İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran bombalansın” həvəskarları...

1851 16.01.2026 09:16 Siyasət A A

Xameneinin başına torba keçirilib oğurlanmasını arzu edənlər, niyə eyni qəddarlığı edən Netanyahunun da bu taleyi yaşamasını istəmirlər ki?

İranın bombalanması həvəskarları deyəsən, bir az gözləməli olacaqlar. Sözlərinə güvənmək olmasa da, hər halda, ABŞ və regionda əsas müttəfiqi İsrailin indiki davranışından bu hücum planını müəyyən müddətə ertələdiklərini anlamaq olar.

Əsas arqument budur ki, ölkə daxilində ciddi çaxnaşmalar olduğu vaxtda İran rejiminin üzərinə raketlə getmək əks nəticə verə, etirazlar səngiyə bilər. Daha ağlabatan versiyalar da var: məsələn, bildirilir ki, Səudiyyə Ərəbistanı, Oman və Qətər kimi müttəfiqləri də Trampı İrana qarşı hərbi addımlar atmaqdan çəkindiriblər. Nə qədər təəccüblü olsa da, rəsmi Bakı baş verənlərə münasibət bildirməyə hələ lüzum görməyib, amma Türkiyə fəal diplomatik danışıqlar aparıb, bu hərbi müdaxiləyə qarşı olduğunu bəyan edib.

Picture background


İran daxilində nələr baş verdiyi haqda xəbərlər isə xeyli səngiyib. Molla rejimi bir neçə gündür ölkədə internetə sərt məhdudiyyət qoyub. Ölkə ilə bağlı xarici medianın xüsusilə aksiyalarda ölənlərin sayı ilə bağlı (12 min nəfər) iddiaları o xəbərlərin də gerçək olduğuna ciddi şəkildə kölgə saldı. Aksiyalarda həbs edilənlərin kütləvi edamı xəbərinə gəlincə, Tramp özü İran hakimiyyətinin etirazçıları, o cümlədən 26 yaşlı Erfan Soltanini edam etməyi planlaşdırmadığını bildirib. ABŞ prezidenti bunu “yaxşı xəbər” adlandırıb, “ümid edirəm ki, belə davam edər” deyib. BMT-dəki Rusiya nümayəndəsinin dediyinə inansaq, İranda vəziyyət stabilləşib.

Picture background

İran rejiminin qəddarlığı yenilik deyil, ölkədə edam cəzalarının ilbəil artan statistikasını yada salmaq kifayətdir. Ötən ilin son günlərindən başlayan sosial etirazlar fonunda İrana hücumu fürsətə çevirmək cəhdləri də aşkar görünməkdədir. Səbəbi uzaqda axtarmaq lazım deyil. İran son 5 ildə heç vaxt olmadığı qədər zəifləyib, rejim xaricdəki siyasi və silahlı dayaqlarını itirib, ölkə daxilində də hakimiyyət qollarına inam ciddi sarsılıb. Amma elə Azərbaycanda da bəzilərinin hələ “ölməmiş ayının dərisini bölüşdürmək” həvəsləri sanki bir az da erkən kimi görünür. Üstəlik, qonşu ölkədəki rejimə hədsziz nifrətimiz olsa da, “İranın dağılmasını görməyi arzulayanların” bu bombardmanlardan soydaşlarımızın da evlərinin dağılacağını unutmamaları gərəkir. Niyə bu adamların Qəzzada hər gün müsəlman uşaqların da qanını tökənlərə qarşı da belə bombardman çağırışları etmədikləri də ayrıca sualdır. Xameneinin başına torba keçirilib oğurlanmasını arzu edənlər, niyə eyni qəddarlığı edən Netanyahunun da bu taleyi yaşamasını istəmirlər ki? Belə ədalət olmur axı...

ABŞ-nin yeni (həm də köhnə) administrasiyasının İran mövzusunda illərdir davam edən tərəddüdü var. ABŞ-yə sığınan Pəhləvilərin hakimiyyətə qayıtmasının mümkünlüyü haqda deyilənlər əvvəldən də ciddi qəbul edilmirdi. Trampın ən yaxın adamının onunla görüşündən sonra zənnimcə, bu məsələyə nöqtə qoyulmuş sayıla bilər.

