İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mənim namizədimi seçməsəniz, pulunuz kəsiləcək” – Trampdan qırmızı tələb

1218 27.12.2025 13:45 Analitika A A

Xəbər verildiyi kimi, dünyanın o başında, Cənubi Amerika ilə Şimali Amerikanı birləşdirən torpaq zolağında yerləşən Hondurasda prezident seçkiləri keçirilib və Nəsri Azura ad-soyadlı fələstinli Salvador Nəsrulla adlı başqa bir ərəb əsilli namizədə qalib gəlib.

Seçkilərdə yerli, nəsl-nəcabəti doğma-böyümə honduraslı olan bir namizəd də iştirak edirmiş, amma Honduras xalqı Rixi Moncadaya cəmi 19 faiz səs verib.

Honduras xalqının yerlibazlıq etməməsi ilə yanaşı, ərəb mənşəli iki siyasətçinin coğrafiyalarından uzaqdakı Hondurasda siyasi uğur qazanmasına heyrətlənməmək mümkün deyil.

Fəqət ortada bir nüans var və bu, “dünya prezidenti” Donald Trampla bağlıdır. Azuranın prezident seçilməsinin Trampın təzyiqi ilə baş tutduğuna dair iddialar var.

Məsələ belə olub ki, Hondurasda keçirilən prezident seçkilərinin nəticələri düz 25 gündür elan olunmurmuş. Ölkənin seçkilərə məsul komissiyası bəyan edirmiş ki, bülletenlər sayılmaqdadır. Axırda Tramp ortaya mövqe qoyub, bəyan edib ki, əgər Azuranın qələbəsi tanınmasa ABŞ-nin Hondurasa ayırdığı pulu kəsəcək. Beləliklə, Azuranın prezident seçilməsinin qarşısını almaq üçün seçkinin nəticələrini saxtalaşdırmaq niyyətində olan məmurlar geri çəkilməli, Azuranın 40,26% səs topladığını elan ediblər. Onun rəqibi Salvador Nəsrulla isə qalibdən cüzi geri qalıb, onun səs faizinin 39,54% olduğu bildirilib.

nesri.jpg (81 KB)

Bəlkə də Tramp ortaya mövqe qoymasa Nəsrulla prezident elan ediləcəkmiş. Honduras xalqı üçün ya Nəsrinin, ya da Nəsrullanın prezident olmasının fərqi olmazdı, çünki onların ikisi də immiqrant övladıdır, ikisi də sağçıdır, ikisi də xristiandır.

Ancaq həm Tramp üçün, həm də yerli məmurlar üçün Nəsri Azura ilə Salvador Nəsrullanın fərqi böyükdür. Tramp birincinin xətrini çox istəyir, hətta seçkidən qabaq Honduras xalqına şəxsən müraciət edib ki, düzgün mamizədə - Azuraya səs verin.

Məmurlar kontingenti də anlayıb ki, stabil maliyyə qaynağı əldə etmək, vaxtlı-vaxtında məvacib almaq istəyilərsə, Azuraya biət etməlidirlər.

bolson.jpg (34 KB)

Bu Trampın ilk bənzər hərəkəti deyil. O, Braziliyada da keçmiş prezident Jair Bolsonarunu müdafiə edir, hətta onun çevriliş edərək hakimiyyəti ələ keçirməsinə dair təkzibedilməz dəllilər ortaya qoyulduqdan sonra da fikrindən dönməyib. Əksinə, Tramp Bolsonaruya qarşı ittihamlara heyrətləndiyini bildirib, keçmiş prezidentin azad edilməyəcəyi təqdirdə Braziliyaya 50 faizlik rüsum təbiq edəcəyini bəyan edib.

Donald Trampın və ötən ilin birinci yarısında onun qatı tərəfdarı olan milyarder İlon Maskın Avropada, xüsusilə də Almaniyada seçkilərin nəticələrinə təsir etmək, neo-faşistləri (“Almaniya üçün Alternativ” partiyasını) hakimiyyətə gətirmək cəhdləri isə fiaskoya uğradı. Alman xalqı honduraslı məmurlar kimi, ABŞ-nin təzyiqlərinə boyun əymədi və öz istədiyi namizədin partiyasına səs verdi.

tr-zel.JPG (33 KB)

Bu günün özündə Tramp və komandası Ukraynada Volodimir Zelenskini dəyişmək, hakimiyyətə yeni bir siyasətçini gətirmək üçün planlar qurur. Zelenski Tramp üçün “persona non-qarata”dır. Tramp hesab edir ki, Zelenskidən başqa Ukraynada hakimiyyətə kim gəlsə, onunla daha asan dil tapmaq, onu Rusiyaya ərazi güzəştlərinə vadar edərək müharibəyə son qoymaq olar.

ABŞ prezidentin vəzifədən könüllü getməsi üçün Venesuela prezidenti Nikolas Maduroya vaxt verdiyi bütün dünyaya bəllidir. Maduro ABŞ-dən ilyarım möhlət istəsə də, Tramp son dərəcə qətiyyətlidir. Onun yaxın 1-2 ayın içində Maduronun prezident postundan getməsi üçün radikal qərarlar verməsi gözlənilir.

Tramp komandasının Gürcüstan rəhbərliyinə münasibətinin mənfi olması sirr deyil. ABŞ administrasiyasından olsa Bidzina İvanişvilinin əlinin altında Gürcüstan prezidenti işləyən Mixail Kavelaşvili və baş nazir vəzifəsini tutan İrakli Kobaxidze vəzifələrindən istefa verər, yeni seçkilərdə Gürcüstanda başqa siyasətçilər iqtidara gələr.

tr-trud.JPG (40 KB)

Onun bir xüsusiyyəti var ki, başqa ölkələrin liderlərindən xoşu gəlmədikdə, heç bir diplomatik cümləpərdazlığa yol vermir, fikrini açıq deyir. İlin əvvəlində Tramp Kanadanın baş naziri Castin Trüdodan xoşu gəlmədiyini açıq şəkildə bildirmişdi.

Maraqlıdır ki, o, rəğbət bəslədiyi siyasətçiləri də fərqləndirir, onlara dəstəyini ifadə edir. Bu sırada Türk Dövlətləri Təşkilatının liderləri də var.

İstənilən halda, özünü dünya hegemonu sayan və belə də olan dövlətin başçısı şəxsinə rəva bilir ki, başqa ölkələrdə dövləti kimlərin idarə etməli olduğunu müəyyənləşdirsin.

Söz yox, bunu ABŞ-nin əvvəlki rəhbərləri də əl altından, diplomatların, kəşfiyyatçıların, müxtəlif institutların əliylə edirdilər. Ancaq görünən odur ki, Tramp hər şeyi açıq etməyi və deməyi sevir.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR