Rusiya-Ukrayna müharibəsində hərbi əməliyyatların miqyası və xarakteri getdikcə dəyişir. Son günlər Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərində yerləşən strateji obyektlərə endirdiyi zərbələr münaqişənin yeni mərhələyə keçdiyini göstərir. Növbəti hədəf isə Rusiyanın enerji infrastrukturu üçün mühüm əhəmiyyət daşıyan Tümen Neft Emalı Zavodu olub.
Məlumata görə, Ukraynaya məxsus pilotsuz uçuş aparatı Rusiyanın Tümen vilayətində yerləşən zavoda zərbə endirib. Hücum nəticəsində müəssisənin ərazisində güclü yanğın baş verib. Diqqət çəkən əsas məqamlardan biri isə PUA-nın Ukrayna sərhədindən 2 min kilometrdən artıq məsafəni qət edərək hədəfə çatmasıdır. Bu fakt Ukraynanın uzaqmənzilli zərbə imkanlarının artdığını və Rusiyanın arxa cəbhəsinin əvvəlki qədər təhlükəsiz olmadığını göstərən növbəti siqnal kimi qiymətləndirilir.
Bəs bu cür əməliyyatlar müharibənin gedişinə və tərəflərin gələcək strategiyasına necə təsir göstərəcək?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Rusiyanın Tümen şəhəri ilə Ukraynanın paytaxtı Kiyev arasında məsafə hava yolu ilə hardasa 2.400 km-dir:
“Ukrayna dronlarının bu qədər məsafəni qət edə bilməsi əslində yeni ortaya çıxmış həqiqət deyil. Bundan bir müddət əvvəl Ukrayna hərbçiləri daha uzaq məsafəni – Omsk vilayət mərkəzini vurmuşdular. Qeyd edim ki, Omsk şəhəri ilə Kiyev arasındakı hava məsafəsi 2800-dən çoxdur. Başqa sözlə desək, Omsk Tümendən 400 km daha uzaqda yerləşir.
Əslində bir müddət əvvəl Omskın vurulması Rusiyaya verilmiş bir mesaj idi. Bununla rəsmi Kiyev Moskvaya əyani şəkildə çatdırmaq istəyirdi ki, "Biz Ukraynadan hardasa 3000 km kənarda yerləşən bölgələrinizi vura bilərik. Odur ki, ağıllı olub qoşunlarınızı bizim məmləkətdən çıxarın. Əks halda, Qərbi Sibirdəki ən rentabelli obyektləriniz bizim nişangahımız altında olacaq". Görünən budur ki, Moskva bu mesajı anlamazlıqdan gəldi. Ukrayna da zarafat etmədiyini Tümeni vurmaqla göstərdi”.
Siyasi şərhçinin fikrincə, bu dəfə xüsusilə Tümenin seçilməsinin çox önəmli bir səbəbi var:
“Məlum olduğu kimi, Tümen Rusiyanın ən mühüm enerji mənbələrinin və sənaye müəssisələrinin yerləşdiyi məkandır. Rəsmi məlumatlara inansaq, müharibədən əvvəl Ural Federal Dairəsinin təsis qurumları arasında Tümen vilayəti investisiya artımında birinci yeri tutaraq digər Ural liderlərini - Xantı-Mansi Muxtar Dairəsini (13,9% artım) və Çelyabinsk vilayətini (1% artım) xeyli geridə buraxmışdı. Bu artım əsasən Tobolskdakı ZapSibNeftexim neft-kimya kompleksinin aktiv fəaliyyəti ilə bağlı idi. Ukraynanın son əməliyyatlarında hansı zavodu vurduqları haqda dəqiq məlumat yoxdur Əgər vurulan müəssisə ZapSibNeftexim neft-kimya kompleksidirsə, Rusiya iqtisadiyyatına olduqca ağır zərbələr endirildiyi ortaya çıxır.
Vilayətdəki Antipinski Neft Emalı Zavodu da Rusiyanın ən iri istehsal müəssisələrindən biri kimi tanınır. Yenə rəsmi statistiyaya nəzər salsaq 5 il əvvəl bu müəssisə 667,8 milyard rubl dəyərində məhsul ixrac etmişdi.
Tümen həmçinin metallurgiya və plastik məmulatlarının istehsalı ilə də ad çıxarmış vilayətlərdəndir. 5 il bundan əvvəl Tümenin metallurqiya sənayesi 136%, rezin və plastik istehsalçıları isə 126,2% artım göstərmişlər. Polimer boru və fitinqlərin istehsalı da həmin dövrdə 1,5 dəfə artmışdır.
Müharibədən əvvəlki illərdə regionda ən azı dörd sənaye parkı açılmışdı: kiçik və orta emal zavodları üçün Borovski, iri istehsal müəssisələri üçün Bogandinsky, DSK-500 sənaye və logistika parkı və İşimski aqrosənaye parkı.
Tümen vilayətinin xarici ticarət dövriyyəsi, o cümlədən Avrasiya İqtisadi Birliyi (AAİB) ölkələri ilə qarşılıqlı ticarət, 2018-ci ilin ilk altı ayı ərzində 1,9 milyard dollar təşkil etmişdir.
Tümen məhsullarının ən böyük həcmlərini Hollandiya (ümumi ixracın 30,8%-i), Fransa, İsveç, Böyük Britaniya, Belçika, Polşa, Belarus Respublikası, Finlandiya, Almaniya, Qazaxıstan, Çin və Türkiyə alır. Ən böyük idxalçı ölkələr Almaniya, ABŞ, Çin və İtaliya idi.
Göründüyü kimi, Rusiyanın müasir iqtisadiyyatında Tümenin özünəməxsus yer var. Ukrayna bu bölgəni vurmaqla şimal qonşumuza çox önəmli mesajlar verir. Demək istəyir ki, bundan sonra sənin ən böyük istisadi müsəssisələrin mənim hədəflərim arasında olacaq.
Yeri gəlmişkən, Tümen Qərbi Sibirin ən önəmli şəhərlərindən biri kimi, qış və payız aylarında soyuqla ağır mübarizə aparan bölgələrdəndir. Bu vilayətdə qış aylarında tempratur ortalama -19 dərəcədə keçir. Bəzən soyuqların -30 dərəcəyə qədər qalxdığı da müşahidə olunur. Ukrayna əgər qış aylarında oranın istilik təchizatlarını sıradan çıxarsa, Tümen vilayəti yaşanmaz hala gələcək. Bu isə Rusiya üçün təkcə humanitar fəlakət deyil, həm də iqtisadi cəhətdən çöküş deməkdir”.
Xalidə Gəray
Musavat.com






