Cenevrədə keçirilən danışıqlar zamanı İran nüvə materiallarının istehsalını 10 ilə qədər dondurmağa hazır olduğunu bildirsə də, uranın zənginləşdirilməsini tamamilə dayandırmaqdan qəti şəkildə imtina edib.
Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazır ki, iranlılar nüvə materiallarının istehsalını, ehtimal ki, on il müddətinə dayandırmağa hazırdırlar, lakin İranın imzaladığı Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində nüvə materiallarının zənginləşdirilməsi hüququ hesab etdikləri şeylərdən imtina etmək istəmirlər.
Həmçinin qeyd olunur ki, ABŞ-nin əsas danışıqçıları Stiven Uitkoff və Cared Kuşner Tehranın bütün uran zənginləşdirmə potensialından tamamilə və qəti şəkildə imtina etməsində israr etməyə davam edirlər.
Dondurma müddətləri müzakirə olunsa da, İranın MAQATE-nin həqiqətən dərin və şəffaf yoxlamalarına razı olub-olmayacağı hələ də məlum deyil.
Qeyd edək ki, 17 fevralda Omanın vasitəçiliyi ilə Cenevrədə ABŞ-İran nüvə danışıqlarının ikinci mərhələsi keçirilib. İran Xarici İşlər Nazirliyi gələcək müqavilə layihəsinə daxil edilə biləcək bir sıra məsələlər üzrə qarşılıqlı anlaşma elan edib. Vaşinqton məsləhətləşmələrin yaxşı keçdiyini bildirsə də, Tehran hələ Ağ Ev tərəfindən irəli sürülən bir sıra mövqeləri qəbul etməyə hazır deyil.
Musavat.com






