Türkiyənin Akdeniz Universiteti Xəstəxanasında həkim və müəllim kimi çalışan Fatih A.-nın həmkarlarını böyük məbləğdə dələduzluq yolu ilə aldatdığı iddia olunur.
Musavat.com xəbər verir ki, iddialara görə, Fatih A. ABŞ fond bazarlarında istifadə olunmaq üçün xüsusi alqoritm və tətbiq hazırladığını bildirərək həkimlərə və digər səhiyyə işçilərinə yüksək gəlir vəd edib.
O, bu yolla çoxsaylı şəxslərin etimadını qazanaraq onlardan böyük məbləğdə pul topladığı, bəzi hallarda isə daşınmaz əmlakları öz adına keçirdiyi bildirilir.
İstintaq materiallarına əsasən, şübhəlinin ümumilikdə təxminən 225 milyon türk lirəsi məbləğində vəsaiti mənimsədiyi iddia olunur. Zərərçəkənlərdən biri isə bu sxem nəticəsində 1 milyon ABŞ dollarından çox vəsait itirdiyini bildirib.
Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına müraciətindən sonra araşdırma başlanılıb. Prokurorluq Fatih A. barəsində həbs qərarı çıxarıb. İddialara görə, şübhəli bu vaxtadək ölkədən qaçmağa müvəffəq olub.
Əməliyyat çərçivəsində Fatih A.-nın həyat yoldaşı F.A. saxlanılıb. O, polis bölməsində ifadə verdikdən sonra məhkəməyə çıxarılıb və barəsində məhkəmə nəzarəti qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.
Hazırda hüquq-mühafizə orqanları xaricə qaçdığı ehtimal edilən Fatih A.-nın yerinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Musavat.com






