Gözəllik dünyasında “Möcüzəvi dəri baxımı” kimi təqdim olunan yeni trend - “Somon DNA” proseduru ciddi mübahisələrə səbəb olub.
Musavat.com xəbər verir ki, bu trend məşhurlar arasında sürətlə populyarlaşır.
Kim və Xloi Kardaşyanın maraq göstərdiyi proseduru müğənni Şarlotta Emma dolğu əvəzinə seçdiyini açıqlayıb. Aktrisa Cennifer Eniston isə “Qızılbalıq dərisi kimi hamar bir cildim var” - deyə bildirib.
Lakin “Somon DNA” sosial mediada və estetik klinikalarda geniş müzakirəyə səbəb olub.
Məlumata görə, prosedurda istifadə edilən maddə balıq spermasından alınan və polinükleotid adlanan kiçik DNA parçalarından ibarətdir. Laboratoriya şəraitində serum halına gətirilən bu molekullar nazik iynələrlə dəri altına yeridilir. İnsan DNA-sına bənzər quruluşa malik olduqları üçün cildin yenilənməsini stimullaşdırdığı iddia edilən polinükleotidlərin kollagen və elastin istehsalını artıraraq dəridə elastiklik və təravət yaratdığı deyilir. Mütəxəssislər prosedurun qırışlar, akne izləri və müxtəlif dəri toxuması problemləri üzərində müsbət təsir göstərə biləcəyini də qeyd edirlər. Lakin bu metodun elmi əsasları ilə bağlı suallar hələ də açıq qalır.
Bu prosedur klinikalarda 3 seansa həyata keçirilir. Böyük Britaniyada bir seansın qiyməti təxminən 15–30 min TL arasında dəyişir. Təsirin qorunması üçün prosedurun 6–9 aydan bir təkrarlanması məsləhət görülür.
Dermatoloq Con Paqliaro polinükleotidlərin bioloji baxımdan əhəmiyyətli molekullar olduğunu qəbul etsə də, parçalanmış somon DNA-sının insan dərisi üzərində uzunmüddətli təsirlərini sübut edən güclü elmi sübutların olmadığını vurğulayır. Bu səbəbdən mütəxəssislər trendin sürətlə yayılmasına baxmayaraq, ehtiyatlı yanaşmağın vacib olduğunu bildirirlər.
Musavat.com






