İnsanlara hürriyət, millətlərə istiqlal!

İran özünə yeni sahiblər tapmağa çalışır

1134 05.03.2026 13:30 Dünya A A

Bu gün, martın 5-də səhər tezdən Naxçıvan aeroportuna bir neçə raket atılıb. İlkin məlumatlara görə, hücum nəticəsində aeroport fəaliyyətini dayandırmalı olub. Hadisə yerli əhalini təşvişə salıb, həmçinin regionda təhlükəsizlik məsələlərini aktuallaşdırıb. Siyasi təhlilçilər bunu İranın təxribatçı addımlarından biri kimi qiymətləndirirlər. Naxçıvan aeroportuna kim və nə məqsədlə hücum edir?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, martın 5-də səhər tezdən Naxçıvan aeroportuna 3-4 dronla hücum olub: “Məsələ bundadır ki, Naxçıvan aeroportunu xüsusi hədəfə alaraq, Azərbaycanla yeganə kommunikasiya əlaqəsini, nəqliyyat vasitələrimizi blokada altına ala bilərlər. Məlumata görə, artıq aeroport öz fəaliyyətini dayandırıb. Yəni, uçuşlar dayanıb, çünki təyyarələri də vura bilərlər. Bəllidir ki, Naxçıvan və ümumiyyətlə, Azərbaycan heç vaxt İrana hücum edən tərəf olmayıb. Hətta İrana hücumlar belə Naxçıvan üzərindən həyata keçməyib. Əgər İrana raket atıblarsa, bu, Azərbaycan hava sahəsindən keçməyib. Amma buna baxmayaraq, bizi hədəf alırlar. Bu, təsadüfi deyil. Dünən Türkiyədə də raket zərərsizləşdirilmişdi, bu gün isə bizə atılır. Görünür, onların məqsədi həm Azərbaycanı, həm Türkiyəni bu proseslərə cəlb etməkdir. Əgər bunu cəlb etmək istəyirlərsə, bu, kimin tərəfindən edilir?”

Siyasi şərhçi deyib ki, İrana kürdlər hücum edir, Qərbi Azərbaycan, Urmiya təhlükə altındadır: “Azərbaycana deməkdənsə ki, gəlin bərabər bu torpaqları, bu əraziləri, azərbaycanlıların yaşadığı yerləri qoruyaq, bizə hücum edirlər. Yəni, sanki bizi də məcbur edirlər ki, biz də Cənubi Azərbaycanı hədəf alaq. İranı idarə edən insanlar, mən bilmirəm, hazırda kim idarə edir, belə görünür ki, orada mərkəzi idarəçilik yoxdur. Trampın məşhur bir sözü var, deyir ki, “biz İranda bütün liderləri məhv etmişik, onları lidersiz qoymuşuq”. Görünür, Tramp bu sözləri elə belə demir. 15-ci əsrdə Osmanlı ordusunda dəlilər ordusu olub. Bu dəlilər ordusu hara gəldi hücum edir, yaxın adamlarını belə məhv edirdilər. Səbəb də başsız qalmaları, onlara sahib çıxanın olmaması idi. İndi görünür İran da özünə yeni sahiblər tapmağa çalışır. Tapmadığı üçün hara gəldi hücum edir”.

Siyasi şərhçi ötən gün Prezident İlham Əliyevin İranın Bakıdakı səfirliyinə gedərək başsağlığı verməsini xatırladıb, deyib ki, 1 gün sonra belə bir hadisənin baş verməsi təsadüfi deyil: “Bu gün Azərbaycanın kifayət qədər güclü dayaqları var, İran isə zəif tərəflərini qoruyur. İranı idarə edənlər bilməlidirlər ki, bu yanlışlıqlar böyük nəticələr verə bilər. İran Prezidenti Pezişkiyan bu məsələni diqqətlə izləməlidir ki, aramızda konflikt yaranmasın. Əgər konflikt baş verərsə, itirən yalnız Azərbaycan olmayacaq. Bu təxribatlara getmək olmaz. İran ağlını başına yığmalı, belə nankor hərəkətlərə yol verməməlidir”.

Heydər Oğuz bildirib ki, İranın bu hücumundan sonra yəqin ki, Rusiya da hərəkətə keçəcək: “Rusiya Azərbaycana qarşı hərəkət edə bilər. Azərbaycan dövləti ehtiyatlı olmalı, həm şimaldan, həm cənubdan gələn təhlükələri nəzərə almalı və qarşı tədbirlər görməlidir. Bizim torpaqlarımız, ərazilərimiz, suverenliyimiz təhlükə, təhdid altındadır. Əslində Azərbaycan baş verənlərə öz cavabını verməlidir. Lakin hazırda İranın bu ağır vəziyyətində cavab ölçülü olmalıdır. İranın bu hərəkətləri sonsuz başsızlıq və xaos gətirir. Azərbaycan öz təhlükəsizliyini təmin etməlidir. İran başa düşməlidir ki, ərazilərimizi hədəfə almaq böyük zərbələrə səbəb ola bilər”.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR