İnsanlara hürriyət, millətlərə istiqlal!

MDB-də “bayraq tökümü” - Rusiyanın əks həmləsi

653 04.02.2026 14:16 Siyasət A A

Azərbaycanda əsas siyasi və iqtisadi prioritetlər bu birlikdən kənar formatlarda formalaşır; proses artıq geridönməz mərhələyə keçib

Rusiya-Ukrayna müharibəsi Müstəqil Dövlətlər Birliyi (MDB) üzv ölkələr arasında etimadı ciddi sarsıdıb. Belə ki, Azərbaycanın GUAM-dakı (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) müttəfiqi Ukraynadan sonra Moldova da MDB-dən çıxmaqda qərarlı kimi görünür.

Yada salaq ki, Gürcüstan 2008-ci ilin avqust müharibəsindən sonra MDB-ni tərk edib və 2009-cu ildə bu qərar rəsmən qüvvəyə minib. Ukrayna isə MDB-nin təsis sənədlərini heç vaxt ratifikasiya etməsə də, 2014-cü ildən sonra birliyin strukturlarında iştirakını faktiki olaraq dayandırıb və sonrakı illərdə MDB çərçivəsində bir sıra sazişlərdən çıxıb.

Ötən həftə isə bəlli olub ki, Moldova parlamenti yaxın günlərdə üç fundamental sənədi ləğv etməyi planlaşdırır: MDB Nizamnaməsi, Birliyin yaradılması haqqında müqavilə və onun əlavəsi. “Lazımi sənədlər təsdiq üçün milli qurumlara göndərilib”, - deyə Moldova Xarici İşlər Nazirliyindən bildirilib. 2026-cı ilin fevral ayının ortalarına planlaşdırılan hökumət təsdiq prosedurları başa çatdıqdan sonra sözügedən sənədlər parlamentə təqdim ediləcək və burada yekun qərar deputatlar tərəfindən veriləcək. Parlament səsverməsi fevralın sonu və ya martın əvvəlində keçiriləcək. Daha sonra prezident tərəfindən təsdiqlənəcək, bundan sonra Xarici İşlər Nazirliyi rəsmi geri çəkilmə notası verəcək. Bütün prosedur bir il ərzində başa çatacaq.

Rusiya isə artıq Moldovanın bu qərarının qarşısını almaq üçün tərəfdarlarını hərəkətə keçirib. Bildirilir ki, Moldova müxalifəti hökumətin qarşısını kəsmək üçün referendum təşəbbüsü ilə çıxış etmək istəyir. Bunun üçün 100 min imza toplamalıdırlar. İddia olunur ki, sorğulara görə, əhalinin əhəmiyyətli hissəsi MDB ilə əlaqələrin kəsilməsinə qarşıdır. Aydındır ki, təşkilatda inteqrasiya formal olaraq qalır, qəbul edilən qərarların böyük hissəsi icra mexanizmlərindən belə məhrumdur. Elə Azərbaycan da əsas siyasi və iqtisadi prioritetlər MDB-dən kənar formatlarda formalaşır. MDB hüquqi baxımdan yaşayır, amma siyasi və strateji baxımdan funksionallığını itirib. Bu, “səssiz dağılma” və ya “dondurulmuş qurum” modelidir.

Siyasi şərhçi Kamran Məmmədli “Yeni Müsavat”a deyib ki, MDB-də baş verənlər hansısa “anti-Rusiya isterikası” deyil, geosiyasi reallığın hüquqi formaya salınmasıdır:

Kavelaşvilinin Azərbaycan səfəri: Strateji tərəfdaşlıq yeni mərhələyə keçir

“Rusiya-Ukrayna müharibəsi bu prosesdə sadəcə, katalizator oldu. MDB yarananda ideya bu idi ki, SSRİ dağılsa da, mərkəz qalır. Yəni Moskva hərbi, siyasi və iqtisadi məsuliyyəti üzərinə götürmədən periferiyanı nəzarətdə saxlayır. Nə NATO tipli kollektiv müdafiə öhdəliyi var idi, nə Avropa İttifaqı tipli iqtisadi inteqrasiya. Amma əvəzində bir "psixoloji çətir" mövcud idi. Yəni hər halda, Rusiya var. Ukrayna müharibəsi bu çətiri yandırıb külə çevirdi".

