“İnsan Hüquqları Aylığı” çərçivəsində iyunun 12-də Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə media nümayəndələri üçün “Media və insan hüquqları” mövzusunda maarifləndirici məlumat sessiyası təşkil edib.
Musavat.com xəbər verir ki, sessiyanın keçirilməsində məqsəd jurnalistlərin peşə fəaliyyətlərini həyata keçirərkən insan hüquqlarının qorunması sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri və etik davranış standartları barədə məlumatlılığının artırılması olub.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, media nümayəndələri insan hüquqlarının təbliği və ictimai şüurun formalaşdırılması sahəsində mühüm rol oynayırlar. O qeyd edib ki, məhz media sahəsində insan hüquqlarına yanaşmanın mövcud vəziyyətini qiymətləndirmək məqsədilə İnstitut tərəfindən müxtəlif media resurslarında yayımlanan materialların mütəmadi təhlili aparılır və monitorinqlər həyata keçirilir. Sədrin sözlərinə görə, təhlillərin nəticələri media nümayəndələrinin insan hüquqları sahəsində məlumatlılığının və peşəkar bacarıqlarının artdığını göstərsə də, hələ də bəzi xəbər materiallarında insan hüquqlarının qorunması və etik jurnalistika prinsiplərinin tətbiqi ilə bağlı əlavə diqqət tələb edən məqamlar müşahidə olunur. Bu kimi halların aradan qaldırılması və media nümayəndələrinin insan hüquqları sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə müntəzəm olaraq təlim və məlumat sessiyaları keçirilir.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında insan hüquqlarının qorunması sahəsində medianın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Bildirib ki, jurnalistlər informasiya hazırlayarkən və yayarkən insan hüquqlarına hörmət etməli, peşə etikası və qanunvericiliyin tələblərinə riayət etməli, bu prinsipləri fəaliyyətlərinin ayrılmaz tərkib hissəsi kimi daim diqqətdə saxlamalıdırlar. İnsan hüquqlarının müdafiəsi və qorunması istiqamətində media nümayəndələrinin məsuliyyətli fəaliyyəti davamlı xarakter daşımalıdır.
Sessiyada İnstitutun təlimçi-ekspertləri jurnalist fəaliyyətində daha çox rast gəlinən insan hüquqlarının pozulması və onların hüquqi nəticələri barədə ətraflı məlumat veriblər. Xüsusilə təqsirsizlik prezumpsiyasının pozulması, şəxsi və ailə həyatına müdaxilə, fərdi məlumatların icazəsiz açıqlanması, uşaq hüquqlarının pozulması, ayrı-seçkilik və nifrət nitqini təşviq edən materialların yayılması, intiharla bağlı xəbərlərin hazırlanması zamanı etik qaydalara əməl olunmaması, həmçinin təhqir və böhtan xarakterli məlumatların yayımlanmasının yolverilməzliyi iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, insan hüquqlarının pozulmasına səbəb olan hərəkətlər qanunvericiliklə müəyyən edilmiş hüquqi məsuliyyət yaradır. Bu baxımdan, media nümayəndələrinin peşə fəaliyyətində hüquqi normalara və etik prinsiplərə ciddi əməl etmələrinin vacibliyi vurğulanıb.
Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb, medianın fəaliyyətində insan hüquqlarına həssas yanaşmanın rolu və əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Cavanşir Abbaslı
Musavat.com






