Kanada baş naziri Mark Karni Davosdakı çıxışında dünya nizamının artıq illərdir mövcud olan “qaydalar üzərində razılaşma” modelindən uzaqlaşdığını və bu sistemin indi yalnız kağız üzərində qaldığını bildirib.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.
Onun sözlərinə görə, böyük güclər öz maraqlarını təmin etmək üçün həm iqtisadi, həm də siyasi alətləri açıq şəkildə silaha çevirir, nəticədə isə kiçik və orta ölkələr üçün təhlükəsizlik və müstəqillik məsələsi yeni məzmun qazanır. Karni ad çəkməsə də, auditoriyanın diqqəti ABŞ prezidenti Donald Trampın son aylarda həm Kanadaya, həm Avropaya, həm də şimal bölgəsinə qarşı sərgilədiyi siyasətə yönəldi. “Köhnə düzən bitib. Biz bu nizamın geri dönməyəcəyini bilirik. Nostalgiyanın siyasi dəyəri yoxdur,” – deyə Karni qeyd etdi.
Kanadanın mövqeyindəki dəyişiklik bir-birinə bağlı üç istiqamətdə özünü göstərir. Birincisi, iqtisadi asılılığın azaldılması məqsədilə Çin və Qətərlə yeni tərəfdaşlıq razılaşmaları əldə edilib, Hindistan və Cənub-Şərqi Asiya ilə azad ticarət danışıqları aparılır, Latın Amerikası inteqrasiya blokları ilə əməkdaşlıq genişləndirilir. İkincisi, enerji resurslarının və infrastrukturunun siyasi alətə çevrildiyi dövrdə Kanada özünü “enerji supergücü” kimi təqdim edərək yeni koalisiyaların formalaşmasında yer almağa çalışır. Üçüncüsü, Arktikada suverenlik məsələsi ön plana çəkilir və Danimarka ilə Qrenlandiyanın mövqeyi açıq şəkildə dəstəklənir. Bu xətt, Şimali Atlantika məkanında balansın pozula biləcəyi ehtimalına qarşı NATO çərçivəsində koordinasiyanın vacibliyini vurğulayan Avropa paytaxtları ilə də üst-üstə düşür.
Trampın Davosdan bir gün əvvəl yayımladığı, Kanada, Qrenlandiya və Venesuelanı ABŞ bayrağı altında göstərən xəritə müzakirələri daha da sərtləşdirib. Vaşinqtonun ticarət nümayəndəsi Kanadanın ÜDM-nin 75 faizinin ABŞ-yə bağlı olduğunu xatırladaraq Ottavanın yeni xəttini “simvolik” sayıb. Fransanın prezident Emmanuel Makronu isə Trampın Qəzza ilə bağlı elan etdiyi “Sülh Şurası”na qatılmaqdan imtina edib və bunu BMT-nin rolunu zəiflədən təşəbbüs kimi qiymətləndirib. Karni isə vəziyyəti daha geniş kontekstdə dəyərləndirib və bir sıra böyük güclərin iqtisadi inteqrasiyanı artıq əməkdaşlığın deyil, təzyiq və tabeleynin vasitəsinə çevirdiyini bildirdi. Onun fikrincə, “orta güclər” deyilən ölkələr yeni dünya düzənində təkcə passiv müşahidəçi deyil, həm yeni koalisiyaların təşkilatçıları, həm də yeni nizamın konturlarını müəyyən edən aktorlara çevrilməlidir.
Karninin Davos çıxışı Kanadanın artıq ABŞ-ın kölgəsində deyil, ondan kənarda öz coğrafi və iqtisadi məkanını müəyyənləşdirmək niyyətinin davamı kimi qəbul edilir. Vaşinqtonla münasibətlərin dondurulması deyil, yenidən tərtibi üzərində qurulan bu xətt, dünya nizamının dəyişdiyi bir dövrdə, “yalnız daha güclü olanın yazdığı qaydalar” modelinin kiçik və orta ölkələr üçün ciddi təhlükə kəsb etdiyini vurğulayır. Karni bildirib ki, “orta güclər” tək qala bilməz və əməkdaşlıq yalnız oxşar dəyərlər, qarşılıqlı təhlükəsizlik və iqtisadi maraqlara söykənəndə real gücə çevrilir.
Musavat.com






