ci il üzrə açıqlanan “Global Fraud Index”ində fırıldaqçılıq riski ən yüksək olan ilk 10 ölkə sırasına daxil edilib. Hesabatda göstərilir ki, rəqəmsal xidmətlərin sürətlə yayıldığı ölkələrdə risklər daha da artır. Azərbaycanda onlayn alış-veriş, mobil bankçılıq və kart ödənişlərinin geniş yayılması bu təhlükəni daha da artırır.

Mütəxəssislərə görə, bank xidmətləri ilə bağlı dələduzluq hallarının qarşısının alınması iki istiqamətdə tədbirləri nəzərdə tutmalıdır: birinci istiqamət əhalinin maarifləndirilməsidir. Bu sahədə əksər ölkələrdə uğurlu təcrübələr var və Azərbaycanda da onlardan istifadə olunması vacibdir. Məsələn, hər bir bankın öz tətbiqində müştərilərə ödənişlər və bank hesabı, kart məlumatlarının qorunması yolları barədə dəqiq və istiqamətli məlumat yerləşdirməsi, onunla bağlı müntəzəm olaraq müştərilərə xəbərdarlıq göndərməsi effektiv üsullardan biridir. Bundan əlavə, banklar kart alan hər bir vətəndaşa mümkün dələduzluq imkanları barədə dolğun məlumat da təqdim edə bilər. Digər istiqamət banklar və tənzimləyici qurumların birgə kütləvi maarifləndirmə kampaniyaları ola bilər.
Bank hesabları və kartları ilə bağlı dələduzluq hallarının qarşısının alınması üçün ikinci mühüm istiqamət tənzimləyici normaların hazırlanması və tətbiq olunmasıdır. Artıq Azərbaycan Mərkəzi Bankı dələduzluğun yaratdığı problemi görür və ona qarşı zəruri addımlar hazırlayır.
Bankın İdarə Heyətinin üzvü Vüsal Xəlilov bildirir ki, hazırda Azərbaycanın maliyyə sektorunun qarşısında 2 əsas çağırış var - xərclər və dələduzluq:
"Xərclər kontekstində həm rəqəmsallaşma ilə bağlı yaranan xərcləri, həm də nağdsız ödənişlər sektorundakı xərcləri qeyd edə bilərik. Bu xərcləri daha çox banklar, ödəniş təşkilatları və təsərrüfat subyektləri hiss edirlər. Dələduzluqla bağlı təhdidlər isə, təəssüf ki, hər bir vətəndaşı birbaşa narahat edir".
V.Xəliovun sözlərinə görə, sürətlə artan dələduzluq hallarının qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilir: "Biz bir sıra qurumlarla effektiv iş mübadiləsi artıq aparmaqdayıq və daha gələcəkdə də bunu həm rəqəmsal tərəfindən inkişafını düşünürük, həmçinin də ilin sonuna qədər dələduzluğa qarşı yeni qaydaların bazara tətbiq olunmasını gözləyirik. Bu, sırf dələduzluğun idarə edilməsi üçün mühüm addım olacaq”.
Bankın Ödəniş Sistemləri və Məhsulların İnkişafı Departamentinin baş mütəxəssisi Elvin Cüvarovun dediyinə görə, AMB tərəfindən banklardan daxil olan məlumatlar əsasında ötən ilin üçüncü rübündən etibarən dələduzluq əməliyyatları ilə bağlı statistik məlumatların dərcinə başlanılıb: “Ümumi mənzərə göstərir ki, rəqəmsallaşma artdıqca bankların və ödəniş təşkilatlarının biznes portfeli genişlənir, bununla paralel olaraq fraud (dələduzluq) trendləri də artır”.

