İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhbus əvəzinə bəlkə mina xəritələri?..

530 15.01.2026 13:21 Dünya A A

Azərbaycan 4 məhkumu Ermənistana təhvil verib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, Gevorq Sujyan, David Davtyan, Vigen Euljekjyan və Vaqif Xaçatryan müvafiq Azərbaycan hakimiyyət orqanlarının nümayəndələri tərəfindən Ermənistan rəsmilərinə təhvil verilib. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla bağlı diqqətçəkən və müsbət fikirlər səsləndirir. Amma əməli addımlara gələndə, İrəvan özünü karlığa və korluğa vurur. Eynilə mina xəritələri ilə bağlı olduğu kimi...

Musavat.com bildirir ki, Ermənistan rəhbərliyi ölkəmizə qarşı ərazi iddialarının əksini tapdığı konstitusiya şərtinə əməl etməməklə yanaşı, mina xəritələrinin də verilməsindən yayınır. Belə bir vəziyyətdə isə mina qurbanlarının da sayı artır. Elə bu günlərdə daha bir vətəndaşımız Ağdərə istiqamətində minaya düşdü, ağır yaralandı. Özü də həmin şəxs minatəmizləmə fəaliyyəti ilə məşğul olurdu. Təkcə 44 günlük müharibədən sonra mina partlayışları nəticəsində 400 – dən artıq Azərbaycan vətəndaşı həlak olub, yaxud ağır yaralanıb. Azərbaycanda mina partlayışlarının qurbanlarının sayı bir həftə öncə açıqlanıb. Bildirilir ki, 10 noyabr 2020-ci il tarixindən 7 yanvar 2026-cı il tarixinədək olan məlumata əsasən ümumilikdə 416 nəfər minadan zərər çəkib ki, onlardan 71-i həlak olub, 345 nəfər xəsarət alıb. Mina partlayışları zamanı 15 hərbçimiz, 56 mülki şəxs, dünyasını dəyişib, 178 hərbçi, 167 mülki şəxs xəsarət alıb. Çox ciddi rəqəmlərdir və ağır itkilərdir. Bu açıqlamadan sonra, 11 yanvarda isə işğaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşdü və xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olundu.

Hələ aşkarlanmayan yüz minlərlə minanın ortaya çıxaracağı təhlükələr var. Azərbaycan rəhbərliyinin mina xəritələri ilə bağlı dəfələrlə çağırışlar etməsinə baxmayaraq, Ermənistan bu istiqamətdə addımlar atmır. Vaxtilə təqdim etdiyi mina xəritələrinin isə çox böyük hissəsi saxta çıxıb. Göründüyü kimi, Azərbaycan Ermənistana münasibətdə humanist addımlarını davam etdirir, onun üçün taxıl yolu açır, yanacaq satışına imkan yaradıb, həmçinin məhkumların geri qaytarılması barədə qərarını verdi, amma rəsmi İrəvan gizli savaşı davam etdirir və mina xəritələrini verməkdən yayınır. Sülh bəyanatları arxasındakı məkrli davranışlar nə vaxta qədər davam edəcək? Ermənistanla “hansı dildə” danışmalıyıq? Rəsmi məlumatlara əsasən, müharibədən sonra 350-dən çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb və ya həlak olub. Onlardan 100-dən çoxu həyatını itirib. Hər yeni mina partlayışı yalnız bir ailənin faciəsi deyil, həm də sülh prosesinə vurulan zərbədir. Bu barədə nə deyə bilərsiniz? Minalı əraziləri müştərək komissiya, hərbçi, yaxud keçmiş hərbçilərin iştirakı ilə müəyyənləşdirmək olmazmı?

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz” | Modern.az

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, rəsmi İrəvanın mövqeyində hələ də ziddiyyətlər müşahidə olunur: “Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın atdığı addımları müsbət qiymətləndirsə də, biz qarşı tərəfin eyni addımlarını hələ ki, müşahidə etmirik. Misal üçün İkinci Qarabağ müharibəsindən 5 ildən çox zaman keçsə də, İrəvan mina xəritələrin tamamını Azərbaycana təqdim etməyib. İrəvanın bəhanəsi bundan ibarətdir ki, guya vaxtilə minalar necə gəldi, basdırılıb və dəqiq xəritələr yoxdur. Fikrimcə, müxtəlif illərdə minaları basdırılmasını təşkil edən separatçılarda dəqiq xəritələr var”.

E.Şahinoğlunun fikrincə, o da mümkündür ki, Ermənistanda məskunlaşan separatçılar həmin xəritələri hökumətə təqdim etmək istəmirlər: “Belə olan halda Ermənistan hökuməti separatçılara təzyiqi artırıb, həmin xəritələri onlardan tələb etməlidir. Bütün hallarda Ermənistanın mina xəritələrini Azərbaycana təqdim edəcəyini ehtimal etmirəm. Azərbaycana təqdim edilən xəritələrdə minaların cüzi hissəsinin yeri müəyyənləşib. Ərazimizi minalardan təmizləmək işini ANAMA təşkilatını davam etdirir. Başqa çarəmiz yoxdur. Minaların təmizlənməsinə uzun illər lazım gələcək”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR