Azərbaycanda əhalinin istifadə etdiyi istehlak kreditlərinin faizlərində ciddi artım var.
Musavat.com Mərkəzi Bankın (AMB) məlumatına istinadən xəbər verir ki, 2026-cı il yanvar ayının 1-nə istehlak kreditlərinin milli valyutada, orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlər üzrə 26 faiz, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 26 faiz, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 18 faiz, avtomobil kreditləri üzrə 13faiz və digər istehlak kreditləri üzrə 22 faiz təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi- məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər 1 faiz bəndi, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 2 faiz bəndi, avtomobil kreditləri 3 faiz bəndi, digər istehlak kreditləri 2 faiz bəndi, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə 1 faiz bəndi artıb.
Mərkəzi Bankın digər məlumatına görə, hesabat tarixinə bankların kredit portfelinin həcmi 30 milyard 63 milyon manata bərabər olub ki, bunun da 16 milyard 106.3 milyon manatı (53,6 faiz) biznes kreditləri, 9 milyard 354.2 milyon manatı (31,1 faiz) istehlak kreditləri, 4 milyard 602.5 milyon manatı (15,3 faiz) isə ipoteka kreditləri olub.
Ümumilikdə, 2025-ci il ərzində bankların kredit portfeli 9.4 faiz və ya 2 milyard 585.4 milyon manat (o cümlədən, biznes kreditləri 1 milyard 319.1 milyon manat, istehlak kreditləri 909,3 milyon manat, ipoteka kreditləri 357 milyon manat) artıb.
Statistikaya əsasən ötən il bankların kreditlər üzrə faiz gəlirləri 3 milyard 947 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27 faiz çoxdur. 2024-cü ilin eyni dövründə bankların kreditlər üzrə faiz gəlirləri 3 milyard 106 milyon manat təşkil etmişdi.
2025-ci ildə bankların faizlər üzrə xərcləri isə 1 milyard 848 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlərə görə ödənişlərdən formalaşıb.
Bir çox mütəxəssislər 2025-ci ildə kredit faizlərindəki artımın mühüm səbəblərindən biri kimi Azərbaycan Mərkəzi Bankının tətbiq etdiyi sərt tələbləri göstərirlər.
İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, istehlak kreditlərində ötən ilki artımda AMB-nin tələblərindəki dəyişikliyin müəyyən rolu olub. Lakin bu rol daha çox bankların yeni tələblərə tam adekvat olmayan reaksiyası ilə bağlıdır:
“Bizim tələblərimizdə axırıncı dəyişiklik 2024-cü ildə edilib. Bu dəyişikliklərin təsiri 2024-cü ilin sonunadək hiss olunmalıydı. Lakin bu təsirlərin bir qismi 2025-ci ilin əvvəlinə də keçdi. Bir də düşünürəm ki, bizim banklar Mərkəzi Bankın tətbiq etdiyi yeni çərçivələrə öyrəşmə prosesini keçirlər. Bu prosesdə ola bilsin ki, bank sektoru tərəfindən hansısa tələsik qərarlar verildi. Bu qərarlar da 2025-ci ilin birinci yarısında faizlərə təsir etdi. Lakin ikinci yarımildən bu proses azalma ilə əvəz olunub. Hazırda biz faizləri artıracaq hər hansı amil görmürük, əksinə, monetar siyasətimizdə hər hansı dəyişikliklər olmadığı şəraitdə bu ilin sonunadək onların azalmasını gözləyirik. Bu, həm kredit faizlərinə aiddir, həm də depozit faizlərinə”.
AMB rəhbəri bildirib ki, Azərbaycanda uçot dərəcəsinin manatla yerləşdirilən depozit və manatla verilən kredit faizlərinə təsiri getdikcə daha çox hiss olunur:
“Bizim yeni monetar siyasət çərçivəsinin son mərhələsi 2024-cü ildən başlayıb. Həmin vaxtdan biz uçot dərəcəsini siyasət aləti kimi tətbiq etməyə başlamışıq. Məsələn, son 6 ayda uçot dərəcəmizi aşağı salmışıq. Bunun nəticəsində fiziki şəxslərin manatla müddətli yeni depozitləri üzrə orta faiz 0,11 faiz bənd azalaraq 9,5 fsizə, hüquqi şəxslərin müddətli yeni depozitləri üzrə orta faiz 0,78 faiz bəndi azalaraq 5,87 faiz-ə düşüb”.
Taleh Kazımov həmçinin qeyd edib ki, fiziki şəxslərə yeni verilmiş kreditlərin orta illik faiz dərəcəsi 0,8 faiz bəndi azalaraq 15,95 faizə, hüquqi şəxslərə yeni verilmiş kreditlərin orta illik faiz dərəcəsi isə 0,91 faiz bəndi azalaraq 12,32 faizə düşüb.
Onu da qeyd edək ki, kredit faizlərində artım bir qayda olara rəsmi tələblərlə yanaşı, həm də və daha çox risklərin yüksəlməsini əks etdirir. İqtisadiyyatın maliyyə təchizatçısı olan banklar burada baş verən tendensiyaları hamıdan əvvəl görməklə, özlərini mümkün təlatümlərdən qorumaq üçün önləyici addımlar atırlar. Bu baxımdan, xüsusilə əhalinin istifadə etdiyi istehlak kreditlərinin faizlərinin artırılması bankların əhalinin ödəmə qabiliyyətinin pisləşməsi tendensiyası ilə bağlı preventiv tədbiri kimi də qiymətləndirilir.
Dünya,
Musavat.com






