Strateji neft daşımalarının əsas marşrutlarından biri olan Omani körfəzində gəmilərin təhlükəsizliyini təhdid edən növbəti fövqəladə hadisə qeydə alınıb.
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman sahillərində, BƏƏ-nin Əl-Füceyrə şəhəri yaxınlığında neft tankeri ilə naməlum hərbi qüvvələr arasında insident baş verdiyini elan edib. Britaniya agentliyi bölgədə hərəkət edən digər ticari gəmilərə təcili xəbərdarlıq edərək, onları son dərəcə diqqətli olmağa və dəyişən operativ şəraiti nəzərə almağa çağırıb.
İnsidentin baş verdiyi su sahəsinin Hörmüz boğazına yaxınlığı və neft marşrutlarının kəsişməsində yerləşməsi beynəlxalq səviyyədə narahatlığı artırıb. Hazırda aidiyyəti hərbi qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb, lakin tankerin hansı ölkəyə məxsus olması, qarşıdurmaya cəlb olunan hərbi qüvvələrin kimliyi və gəmiyə dəyən mümkün zərərlər barədə rəsmi detallar hələlik ictimaiyyətə açıqlanmır.
Musavat.com






