İnsanlara hürriyət, millətlərə istiqlal!

Konstantinovka müəmması: şəhər kimin NƏZARƏTİNDƏDİR?

793 06.07.2026 14:44 Dünya A A

Ukrayna müharibəsinin taleyini dəyişə biləcək növbəti strateji şəhər ətrafında informasiya savaşı daha da qızışıb. Kreml Konstantinovkanın tam nəzarətə götürüldüyünü, Donbasda mühüm dönüş nöqtəsinin əldə edildiyini və Rusiya ordusunun bütün cəbhə boyu strateji təşəbbüsü əlində saxladığını bəyan edir. Kiyev isə bu iddiaları qətiyyətlə rədd edir, Moskvanı növbəti dəfə dezinformasiya yaymaqda ittiham edir və şəhərin işğal edilməsi barədə deyilənlərin reallığı əks etdirmədiyini bildirir. Bir tərəfdə Vladimir Putinin qələbə bəyanatları, digər tərəfdə Volodimir Zelenskinin sərt təkzibi var.

Döyüş meydanında əsl vəziyyət necədir?


Picture background

Konstantinovka ətrafında səsləndirilən qarşılıqlı ittihamlar bir daha göstərir ki, Ukrayna müharibəsində təkcə silahlar deyil, informasiya cəbhəsi də ən az ön xətt qədər həlledici rol oynayır. Hər iki tərəf öz mövqeyini qələbə kimi təqdim etməyə çalışdığı halda, müstəqil mənbələr şəhərin taleyi ilə bağlı hələ də yekun təsdiq verməyib. Belə olan halda dünya bu suallara cavab axtarır: Konstantinovkada həqiqətən nə baş verir? Putinin qələbə bəyanatı reallığı əks etdirir, yoxsa Zelenskinin dediyi kimi bu, növbəti təbliğat gedişidir? 


Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirdi ki, Konstantinovka ətrafında döyüş sadəcə cəbhə xəttində getmir: “Burada, eyni zamanda hərbi, siyasi və informasiya müstəvilərində paralel mübarizə gedir. Müharibə uzandıqca tərəflər üçün döyüş meydanında qazanılan hər bir taktiki üstünlük beynəlxalq siyasi gündəmdə də üstünlüyə çevrilməyə çalışılır. Rusiya şəhərin tam nəzarətə götürüldüyünü bəyan edir. Ukrayna isə bu məlumatı qəti şəkildə təkzib edir və müdafiənin davam etdiyini bildirir. Hazırkı mərhələdə açıq mənbələr və müstəqil müşahidəçilər tərəflərdən hər hansı birinin iddiasını tam təsdiqləməyib. Bu isə göstərir ki, informasiya müharibəsi döyüş meydanındakı vəziyyətdən geri qalmır. Konstantinovkanın əhəmiyyəti ilk növbədə onun coğrafi mövqeyi ilə bağlıdır. Şəhər Donetsk istiqamətində Ukraynanın əsas müdafiə xəttinin mühüm elementlərindən biri və vacib logistika qovşağı hesab olunur. Bu səbəbdən burada əldə olunacaq hər hansı üstünlük təkcə lokal taktiki nəticə deyil, sonrakı əməliyyatların planlaşdırılmasına da təsir göstərə bilər".

Müsahibimiz hesab edir ki, lakin bunu müharibənin taleyini müəyyən edən həlledici dönüş nöqtəsi kimi təqdim etmək də doğru deyil: "Bu gün müharibənin xarakteri dəyişib. Artıq əsas məsələ yalnız hansı şəhərin kim tərəfindən nəzarətə götürülməsi deyil. Daha vacib olan tərəflərin itkiləri kompensasiya etmək imkanları, hərbi-sənaye istehsalı, pilotsuz uçuş aparatları və uzaqmənzilli silah ehtiyatları, iqtisadi dayanıqlıq və beynəlxalq siyasi dəstəyin davamlılığıdır. Məhz bu amillər uzunmüddətli perspektivdə cəbhədəki vəziyyəti daha çox müəyyən edir. Kremlin bu bəyanatı həm də siyasi mesaj xarakteri daşıyır. Moskva bununla həm daxili auditoriyaya hücum əməliyyatlarının davam etdiyini göstərməyə, həm də Qərbə Rusiyanın strateji təşəbbüsü qoruduğu mesajını verməyə çalışır. Kiyev isə əksinə, müdafiə xəttinin saxlanıldığını vurğulamaqla həm cəmiyyətin dözümlülüyünü qorumağa, həm də beynəlxalq tərəfdaşlarda Ukraynanın müqavimət imkanlarının davam etdiyi təsəvvürünü möhkəmləndirməyə çalışır. Burada diqqətdən yayınmamalı olan başqa bir məqam da var. Müharibənin beşinci ilinə yaxınlaşdığı indiki mərhələdə hər iki tərəfin rəsmi açıqlamaları artıq yalnız hərbi hesabat funksiyası daşımır. Onlar eyni zamanda diplomatik danışıqlar, yeni silah paketləri, beynəlxalq ictimai rəy və gələcək siyasi qərarlar üçün formalaşdırılan kommunikasiya strategiyasının tərkib hissəsidir. Döyüş meydanında vəziyyət sürətlə dəyişə bilir və ilkin məlumatlar sonradan dəfələrlə yenilənir. Hərbi münaqişələrdə ilk yayılan xəbərin həmişə ən doğru xəbər olması kimi bir qayda yoxdur”.


Picture background

Siyasi təhlilçi hesab edir ki, nəticə etibarilə, Konstantinovka uğrunda mübarizənin əsl əhəmiyyəti yalnız şəhərin taleyindən ibarət deyil: “Bu hadisə göstərir ki, Ukrayna müharibəsinin növbəti mərhələsində informasiya üstünlüyü, siyasi mesajlar və diplomatik hesablamalar bəzən cəbhədəki hərbi irəliləyiş qədər strateji əhəmiyyət daşıyır. Məhz buna görə də bu hadisəni uzunmüddətli geosiyasi proseslərin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR