"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Müsavat-ın canlı efirində aparıcı Sevinc Telmanqızının qonağı olub.
Musavat.com xəbər verir ki, Rauf Arifoğlu İranın daxili və xarici siyasətindəki ziddiyyətlərə diqqət çəkib:
Onun sözlərinə görə, illərdir sərhədlərimizin bağlı qalmasının əsas səbəbi məhz bu qlobal müharibə təhdididir.
"Hələ İrana zərbələr endirilməmişdən 3 gün əvvəl SEPAH Azərbaycana qarşı həyasız iddialar irəli sürürdü. SEPAH-a qalsa, vəziyyət daha pis olardı. Yaxşı ki, Məsud Pezeşkian var. O, normal, ağıllı və dürüst adamdır. Müharibədən sonra verdiyi açıqlamada da dedi ki, əgər qonşular və digər dövlətlər bizi sevmirsə, günahı təkcə Amerikada, İsraildə yox, özümüzdə axtarmalıyıq. Bu, çox doğru yanaşmadır".
R.Arifoğlu İranın regionda apardığı siyasətin onu təklədiyini vurğulayıb:
"İran ərəb qonşularının hamısını bombalayıb, hətta özünə yaxın olan qüvvələri də hədəf alıb. Faktiki olaraq hamı ilə düşmən olub. İndi isə qarşısında Amerika var. ABŞ-nin bölgəyə 60 mindən çox hərbçi, gəmilər və hərbi texnika yığması boşuna deyil".
Rauf Arifoğlu Azərbaycanın bu prosesdəki mövqeyini və Cənubi Azərbaycan amilini xüsusi qeyd edib:
"Azərbaycan dövləti prosesləri əvvəlcədən proqnozlaşdırıb. Sərhədlərimizin bağlı olması Rusiya-Ukrayna müharibəsinin sıçraması və İranda gözlənilən xaos ssenarisi ilə bağlı idi. Biz həm də İrandakı milyonlarla soydaşımızın taleyindən narahatıq. Tehrana yağan bomba, əslində, azərbaycanlılara yağır. Çünki dünyada Bakıdan sonra ən çox azərbaycanlının yaşadığı ikinci böyük şəhər Tehrandır. Biz Cənubi Azərbaycanın məsuliyyətini də daşıyırıq".
Media rəhbəri İranda xaos yaranacağı təqdirdə tarixi proseslərin təkrarlana biləcəyini proqnozlaşdırıb:
"Əgər İranda nizam pozularsa, xaos yaranarsa, biz Cənubi Azərbaycanı necə xilas etmək barədə düşünməliyik. 1945-ci il variantı – Seyid Cəfər Pişəvəri hərəkatı yenidən təkrarlana bilər. Azərbaycan xalqı və dövləti hər şeyə hazır olmalıdır".
Daha ətraflı videoda:
Musavat.com






