Dünyada rəqəmsallaşma və süni intellektin sürətli inkişafı əmək bazarını və ali təhsil sistemini dəyişir. Bir sıra ənənəvi ixtisaslar aktuallığını itirir, onların yerini isə yeni texnologiyalarla bağlı peşələr tutur.
Beynəlxalq Təhsil və Ali Təhsil Mərkəzləri Birliyinin İdarə Heyətinin sədri Bəxtiyar Nəcəfovun Baku TV-yə dediklərinə görə, hazırda dünyanın müxtəlif ölkələrində ixtisas xəritəsi yenilənir.
"Çində bir sıra köhnəlmiş ixtisaslar bağlanır, onların əvəzinə data analitikası, süni intellekt, bərpaolunan enerji, kənd təsərrüfatı texnologiyaları, sualtı dronlar, müasir balıqçılıq texnologiyaları və süni intellekt psixologiyası kimi yeni ixtisaslar yaradılır", - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, Azərbaycanda da yeni ixtisasların açılması istiqamətində müəyyən addımlar atılır. Lakin proses kifayət qədər sürətli deyil və əsas problemlərdən biri mütəxəssis çatışmazlığıdır.
"Yeni ixtisas yaratmaq və onu universitetdə açmaq mümkündür. Ancaq həmin ixtisası tədris edəcək müəllim heyətimiz yoxdur. Dünyada da bu sahədə kadr çatışmazlığı müşahidə olunur. Fərq ondadır ki, digər ölkələrdə mütəxəssislər var, sadəcə, onların sayı azdır. Bizdə isə bəzi yeni sahələr üzrə kadr demək olar ki, yoxdur", - Bəxtiyar Nəcəfov vurğulayıb.
Onun fikrincə, mövcud professor-müəllim heyətinin uzunmüddətli təhsil proqramlarına cəlb edilməsi çətin olduğundan daha çevik üsullardan istifadə edilməlidir.
"Xaricdən mütəxəssislər dəvət etməklə yerli müəllimlər üçün 3 və 6 aylıq proqramlar təşkil etmək, onların biliklərini yeniləmək olar. Eyni zamanda xaricdə təhsil alan gənclərin yeni ixtisaslara yönləndirilməsi və təhsildən sonra ölkəyə qaytarılması vacibdir. Hazırda ən real həll yollarından biri budur", - ekspert bildirib.






