İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur nəşr Krımdakı acınacaqlı vəziyyətdən YAZDI

509 28.07.2026 10:23 Dünya A A

Ukrayna ordusunun Krımın enerji infrastrukturlarına pilotsuz uçuş aparatları (PUA) ilə etdiyi hücumlar nəticəsində Rusiyanın nəzarətində olan yarımada qaranlığa qərq olub. Yüz minlərlə sakin günlərlə ard-arda elektrik enerjisindən məhrum qalıb.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu "The New York Times" nəşri yazıb.

"15 gün ərzində işıqlar söndü və hətta bir saatlıq da olsa, bərpa olunmadı. Hakimiyyətin bizi unutduğu bəlli məsələdir", - deyə qəzetə açıqlama verən Krımın şimal sakini Olqa bildirib.

Sakinlər, həmçinin su təchizatının da tamamilə kəsildiyini vurğulayırlar.

Nəşr qeyd edir ki, 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Krımın enerji sisteminə endirilən bu zərbələr Moskvanın uzun illərdir Ukraynanın mülki infrastrukturlarına etdiyi hücumların bir növ cavabıdır. Ukraynanın bu əməliyyatda əsas məqsədi, neft emalı zavodlarına edilən hücumlarda olduğu kimi, Kremlə sülh sazişinə razı olması üçün təzyiqi artırmaqdır.

Rusiya prezidenti Vladimir Putin isə Krımdakı kütləvi işıq sönmələrini ictimaiyyət qarşısında hələ də etiraf etməyib.

Məlumata görə, Ukrayna ordusunun iyun ayında başladığı intensiv əməliyyatlar əsasən şimal zonasındakı Rusiya hərbi bazalarının yaxınlığında yerləşən infrastrukturu hədəf alıb. İyulun sonuna kimi yarımadanın şimalındakı bütün iri şəhər və kəndlərdə işıqlar tamamilə sönüb.

Su nasosları dayandığı üçün hətta Yalta kimi nisbətən az zərər görmüş cənub kurort şəhərlərində belə sakinləri gündə cəmi 3 saat su ilə təmin edirlər.

Yerli rəsmilər kəsintilərin miqyasını gizlətməyə çalışsalar da, rusiyalı diplomatlardan biri "TASS" agentliyinə açıqlamasında cəmi bir həftə ərzində 1,4 milyon krımlının işıqsız qaldığını etiraf edib.

"Meduza" nəşrinin peyk təsvirləri əsasında apardığı təhlilə əsasən, iyulun əvvəlində bütün Krım üzrə gecə işıqlandırma səviyyəsi normanın 20%-dən aşağı düşüb.

Sakinlər kütləvi şəkildə generator, günəş panelləri və invertorlar axtarmağa başlayıblar. Hətta bir çox ailələr yarımadanı tərk etmək haqqında düşünür.

Mobil əlaqənin kəsilməsi səbəbindən Yevpatoriyada ötən əsrdən qalma taksofonlar quraşdırılmağa başlanıb.

Məlumata görə, yanacaq qıtlığı və işığın olmaması səbəbindən yay mövsümündə turistlərin və yerli əhalinin bir hissəsi ərazini tərk edib. Ərazidə qalanlar isə ciddi çətinliklərlə üz-üzədir. Məsələn, Djanqoy şəhərinə iyulun 21-dən etibarən işıq gün ərzində cəmi 2 saat verilir, o da yüksək gərginliklə ötürüldüyündən məişət texnikasını sıradan çıxarır. Mərkəzi hissələrdə dəmir yolu vağzalı və bir çox mağazalar bağlıdır, supermarket rəfləri isə boşalıb.

Rusiya hökuməti 48 saatdan çox işıqsız qalan sakinlərinə 15 min rubl (təxminən 190 dollar) birdəfəlik yardım təklif etsə də, bu məbləğ kiçik bir generatorun xərcini belə ödəmir. Rusiya dövlət televiziyaları isə Krımdakı böhranı gizlətməyə davam edir.

Xəbərdə həmçinin qeyd olunur ki, Kremlin hərbi xərcləri yaxın üç il üçün büdcənin əsas prioritetinə çevrilib. Rəsmi planlarda 2026-cı il hərbi büdcəsi üçün 12,9 trilyon rubl nəzərdə tutulsa da, real xərclərin bu rəqəmi 4–5 trilyon rubl üstələyəcəyi bildirilir. Almaniyanın Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun eksperti Yanis Klugenin hesablamalarına görə, 2022-ci ildən bu günə qədər Rusiyanın Ukraynaya qarşı müharibəyə xərclədiyi məbləğ 53 trilyon rublu (təxminən 746,6 milyard dollar) keçib.

Eyni zamanda, Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ və Ukrayna arasında hava hücumlarının dayandırılması ilə bağlı mümkün danışıqlar barədə xəbərləri şərh etmək üçün tez olduğunu, Rusiyanın yalnız öz maraqlarına uyğun addım atacağını vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR