Musavat.com xəbər verir ki, Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Musavat efirində son siyasi proseslərlə bağlı diqqətçəkən və rezonans doğuran fikir səsləndirib. Arifoğlunun sözlərinə görə, Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq həm hakimiyyət komandasından, həm də müxalifətin önəmli simalarından ibarət geniş çevrə dövlət çevrilişi cəhdi və dövlətə xəyanət ittihamları ilə istintaq altına alınıb.
R. Arifoğlu bildirib ki, məsələ təkcə ayrı-ayrı şəxslərin cinayət məsuliyyəti ilə bağlı deyil – söhbət 12 il ərzində iki dəfə həyata keçirilmiş hökuməti devirmə təşəbbüsündən və bunun arxasında dayanan koordinasiyalı siyasi layihədən gedir. Onun iddiasına görə, istintaq materiallarında həm keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, həm də müxalifətin əsas fiqurlarından biri olan, Milli Şura və Azərbaycan Xalq Cəbhəsi təşkilatlarının lideri Əli Kərimli qruplaşmanın mərkəzi adları kimi keçir.
Rauf Arifoğlu qeyd edib ki, istintaq çərçivəsində Ramiz Mehdiyevin ifşa olunan “Dövlət Şurası” planı və orada göstərilən 50 nəfərlik siyahı hüquq-mühafizə orqanlarının əlindədir. Hazırda araşdırılan əsas məsələ həmin şəxslərin bu plana hansı dərəcədə bələd olduğu, hansı mərhələdə və hansı formada proseslərə cəlb edildiklərinin müəyyənləşdirilməsidir. Rauf Arifoğlu bildirib ki, istintaq ehtiyatla, mərhələli və dəqiqliklə aparılır, həbslərin miqyasının genişlənməsi isə istisna edilmir.
Rauf Arifoğlu onu da vurğulayıb ki, sənədlər və ifadələr göstərir: sözügedən layihələrin ideoloji mərkəzində Moskva dayanıb və planın məqsədi Azərbaycanda konstitusiya quruluşunun dəyişdirilməsi, prezident idarəçiliyinin ləğvi və keçid hakimiyyətinin qurulması olub.
TV Musavat efirindən həmin çıxışın müvafiq hissəsi təqdim olunur.
Musavat.com






