Xəbər verildiyi kimi, İstanbul Baş Prokurorluğunun İstanbul şəhər meriyası ilə bağlı apardığı korrupsiya istintaqı çərçivəsində voleybolçu Derya Çayırgan ifadə vermək üçün saxlanılıb. İstintaq materiallarında diqqət inşaat və daşınmaz əmlak əməliyyatlarına yönəlib. Burada xüsusilə “Kameroğlu İnşaat” vasitəsilə həyata keçirilmiş satışlara diqqət çəkilib.
Musavat.com xəbər verir ki, bununla bağlı Türkiyənin iqtidara yaxınlığı ilə bilinən “Sabah” qəzetində maraqlı məlumat dərc olunub.
Maliyyə cinayətləri ilə mübarizə qurumu olan MASAK tərəfindən hazırlanan hesabatda qeyd edilir ki, Çayırgan 2023-cü ilin iyununda Beylikdüzündə yerləşən “Metrohome” layihəsindən 4 milyon 100 min lirə dəyərində mənzil alıb. Lakin hesabatda şirkətə edilən ödənişlərin cəmi təxminən 800 min lirə olduğu göstərilib.
Ödənişlər 20 000 TL, 62 570 TL, 32 000 ABŞ dolları (o dövrün məzənnəsi ilə ~730.000 TL) şəklində qeydə alınıb. Bu fərq istintaq sənədlərində “bazar dəyərinin beşdə biri” kimi qiymətləndirilib.
Derya Çayırgan öz ifadəsində mənzili tam göstərilən qiymətə aldığını desə də, ödənişlərin niyə bu formada aparıldığını şərh edə bilməyib və “detalları xatırlamadığını” bildirib.
MASAK hesabatında Çayırganın 2022–2025-ci illər ərzində Ekrem İmamoğlu ilə 300, İmamoğlunun mühafizə müdiri vasitəsilə isə 570 dəfə internet üzərindən əlaqə qurduğu sənədləşdirilib. Həmçinin hotel qonaqlama məlumatlarında bir neçə tarixdə giriş və çıxış qeydlərinin üst-üstə düşdüyü də göstərilib.
Çayırgan istintaq zamanı İmamoğlunun Ankaraya səfərləri zamanı onunla 3–4 dəfə görüşdüyünü təsdiqləyib.
İstintaq materiallarında “Kameroğlu İnşaat”ın İBB-yə yaxın şəxslərə 2015–2017-ci illərdə müxtəlif icazə proseslərində güzəştlər qarşılığında 24 mənzil və 1 villa verdiyi də yer alır. Həmin villanın Dilek İmamoğlu və oğlu Səlim İmamoğlu tərəfindən istifadə edildiyi sənədlərdə qeyd olunub.
Dekorasiya və peyzaj xərclərinin də inşaatçı tərəfindən qarşılandığı, daha sonra simvolik ödəniş edilib geri alındığı qeyd edilir.
Derya Çayırgan ifadəsinin ardından sərbəst buraxılıb, lakin onun barəsində xaricə çıxış qadağası və ev dustaqlığı qərarları tətbiq edilib.
Bu proses Türkiyədə 2025-ci ildə İBB-yə qarşı başlanan daha geniş korrupsiya istintaqının tərkib hissəsi sayılır. İstintaqın bu mərhələsində diqqət artıq yalnız siyasi fəaliyyətlərə deyil, həm də maliyyə əməliyyatları və daşınmaz əmlak dövriyyələrinə yönəlmiş vəziyyətdədir.
Musavat.com






