Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Hərbi Dəniz Qüvvələrinin Rusiya ilə əlaqəli olan və beynəlxalq sanksiyalardan yayınmağa çalışan "Deliver" tankerini Aralıq dənizində ələ keçirdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, Fransa dövlət başçısı bu barədə özünün "X" (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib. Makron həyata keçirilən xüsusi hərbi əməliyyatın detallarına toxunaraq yazıb: "Milli donanmamız çərşənbə axşamı günü dəniz hüququ normalarını pozaraq Siciliya adası yaxınlığından keçən "Deliver" adlı tankeri rəsmən ələ keçirib. Böyük Britaniyanın bir neçə gün əvvəl həyata keçirdiyi analoji əməliyyatın ardınca reallaşan bu yeni addım avropalıların Rusiyanın "kölgə donanması"na qarşı qətiyyətli mübarizəsinin növbəti bariz nümunəsidir".
Fransa lideri Avropa İttifaqının sanksiyalar rejiminin qorunması məsələsində geri addım atmayacağını vurğulayaraq, rəsmi Moskvanın bu yollarla gəlir əldə etməsinin qarşısının kəsiləcəyini bildirib: "Biz Rusiyanın "kölgə donanması" vasitəsilə beynəlxalq məhdudiyyətlərdən yayınmasına və bununla da öz hərbi gücünü, Ukraynadakı müharibəni maliyyələşdirməsinə qətiyyən icazə verməyəcəyik. Avropa bu məsələdə tam həmrəydir və qətiyyətlidir".
Makron çıxışının sonunda əlavə edib ki, rəsmi Paris və bütövlükdə Avropa qitəsində Ukraynada ədalətli, davamlı və uzunmüddətli sülhün bərqərar olunması istiqamətində tətbiq edilən bütün zəruri iqtisadi və hərbi-siyasi səyləri bundan sonra da aramsız olaraq davam etdirəcək.
Musavat.com






