Kabo-Verde millisinin qapıçısı Vozinya dünya çempionatının ən çox danışılan simalarından birinə çevrilib.
Musavat.com xəbər verir ki, İspaniya ilə keçirilən və sensasiya hesab olunan 0:0 nəticəli oyundan sonra Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Jozimar Diaşın (Vozinya) sosial şəbəkə hesabına rekord sayda izləyici axını başlayıb.
Matçın start fitindən əvvəl onun hesabını təxminən 56 min nəfər izləyirdi. Qarşılaşmadan dərhal sonra verdiyi müsahibə zamanı jurnalist qapıçıya izləyicilərinin sayının artıq 1,5 milyona çatdığını bildirib.
“Bu, dəlilikdir”, - deyə Portuqaliyanın ikinci liqasında çıxış edən “Şaveş” klubunun qapıçısı təəccübünü gizlədə bilməyib.
Vozinya oyunda etdiyi yeddi möhtəşəm qurtarışla komandasını məğlubiyyətdən xilas edib və matçın ən yaxşı futbolçusu seçilib.
Təcrübəli qolkiper bildirib ki, ömrü boyu dünya çempionatında oynamağı arzulayıb. Lakin nənəsi və babası bu günü görmədən dünyasını dəyişib. Anası isə viza və maliyyə problemlərinə görə ABŞ-yə gedə bilməyib.
Hazırda Vozinyanın “Instagram” hesabındakı izləyicilərinin sayı artıq 5,7 milyonu keçib.
Musavat.com