Ola bilər ki, qarşıdakı zamanlarda Pəhləvilərin köməyinə haradasa ehtiyac yaransın, amma “İranın başına şahlıq quşunun qonacağı” real görünmür.

Picture background
Şah dövründə (Pəhləvilər sülaləsi – Rza Şah (1925–1941) və Məhəmməd Rza Şah (1941–1979)) İranda bəzi üzdə olan şəhərlər inkişaf etsə də, kəndlərdə aclıq hökm sürüb, ciddi sosial təbəqələşmə olub. Neft gəlirləri artsa da, sərvət ədalətli paylaşılmayıb, daha çox Şah tərəfdarları və yaxın ətrafı zənginləşib. Zəngin elita və saray ətrafı ilə sadə xalq arasında uçurum olub. SEPAH-ın indi etdiyi qanunsuzluqları Şah dövründə də SAVAK (gizli polis) edərmiş-hakimiyyət tənqidçilərini izləyər, həbs edər, işgəncələr verərlərmiş. Onların dövründə də digər millətlərin öz dillərində təhsil almaq hüququ olmayıb. Molla rejimi dünyəviliyi sıxışdırdığı kimi, Şah dövründə də insanların dini inanclarına basqılar varmış. Yəni görünən odur ki, bəzi istisnalarla Şah dövrü haqda nostaljilər yoxdur. Tramp da bunu anladı. İranlılıara hakimiyyəti ələ almağa çağırış etmək, “kömək yoldadır” vədi verib, sonra üstündən su içmək olar. Amma o da həqiqətdir ki, İran Venesuela deyil ki, “özüm idarə edəcəm” deyəsən...

İranda Xameneini öldürməklə rejimin dərhal dəyişəcəyi illüziyadır. İslam inqilabından sonra İran bütün mənalarda keçmişə qayıdıb (İranın Günəş hicri təqviminə görə hazırda 1404-cü ildir). Sanksiyalar zəngin bir ölkəni aclığa və səfalətə sürükləyib, dini rejim insanların iliyinə qədər işləyib. İranın bütün icra strukturları dünyəvi deyil, az qala şəriət qanunları ilə işləyir. İranda dinlə dövlət hazırda siam əkizləri kimidir. Onları ayırmaq üçün usta cərrah olmaq lazımdır – elə etmək lazımdır ki, bu ağrılı prosesdən nə dövlət, nə din, nə də ətraf ölkələr zərər çəksin. Dini dövlətdən ayırmaq dinlərarası ciddi qarşıdurmaların, etnik zəmində qırğınların da xəbərçisi ola bilər. Baxın, SSRİ-ni heç demirəm, xarabazara çevrilməsinin fəsadlarını, acısını hələ də çəkirik. Hələ ən azı 500 min keçmiş köçkünümüz dağılmış evlərinə, yurdlarına qayıda bilməyiblər. Yuqoslaviyanı yada salmaq istəyirəm. Dağılması müsəlmanlar daxil( Srebrenitsa soyqırımı )digər millətlərə bəlalar gətirdi, fəsadları hələ də davam edir (Kosovonu yada salmaq olar).

Picture background
Molla rejimi İraqla müharibəsi istisna olmaqla bizə pis davranan qonşu olub. Səbəbləri də bəllidir. Amma İranın da, elə Rusiyanın da parçalanması, dağılması bizə yaxşı heç nə vəd etmir. İranda qonşuluqda hansı rejimin qurulacağı orada yaşayanların seçimi ola bilər. Amma o təminat da yoxdur ki, molla rejimi dəyişərsə, məsələn, bu dəfə Amerikapərəst bir rejim qurularsa, bizə münasibət indiki ilə müqayisədə nə dərəcədə fərqli olacaq. Suallar çoxdur.
Tanrı Azərbaycanı qorusun.

Nazim Sabiroğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR