İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi komandanlıq məntəqəsində yüksək rütbəli hərbi rəsmi ölkənin milli təhlükəsizliyi ilə bağlı sərt və açıq mesaj verib.
Musavat.com xəbər verir ki, açıqlamada bildirilib ki, İrana qarşı yönələn istənilən təhlükə, hətta hələ formalaşma mərhələsində olan risklər belə xüsusi nəzarət altındadır və zəruri anda adekvat qərarlar qəbul ediləcək.
Rəsmi vurğulayıb ki, İran İslam Respublikası heç bir müharibəyə başlamaq niyyətində deyil. Lakin ölkənin milli təhlükəsizliyinə yönələn hər hansı təhdidin reallaşmasına qətiyyən icazə verilməyəcək. Bu yanaşmanın preventiv xarakter daşıdığı və təhlükələrin erkən mərhələdə zərərsizləşdirilməsinə hesablandığı xüsusilə qeyd olunub.
Bəyanatda həmçinin xəbərdarlıq edilir ki, mümkün istənilməyən nəticələrə görə bütün məsuliyyət təxribatçı addımlar atan, eləcə də sabitliyi pozan qüvvələrə birbaşa və ya dolayı dəstək göstərən tərəflərin üzərində olacaq. Bu cür müdaxilələrin təkcə İran üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi risklər yaratdığı vurğulanır.
Musavat.com