Siyasi şərhçi deyib ki, Rusiya MDB məkanında qaydaların təminatçısı rolunu itirib: “Əgər bir təşkilatın aparıcı dövləti üzv ölkələrdən birinə qarşı ərazi iddiası irəli sürürsə, müharibə aparırsa və bunu "tarixi ədalət" kimi təqdim edirsə, bu təşkilat artıq hüquqi yox, risk mənbəyinə çevrilir. MDB üzvləri üçün indi əsas sual “Növbə kimindir?” sualıdır. Moldovanın qərarı da bu, qorxudan yox, rasional hesablamadan doğur. Kişinyov anlayır ki, MDB-də qalmaq ona nə təhlükəsizlik zəmanəti verir, nə də iqtisadi üstünlük. Əksinə, Avropa İttifaqı ilə münasibətlərdə əlavə izahat yükü yaradır. Bu, strateji qeyri-müəyyənliyin institusionallaşdırılmasıdır və heç bir dövlət uzun müddət bu vəziyyətdə qala bilməz. Rusiyanın Moldovaya qarşı “əks həmləsi” isə artıq klassik arsenalın sonuncu mərhələsidir. Rusiya Moldovada daxili parçalanmanı dərinləşdirmək, referendumu siyasi mina kimi işə salmaq, əhalinin iradəsini selektiv sorğularla manipulyasiya etmək kimi bir proses başladıb. Amma bu metodun işləməsi üçün resurs lazımdır. Rusiya isə artıq iqtisadi, reputasiya və hərbi baxımdan resurs defisitindədir".

Siyasi şərhçi deyib ki, MDB-nin bugünkü vəziyyəti ilə bağlı daha bir vacib detal var: “Təşkilatın kağız üzərində qalması Moskvaya artıq üstünlük vermir. Çünki qərarların icra mexanizmi yoxdur. Bir ölkə razılaşmanı pozanda sanksiya mexanizmi işə düşmür. Mübahisələrdə arbitraj yoxdur. Təhlükəsizlik zəmanəti sıfırdır. Belə olan halda, üzvlük, sadəcə, siyasi inersiyadan başqa bir şey deyil. Azərbaycan üçün bu mənzərə əvvəldən aydın idi. Bakı MDB-ni nə emosional, nə ideoloji platforma kimi qəbul edib. Bu, sadəcə, keçid dövrünün hüquqi qalığı idi. Azərbaycan enerji ixracını, nəqliyyat marşrutlarını, təhlükəsizlik balansını MDB-dən kənarda qurdu. Ona görə də indi MDB-də baş verən "bayraq tökümü" Bakının strategiyasına təsir etmir. Sadəcə, əvvəlcədən doğru oxunan xəritənin təsdiqidir. Əslində MDB-nin dağılması klassik mənada baş vermir. Tanklar yoxdur, fövqəladə sammitlər yoxdur, dramatik bəyanatlar yoxdur. Sadəcə, dövlətlər bir-bir sənədləri ləğv edir, iştirakdan çıxır, nümayəndəlikləri ixtisar edir. Bu, səssiz geosiyasi evakuasiyadır. Bu gün Rusiyanın problemi MDB-ni itirməsi deyil. MDB onsuz da alət idi. Problem odur ki, bu alətin alternativi yoxdur. Yeni model təklif edilmir. Qorxu isə artıq işlək mexanizm deyil. Postsovet məkanında baş verən proseslər göstərir ki, dövlətlər Moskva ilə münaqişə istəmirlər, amma Moskvanın yaratdığı qeyri-müəyyənlikdən çıxmaq istəyirlər. Bu isə imperiya mərkəzləri üçün ən təhlükəli ssenaridir. Yəni MDB-də “bayraq tökümü”, sadəcə, simvol deyil. Bu, Rusiyanın regional cazibə gücünün hüquqi sənədlər üzərindən ölçülən real göstəricisidir. Və bu proses artıq geridönməz mərhələyə keçib".

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR