Rusiyanın İrəvandakı beşinci kolonunun nümayəndələri Vladimir Solovyovun Rusiya dövlət televiziyasında Ermənistanı təhdid edərək bu ölkədə “xüsusi hərbi əməliyyat” keçirilə biləcəyini deməsindən sonra Kremldən gələn tapşırıqla onu müdafiə etməyə başlayıblar.
Musavat.com xəbər verir ki, Ermənistan İnqilabi Federasiyası – Daşnaksütyunun Ali Orqanının nümayəndəsi İşxan Saqatelyan sosial şəbəkədə yaydığı açıqlamada yaranmış vəziyyətlə bağlı aşağıdakı fikirləri səsləndirib.
Saqatelyan qeyd edib ki, bir rusiyalı analitikin açıqlaması böyük narazılıq doğurur, halbuki Azərbaycan və Türkiyədən illərdir səslənən təhdidlərə cavab olaraq yalnız susqunluq müşahidə olunur.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bir tərəfdən xarici qüvvələrdən açıq şəkildə ölkənin seçki proseslərinə birbaşa müdaxilə etməyi xahiş edir, digər tərəfdən isə ayrı-ayrı şəxslərin sözlərini dövlətin suverenliyinə hücum kimi təqdim edir.
Saqatelyan bu yanaşmanı tənqid edərək bildirib:
“İkiüzlülüyü kənara qoyun. Sizin xarici müdaxilə ilə bağlı probleminiz yoxdur. Əksinə, siz özünüz bu müdaxilənin mənbəyi və qidalandırıcı mühitisiniz”.
Musavat.com






