İordaniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan və İsrail istiqamətinə yönələn İrana məxsus kamikadze dronlarına qarşı əməliyyat keçirib.
Musavat.com xəbər verir ki, hərbi mənbələrin verdiyi məlumata görə, İordaniya səmasında görünən "Shahed-136" tipli pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək üçün Krallığın iki "F-16" qırıcısı təcili olaraq havaya qaldırılıb. Qırıcılar hədəfləri zərərsizləşdirmək üçün "AIM-120" (AMRAAM) və "AIM-9" (Sidewinder) tipli "hava-hava" raketlərindən istifadə ediblər.
İordaniya Silahlı Qüvvələri bəyan edib ki, bu addım ölkənin suverenliyini qorumaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, son 24 saat ərzində İordaniya tərəfi ümumilikdə 49 dron və ballistik raketi hədəf aldığını, onlardan 13 ballistik raketin HHM sistemləri, digərlərinin isə aviasiya tərəfindən vurulduğunu bildirib. Əmman rəsmiləri bir daha vurğulayıblar ki, İordaniya öz hava məkanının münaqişə zonasına çevrilməsinə icazə verməyəcək.
Musavat.com






