Rusiyada Şimali Qafqazda yaşayan xalqların dəyərlər sisteminin dəyişdirilməsi ilə bağlı yeni planlar müzakirə olunur.
Musavat.com xəbər verir ki, RBK-nın mənbələrə istinadən yaydığı məlumata görə, Rusiya hakimiyyəti Şimali Qafqaz regionlarında əhalinin dəyərlər sisteminin ümumrusiya kimliyi ilə daha sıx uyğunlaşdırılmasını nəzərdə tutan tədbirlər paketi hazırlayır.
Məlumata əsasən, proqram çərçivəsində Rusiya bayrağının daha geniş təbliği, radikalizmlə mübarizə və region sakinlərinin ilk növbədə özlərini Rusiya vətəndaşı kimi dərk etmələrinin təşviqi nəzərdə tutulur. Eyni zamanda regional kimliyin əhəmiyyətinin saxlanılacağı bildirilir.
RBK-nın həmsöhbətlərinin sözlərinə görə, sakinlərə bu yanaşmanın turizmə, iqtisadiyyata və ümumi həyat səviyyəsinə müsbət təsir göstərəcəyi izah olunmalıdır.
Qeyd edək ki, Şimali Qafqaz Rusiyanın əsasən müsəlman xalqların yaşadığı bölgəsidir. Regionda dini və milli ənənələr ictimai həyatın mühüm hissəsini təşkil edir. Bu baxımdan Moskvanın təşəbbüsü bölgənin ümumrusiya ideoloji və siyasi məkanına daha sıx inteqrasiyası istiqamətində atılan addım kimi qiymətləndirilir.
Musavat.com






