İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda “Kərbəla müsibəti” - Bakı və Ankaranın edəcəyi...

1646 18.11.2025 09:57 Gündəm A A

Cənub qonşu son illərin ən ağır quraqlıq mərhələsini yaşayır - ekoloq ölkəmizə təsirindən danışdı

İran son illərin ən ağır quraqlıq mərhələsini yaşayır. Su anbarları boşalır, yeraltı ehtiyatlar sürətlə tükənir, paytaxtda gecə saatlarında suyun kəsilməsi artıq adi vəziyyətə çevrilib. Tehran sakinlərinin kütləvi şəkildə Emamzadeh Saleh Məscidinə toplaşıb yağış üçün dua etməsi isə böhranın psixoloji ağırlığını və ictimai narahatlığın hansı səviyyəyə çatdığını göstərən simvolik mənzərədir.

Ekoloji ekspertlər bildirirlər ki, İran ən azı altı ildir ardıcıl şəkildə yağış azlığı yaşayır. Temperatur qalxır, qış yağıntıları zəifləyir, qar örtüyü əvvəlki dövrlərlə müqayisədə demək olar ki, yarıbayarı azalıb. Bu dəyişikliklər çayların illik axımını minimuma endirib, xüsusilə Tehrana su verən Lar, Latyan və Amirkabir su anbarlarında səviyyə tarixi aşağı həddə yaxınlaşıb. Yeraltı suların həddindən artıq istismarı ilə bağlı yaranan torpaq çökmələri isə bəzi şəhərlərdə 30-40 santimetrə çatır. Bu artıq sadəcə su qıtlığının deyil, ekosistemin çökmək üzrə olduğunun xəbərdarlığıdır.

İranın su böhranı yeni deyil, lakin miqyas dəyişib. 1998-2001-ci illərdə baş verən böyük quraqlıq ölkənin kənd təsərrüfatını çökdürmüş, minlərlə kənd boşalmışdı. Xuzestan, Sistan-Bəluçistan və İsfahan kimi əyalətlərə içməli su tankerlərlə daşınırdı. 2007-ci ilin, 2010-cu ilin, 2013-2014-cü illərin quraqlıq mərhələləri isə tədricən ölkənin su strukturunu çökdürdü. 2018-ci ildə Xuzestanda baş verən “su etirazları”, İsfahan fermerlərinin aylarla davam edən aksiyaları problemin artıq ekoloji yox, siyasi və sosial məsələ olduğunu sübut etdi. İndi isə böhran milli təhlükəsizlik səviyyəsinə qalxmış vəziyyətdədir.

Mütəxəssislər bildirirlər ki, Tehran hökumətinin su idarəçiliyi illərlə yanlış qurulub: yüzlərlə su anbarı düzgün planlaşdırılmayıb, çayların məcrası dəyişdirilib, sənaye və kənd təsərrüfatı üçün ayrılan su normativləri real ehtiyatlarla uyğunlaşdırılmayıb. Bundan başqa, İranın çoxillik siyasi təcridi və iqtisadi sanksiyalar su infrastrukturunun yenilənməsinə imkan verməyib. Nəticədə su şəbəkələrində itki 25-30 faiz civarındadır - yəni çıxarılan hər dörd kubmetrin biri yolda itib-batır.

Bəs bu gedişlə çıxış yolu varmı? İran daxilində üç istiqamət müzakirə olunur: təcili su qənaəti planı, dəniz suyunun duzsuzlaşdırılması layihələrinin genişləndirilməsi və kənd təsərrüfatının su sərfiyyatını kəskin azaltmaq. Amma bütün bu planlar üçün böyük maliyyə, zaman və siyasi iradə lazımdır. Hazırda bunların heç biri kifayət qədər mövcud deyil.

Cənubi Azərbaycan əyalətlərində - Təbriz, Urmiya, Ərdəbil və Zəncanda da vəziyyət ürəkaçan deyil. Urmiya gölünün yenidən quruma təhlükəsi, ekoloji zonaların susuzlaşması və yeraltı suların azalması Güneydə də böhranın eyni templə dərinləşdiyini göstərir. Urmiya gölünün bərpası üçün uzun illərdir həyata keçirilən layihələr nəticə vermir, əksinə, gölün səviyyəsi son iki ildə bir daha sürətlə düşməyə başlayıb. Quraqlıq Güney bölgəsində həm kənd təsərrüfatını zəiflədib, həm də şəhərlərdə gündəlik su təzyiqini azaltmağa məcbur edib.

İranın yaşadığı quraqlıq indi təkcə təbiətin kaprizləri deyil. Bu, illərlə davam edən idarəetmə səhvlərinin, siyasi böhranların, sanksiyaların və regional iqlim dəyişikliyinin birgə yaratdığı çoxşaxəli böhrandır. Əgər Tehran real islahatlara başlamasa, quraqlığın növbəti mərhələsi ölkəni təkcə susuzluğa deyil, daha dərin sosial sarsıntılara aparacaq.

Rövşən Abbasov: Azərbaycanda tezliklə milli biomüxtəliflik fəaliyyət planı  qəbul olunacaq - AZƏRTAC

Rövşən Abbasov

Ekoloq Rövşən Abbasov “Yeni Müsavat”a bildirib ki, İranın quraqlıqdan əziyyət çəkməsinin bir çox səbəbləri var. Onun sözlərinə görə, bu, ilk növbədə iqlim dəyişmələrinin təsiri ilə bağlı olan bir prosesdir: “İranın su mənbələri əvvəlki kimi verimliliyə malik deyil. Təbii olaraq orada yağıntıların azalması, temperaturun yüksəlməsi baş verir. Buna görə də İranda yeraltı suların səviyyəsi aşağı düşüb və çayların suyu azalıb. Lakin hər şeyi iqlim dəyişmələrinin üzərinə yıxmaq olmaz. İranda əhalinin kəskina artması və düzgün olmayan su istifadəçiliyi əsas səbbədir. Bu ölkədə yeraltı sular çox istismar olunub. Quyular, qazılıb, geniş ərazilər əklib, çayların suyundan aşırı istifadə edilib. Bu da tədricən suya tələbatı çox olan bir kənd təsərrüfatının formalaşmasına səbəb olub ki, bu da İranın su mənbələrinin hesabına təmin oluna bilmir.

Şəhərlərdə isə problem başqadır. Belə ki, İranda əhalinin kəndlərdən şəhərlərə kəskin köçü baş verib. Tehran, Təbriz, Məşhəd kimi şəhərlərdə bu gün də konsentrasiya olunma davam edir. İnsanlar susuz bölgələrdən kənd təsərrüfatına aid olan işlərini ataraq şəhərlərə gəlirlər. Çünki yerlərdə insanlar ənənəvi gəlirlərini itiriblər. Yəni suya tələbat artsa da, əhali su tapa bilmir. Digər tərəfdən isə İranın iqtisadiyyatı insanların kənd təsərrüfatı hesabına yaşamasına imkan vermir. Başqa bir səbəb isə odur ki, artıq insanlar şəhər həyatına meyilləniblər. Nəticədə şəhərlərdə plansız tikililər baş verir. Bu da öz növbəsində suya olan tələbatı artırır və əvvəlki su mənbələri yetərli olmur".

Ekoloq deyir ki, Cənubi Azərbaycan şəhərlərində susuzluqla bağlı vəziyyət daha gərgindir: “Urmiya və Təbriz şəhərlərində quraqlıq hökm sürür. Urmiya gölünün quruması da ölkədə gedən bu proseslərin nəticəsidir. Gölə gedən çayların üzərində bəndlər tikilib və bu istiqamət kənd təsərrüfatı məqsədli suvarmaya verilib. Bu, çox acınacaqlı bir prosesdir. Həm göl qurudu, həm də insanlar susuz qalıblar.

Bəs İranda baş alıb gedən quraqlıq Azərbaycana təsir edə bilərmi?  Əlbəttə, təsir edəcək. Azərbaycan İrandan kənd təsərrüfatı məhsulları idxal edir. Əgər İrandan bu məhsullar az idxal edilsə və ya ümumiyyətlə, dayandırılsa, ölkəmizdə bahalıq yaranar. Çünki İran artıq bu məhsullarla özü-özünü təmin edə bilmir və idxaldan asılı bir vəziyyətə düşür. Belə olan halda Azərbaycana necə ixrac edə bilər.

Onu da qeyd edək ki, İranda baş verən iqlim dəyişmələri Azərbaycanda da hiss olunur. Ölkəmizdə son on illiklərdə suyadayanaqlı kənd təsərrüfatı inkişaf etdirilib. Lakin elə yanlışlıqlar baş verib ki, bəzən bunları düzəltmək belə mümkün olmur. Bu da ona gətirib çıxarır ki, Azərbaycanda da su çatışmazlığı baş verir. Son dövrlərdə biz ətin bahalaşmasının şahidi olduq. Bunun hamısının səbəbləri arasında su çatışmazlığı da var. Çünki insanlar əvvəllər Mərkəzi Aran rayonlarında - İmişlidə, Beyləqanda, Bərdədə yonca hesabına çoxlu ət istehsal edirdilər. Lakin indi fermerlər su tapmır. Buna görə də biz istehsalçıları dəstəkləməliyik. Onların su ilə təminatı ilkin şəkildə bərpa olunmalıdır. Bu cür istehsal Azərbaycanda özünü doğruldub. Yəni kəndilər ailə-fermer təsərrüfatlarında daha effektiv işləyiblər.  Lakin su çatışmazlığı onları ciddi sınaqlar qarşısında qoyub. Fermerlərin bəziləri işi buraxıb və şəhərlərə köçüblər". 

Ekoloq bildirir ki, problemi həll etmək üçün müvafiq suvarma texnologiyalarına keçmək lazımdır: “Sudan asılılığı azaltmaq lazımdır. İqtisadiyyatlar suya çox bağlanıb. Bu, doğru deyil”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR