Rusiya dünya ölkələrini və nüfuzlu beynəlxalq qurumları bir-birinin ardınca təhdid etməyə davam edir. Son olaraq, Kremlin hədəfinə Birləşmiş Millətlər Təşkilatı gəlib. Bu ölkənin xarici işlər naziri Sergey Lavrov açıq şəkildə bildirib ki, BMT-ni ATƏT-in taleyi gözləyə bilər.
APA-nın Moskva bürosu bu barədə məlumat verib.
Sergey Lavrov Federasiya Şurasında keçirilən Hökumət Saatında çıxışında bildirib ki, BMT-nin ATƏT-in taleyini təkrarlamaması üçün onun gələcəyi haqqında düşünmək lazımdır.
"Əlbəttə ki, biz BMT-dən birtərəfli oyun oynamağı, o cümlədən rəhbər vəzifələrin qərb ölkələri tərəfindən özəlləşdirildiyi və bütün siyasətin NATO və Avropa İttifaqı üzvləri tərəfindən diktə edildiyi katibliyin fəaliyyətini “ukraynalaşdırma"ğı dayandırmağı tələb edəcəyik", Lavrov vurğulayıb.
Rusiya XİN başçısı qeyd edib ki, BMT-də siyasi, sülhməramlı və humanitar məsələlər qərb ölkələrinin əlindədir.
ATƏT hansı günə düşüb ki, Lavrov BMT-yə onu nümunə göstərir?![]()
Siyasi analitik Asif Nərimanlı Musavat.com-a dedi ki, Lavrovun BMT-ni tənqid etməsi Rusiyanın Ukrayna müharibəsinə görə üzləşdiyi beynəlxalq təcriddən qaynaqlanır: “Bu kontekstdə Moskvanı mövqeyini obyektiv hesab etmək çətindir, lakin burada reallıq payının olduğu da vurğulanmalıdır. BMT-nin Ukrayna müharibəsinə görə Rusiyaya qarşı mövqeyi haqlı olsa da, ümumilikdə beynəlxalq münasibətlər sistemində tərəf tutduğu və daha çox Qərb ölkələrinin maraqlarından çıxış etdiyi bəllidir. Əslində, II Dünya müharibəsindən sonra qurulan dünya nizamının tərkib hissəsi olan BMT-nin işlək mexanizmləri artıq mübahisələndirilir.
Misal üçün, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü beynəlxalq münasibətləri faktiki monopoliyaya alıblar, buna görə də BMT sisteminində islahatlar aparmaq zərurəti yaranıb. BMT TŞ-də üzvlərin sayı artırılmalıdır. Böyük dövlətlərlə yanaşı, kiçik ölkələrin yer aldığı ittifaqların, misal üçün, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və s. təmsilçilik hüququ olmalıdır. Yalnız bu halda BMT-nin daha ədalətli mövqeyi təmin edilə bilər, əks təqdirdə, BMT-nin təşkilat kimi yox olması qaçılmaz olacaq. Fikrimcə, Lavrov bu reallıq fonunda BMT-ni tənqid etməklə bu qurumdan narazı olan digər ölkələrin və ittifaqların da dəstəyini qazanmaq istəyir".
Cavanşir ABBASLI
Musavat.com