E.Cüvarov bildirir ki, ötən ilin ilk rübündə müəyyən sabit azalma müşahidə olunsa da, ikinci rübdən etibarən ölkədaxili fraud əməliyyatlarında kəskin artım qeydə alınıb.
Onun sözlərinə görə, Azərbaycanda milli səviyyədə anti-froud ekosisteminin qurulması çərçivəsində vahid nəzarət və tələblər mexanizmlərinin bu ilin sonunadək bazara kommunikasiya olunması planlaşdırılır: "İlkin mərhələdə banklar və ödəniş təşkilatları üçün tövsiyə xarakterli nəzarət mexanizmlərinin hazırlanması nəzərdə tutulur. Əsas prioritetlərdən biri məhz bu ilin sonunadək həmin mexanizmlərin bazara təqdim olunması və sektor iştirakçılarına rəsmi şəkildə kommunikasiya edilməsidir. Daha sonra isə vahid tələblər sisteminin tam formalaşdırılması planlaşdırılır”.
Elvin Cuvarov bildirib ki, bu yanaşma maliyyə sektorunda anti-frod mübarizəsini standartlaşdırmağa, risklərin idarə edilməsini gücləndirməyə və bütün iştirakçılar üçün vahid çərçivə yaratmağa xidmət edəcək: "Eyni zamanda sektor üzrə məlumat mübadiləsinin təkmilləşdirilməsi və texnoloji inteqrasiyanın gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd mərkəzləşdirilmiş və real vaxt rejimində işləyən anti-frod ekosisteminin qurulmasıdır".
Banklar da dədləduzluğa qarşı mübarizə məqsədilə vahid “qara siyahı” bazasının və mərkəzləşdirilmiş insident və hesabatlılıq sisteminin yaradılmasına hazırlaşırlar. Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin dediyinə görə, ABA tərəfindən Mərkəzi Bank, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində dələduzluqla bağlı vətəndaş müraciətlərinin operativ şəkildə banklara ötürülməsi təmin edilib, şübhəli əməliyyatların isə dərhal dayandırılması mexanizmi tətbiq olunub.
Z. Nuriyev qeyd edib ki, bu yanaşma sektor üzrə risklərin erkən mərhələdə qarşısının alınmasına və zərərin minimuma endirilməsinə imkan yaradır.
ABA rəhbərinin sözlərinə görə, layihənin növbəti mərhələdə bütün ödəniş təşkilatlarını əhatə etməsi nəzərdə tutulur. Eyni zamanda dələduzluq halları üzrə vahid “qara siyahı” bazasının və mərkəzləşdirilmiş insident və hesabatlılıq sisteminin yaradılması planlaşdırılır. O bildirib ki, bu mexanizmlər sektor daxilində məlumat mübadiləsinin daha sistemli və effektiv təşkilinə xidmət edəcək.
Z. Nuriyev əlavə edib ki, tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası və təhlükəsizlik tədbirləri nəticəsində bank hesablarının kənar şəxslər tərəfindən birbaşa ələ keçirilməsi halları əhəmiyyətli dərəcədə azalıb. Bununla yanaşı, müşahidə olunur ki, fırıldaqçılar fəaliyyətlərini daha çox sosial mühəndislik üsulları üzərinə yönəldib. Assosiasiya rəhbərinin sözlərinə görə, mövcud çağırışlar nəzərə alınaraq, 2026-cı il üzrə əhalinin maliyyə təhlükəsizliyi və rəqəmsal savadlılığının artırılmasına dair Yol Xəritəsi hazırlanaraq üzv banklara təqdim edilib. Bu sənəd preventiv tədbirlərin və ictimai məlumatlandırma mexanizmlərinin daha da gücləndirilməsini nəzərdə tutur.
AMB və Bankların dələduzluğa qarşı mübarizə tədbirləri hazırlaması təqdirəlayiqdir. Lakin bu sahədə lənglik olduğunu da etiraf etmək lazımdır. Son 2-3 il ərzində bank dələduzluğu halları kütləvi xarakter alıb. Ümumiyyətlə, yeni sistem, mexanizmi tətbiq etməzdən əvvəl həm banklar, həm AMB mümkün dələduzluq hallarına qarşı tədbirləri də hazırlamalıdılar. Bank sahəsində rəqəmsal həllər, ödənişlər və bu prosesdə dələduzluq dünyada təcrübə edilmiş prosesdir. Bu mənada ortada həm uğuru, həm uğursuzluğu və ondan yayınmağın sınaqdan çıxmış yolları olan təcrübə varsa, onun bütün aspektlərinin nəzərə alınması zərurətdir. Yəni bank kartları ilə ödənişləri təbliğ və təşviq edirsənsə, bu sahədə sərt tələblər qoyursansa(bütün maliyyə, sığorta, dövlət xidmətləri ödənişlərinin kartla icra olunması məcburiyyəti və sair), demək, mümkün riskləri də nəzərə almalı və onlara qarşı önləyici tədbirlər də hazırlayıb tətbiq etməlisən. Bu, dünyada qəbul olunmuş qızıl qaydadır. Təəssüf ki, Azərbaycanda dələduzluq halları kütləvi xarakter alandan sonra təhlükəsizlik tələblərinin sərtləşdirilməsi və digər tədbirlərə əl atıldı.

Aydın məsələdir ki, dələduzluq hallarına qarşı əlavə tədbirlər bankların xərclərini artırır. Prosesin ləngiməsinin bir səbəbi də məhz bu ola bilər: təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, bir neçə mərhələli təsdiq tələb olunan əməliyyatların sayının artırılması banklardan əlavə vəsait qoyuluşu istəyir. Bu xərclərin vergilərdən azad olunması bankları təhlükəsizlik sahəsinə vəsait yatırımına daha həvəslə yanaşmasına gətirib çıxara bilər. Digər bir məsələ əmək haqqı, pensiya, müavinət ödənişi ilə bağlı vətəndaşlara bank seçimi imkanının yaradılmasıdır. Mərkəzi Bankın bu ildən tətbiq etməyə hazırlaşdığı belə bir seçim olduğu təqdirdə vətəndaşlar təhlükəsizlik tədbirləri daha sərt olan banklara keçid etməklə bankları bu sahəyə diqqəti artırmağa təşviq edəcəklər.
Dünya SAKİT,
Musavat.com






