AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadənin 1993-cü ildə dəfni ilə bağlı görüntülər yayımlanıb.
Musavat.com Azpost.info-ya istinadla bildirir ki, 1993-cü il iyulun 8-də Qazaxıstanda vəfat edən Azər Rəsulzadənin nəşi o zaman yenicə Milli Məclisin sədri seçilmiş, prezident səlahiyyətlərini icra edən Heydər Əliyevin sərəncamı ilə Bakıya gətirilib.
Azər Rəsulzadənin oğlu, əməkdar rəssam Raid Rəsulzadə Azpost.info-ya müsahibəsində bu dəfnin detallarını açıqlamışdı. Onun sözlərinə görə, Həmin vaxt Gəncədə Sürət Hüseynov qiyamı baş vermişdi. Əbülfəz Elçibəy Kələkiyə getmişdi. Respublikaya Heydər Əliyev rəhbərlik edirdi: “Mən Bakıya zəng vurub nəşi gətirmək üçün kömək etmələrini xahiş etdim. Zəng vururam Murtuz Ələsgərova, digərlərinə…Heç kim gedib Heydər Əliyevə demir məlumatı. Axırda AYB sədri Anar demişdi ki, bəs Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər vəfat edib. Heydər Əliyev əsəbi halda “hələ nəşi gətirməmisiniz?” -deyib və dərhal təyyarə ayrılmasına göstəriş verib. Zəng gəldi ki, hazır olun Bakıdan xüsusi təyyarə gəlir. Nümayəndə heyəti gəldi: Hidayət Orucov, 7-8 nəfər gəlmişdi. Sürgündə atamın tələbəsi olan Murtuz Sadıxov da bizimlə gəldi. Azərbaycan onda MDB-nin üzvü deyildi. Cənazəni sənədləşdirmək problemi yarandı. Hava limanında şöbə müdiri mənim sinif yoldaşım çıxdı. O məsələni həll elədi. Gətirdik Bakıya. Akademiyada vida mərasimi oldu. Dövlət rəsmiləri gəlmişdi. Təklif elədilər Fəxri Xiyabanda dəfn olunsun. Amma vəsiyyətinə görə Novxanıya, babasının yanında dəfn elədik”.
Onun dəfni ilə bağlı Dövlət Komissiyası yaradılıb. Komissiyanın sədri o zaman dövlət katibi vəzifəsini tutan Lalə -Şövkət Hacıyeva təyin olunub.
Görüntülərdə A.Rəsulzadənin cənazəsinin Yasamalda mənzildən çıxarılaması və dəfni əks olunub. Dəfn mərasimində Dövlət katibi Lalə-Şövkət Hacıyeva, prezidentin müşaviri, yazıçı Hidayət və Bakı şəhəri icra hikmiyyətinin başçısı Rafel Allahverdiyev iştirak edir.
Azər Rəsulzadə Bakının Novxanı kənd qəbiristanlığında, ailə məzarlığında babasının yanında torpağa tapşırılıb.
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin ailə üzvlərinin taleyi sovet repressiyalarının ən ağır səhifələrindən biridir. Bu faciəli taleyi yaşayanlardan biri də onun kiçik oğlu Azər Rəsulzadə olub.
Azpost.info-nun təqdim etdiyi tarixi araşdırmada Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadənin həyat yoluna nəzər salırıq.
Atasını cəmi iki aylıq olarkən gördü
Azər Rəsulzadə 1920-ci il iyunun 15-də Bakının Novxanı kəndində dünyaya gəlib. O, atası Məhəmməd Əmin Rəsulzadənin artıq bolşevik hakimiyyəti tərəfindən həbs olunduğu dövrdə doğulub.
Tarixi mənbələrə görə, Azər atasını cəmi bir dəfə – iki aylıq körpə olarkən görüb. Həmin günlərdə İosif Stalinin göstərişi ilə Məhəmməd Əmin Rəsulzadə Moskvaya aparılarkən ona qısa müddətə ailəsi ilə vidalaşmaq imkanı verilib.
Məhz həmin görüş zamanı Məhəmməd Əmin bəy yeni doğulan oğluna Azər adını verib. Bu, ata ilə oğulun ilk və son görüşü olub.
17 yaşında sürgünə göndərildi
1937-ci ildə SSRİ-də repressiyaların ən ağır dövründə Azər Rəsulzadə də sovet hakimiyyətinin təqiblərinə məruz qalıb.
Cəmi 17 yaşı olarkən o, Qazaxıstana sürgün edilib. Beləliklə, Məhəmməd Əmin Rəsulzadənin oğlu ömrünün 56 ilini doğma Vətənindən uzaqda keçirmək məcburiyyətində qalıb.
Qazaxıstanda müəllim və rəssam kimi çalışdı
Sürgün həyatı Azər Rəsulzadəni ruhdan salmayıb. O, Qazaxıstanda rəssam və pedaqoq kimi fəaliyyət göstərib. İncəsənətə böyük maraq göstərən Azər Rəsulzadənin tar alətində, xüsusilə “Bayatı-Şiraz” muğamını böyük məharətlə ifa etdiyi də xatirələrdə qeyd olunur.

Vətənə son dönüş
Azər Rəsulzadə 1993-cü il iyulun 8-də Qazaxıstanın Karaqanda şəhərində vəfat edib. Müstəqilliyini bərpa etmiş Azərbaycanın rəhbərliyinin qərarı ilə onun cənazəsi doğma vətənə gətirilib. Azər Rəsulzadə Bakının Novxanı kənd qəbiristanlığında, ailə məzarlığında babasının yanında torpağa tapşırılıb.
Repressiyanın simvollarından biri
Azər Rəsulzadənin həyatı sovet repressiyalarının təkcə siyasi xadimləri deyil, onların ailələrini də necə ağır talelərlə üz-üzə qoyduğunu göstərən ən təsirli nümunələrdən biridir.







