Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın yük maşınlarının 20 gündən çox Gürcüstan sərhədində saxlanılmasına dair açıqlama verib. Baş nazir BM.GE-nin bununla bağlı sualına cavab olaraq belə bir hadisənin baş vermədiyini və yalnız bir nəqliyyat vasitəsinin saxlanıldığını bildirib.
"Yoxladım və belə bir hadisə baş verməyib. Bildiyim qədəri ilə yalnız bir nəqliyyat vasitəsi saxlanılıb. Və bu, konkret bir səbəbdən baş verib. Bütün mümkün çətinliklər barədə çox səmimi müzakirəyə hazırıq", - deyə Kobaxidze cavab verib.
Qeyd etmək lazımdır ki, Azərbaycan səfirliyi bunu təsdiqləyib və məsələni həll etmək üçün Gürcüstan tərəfi ilə işlədiyini bildirib.
Gürcüstan Gəlir Xidməti də yük maşınlarını qəsdən dayandırdığını inkar edir və gömrüyün fasiləsiz işlədiyini iddia edir. Onlar çətinliklərin sürücülərin lazımi sənədlərinin olmaması ilə bağlı ola biləcəyinə inanırlar.
Yük maşınlarının saxlanılması ilə bağlı iki versiya irəli sürülür:
Zəngəzur qısqanclığı: Gürcüstan tərəfi alternativ Zəngəzur dəhlizinin aktivləşdirilməsi perspektivinə "emosional olaraq həssasdır" ki, bu da Gürcüstanın logistika üzərindəki inhisarını pozacaq.
Rusiya amili: "Şimal ölkəsinin maraqlarına yönəlmiş" müəyyən qruplar Azərbaycan yük maşınları üçün şəraiti çətinləşdirməyə cəhd göstərmiş ola bilər.
Problem fonunda Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili hökuməti kəskin tənqid edib. O, məsələni sırf gömrük proseduru kimi deyil, iki ölkə arasında strateji münasibətlərə zərbə kimi qiymətləndirib. Saakaşvili sosial şəbəkədə yazdığı bəyanatda bildirib:
“Tiflis artıq Azərbaycan üçün yükdaşıma ilə bağlı problem yaradıb. Azərbaycan mediası bunu haqlı olaraq Moskvanın sifarişi kimi dəyərləndirir. Ruslar Azərbaycanın Kiyevdəki səfirliyini bombalayır, burada isə görünür, öz marionetklərindən istifadə edərək problemlər yaradırlar. Azərbaycan jurnalistlərinin yazdıqları rəsmi Bakının haqlı narazılığının göstəricisidir”.
Şahanə Rəhimli,
Musavat.com






