İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bankın iqtisadi artımla bağlı proqnozları... - Taleh Kazımov

934 19.11.2025 16:22 İqtisadiyyat A A

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edib.

Musavat.com xəbər verir ki, sədrin sözlərinə görə, ölkədə həyata keçirilən kompleks islahatlar milli iqtisadiyyatımızı gücləndirir və əhalinin sosial-iqtisadi rifahını daha da yüksəldir:

“Bütün bunlar nəticəsində Azərbaycan iqtisadiyyatı sabit, dayanıqlı və inklüziv inkişaf etməkdə davam edir”.

T.Kazımov qeyd edib ki, 2025-ci ildə qlobal iqtisadi mühit olduqca dəyişkən olub:

“Bu dövrdə qlobal ticarətdə qeyri-müəyyənliklər əhəmiyyətli dərəcədə yüksəlib. Cari ildə qlobal iqtisadi artım nisbətən zəifləyib və inflyasiya aşağı templərlə azalıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesabatına görə, qlobal iqtisadi artımın 2025-ci ildə 3.2%, 2026-cı ildə isə 3.1% olacağı proqnozlaşdırılıb.

Hesabatda qlobal inflyasiya proqnozu 2025-ci il üzrə 4.2% sabit saxlanılıb, 2026-cı ilə isə 0.1 faiz bəndi artırılaraq 3.7% müəyyən edilib. Ticarət tərəfdaşlarında illik inflyasiya ötən ilin sonunda 11% ilə müqayisədə cari ilin sentyabr ayında 8.2% təşkil edib. Həmçinin ABŞ dolları indeksi 10 ayda 8 faiz zəifləyib.

Yeni qlobal reallıqların formalaşdığı şəraitdə 2025-ci ilin 10 ayında ölkə iqtisadiyyatında artım davam edib. Bu dövrdə iqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olub.

2025-ci ilin yanvar-oktyabr aylarında ümumi daxili məhsul real ifadədə 1.3%, o cümlədən qeyri-neft-qaz sektorunda 3.1% artıb.

Qeyri-neft-qaz sektorunda artım əsasən informasiya və rabitə, turizm və tikinti sahələrinin artımından irəli gəlib”.

Taleh Kazımov qeyd edib ki, Mərkəzi Bankın iqtisadi artımla bağlı proqnozları nikbindir:

“Oktyabrda yenilənmiş proqnozlarımıza görə, ümumi ÜDM 2025-ci ildə 2.2%, 2026-cı ildə isə 2% artacaq. Qeyri-neft-qaz ÜDM 2025-ci ildə 3.7%, 2026-cı ildə isə 4.4% artacaq. 2025-ci ilin 10 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 2.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.

Xatırladaq ki, 2025-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 2.3 mlrd. ABŞ dolları və ya ÜDM-in 6.3%-ni təşkil edib.

Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, cari əməliyyatlar hesabının profisiti 2025-ci il üzrə 3.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 4.8%-i səviyyəsində olacaq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR